AZE ENG RUS
Xəbərlər

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları AHİK tərəfindən təltif edilib

16.06.2022

İyunun 15-də Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantlarının 2021/2022-ci tədris ili üzrə təntənəli buraxılış mərasimi keçirilib.

Əllinci buraxılış mərasimi münasibətilə keçirilən tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da nümayəndəsi iştirak ediblər.

Tədbirdə Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən professor, general-leytenant Heydər Piriyev çıxış edərək əlamətdar gün münasibətilə məzunları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin mütəxəssisi Afaq Yusifova çıxışında tədbir iştirakçılarını 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Liseyin 50-ci buraxılış məzunlarını, eləcə də tədris ilində yüksək nəticə göstərmiş kursantları təbrik edib, bütün kursantlara təhsillərində və gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. O, Azərbaycan həmkarlar ittifaqlarının Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alan gənc kursantların Vətənə ləyaqətli xidmətə ruhlandırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərməsindən, mədəni-kütləvi tədbirlərin həyata keçirməsindən danışıb.

Sonra AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə mədəni hamiliyə götürülmüş Liseydə Silahlı Qüvvələr Gününə həsr edilmiş “Azərbaycan əsgəri” bədii-qiraət, “Vətən mənə oğlu desə” inşa-yazı, tədrisdə yüksək nəticələr əldə etmiş “İlin ən yaxşı müəllimi” müsabiqələrinin, eləcə də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş hərbiləşdirilmiş idman yarışlarının qaliblərinə, həmçinin 2021/2022-ci tədris ilində Liseyin əla təhsil və qüsursuz xidmətlərə görə fərqlənən 27 kursantına AHİK-in diplom və qiymətli hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Liseyin komandanlığı tərəfindən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycanın dövlət müstəqilliyinin qorunması, Azərbaycan Respublikasının inkişafı naminə gördüyü işlərə, eləcə də Cəmşid Naxçıvanski adına hərbi liseydə kursantların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi fəaliyyətinə görə, Təşəkkürnamə ilə təltif edilib.

Tədbir sonunda hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa etdikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.