AZE ENG RUS
Xəbərlər

“Beynəlxalq Əmək Təşkilatı: 2030 Dayanıqlı İnkişaf Məqsədləri” adı altında layihənin yekunu olaraq konfrans keçirilmişdir.

02.05.2018

 

Mayın 1-2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Beynəlxalq Əmək Təşkilatı: 2030 Dayanıqlı İnkişaf Məqsədləri” adı altında layihənin yekunu olaraq 2 günlük konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan AHİK sədrinin birinci müavini İlyas Əliyev bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Dayanıqlı Sosial-İqtisadi İnkişaf naminə dayanıqlı əməyin təmin olunması istiqamətində tərəfdaşlarla qarşıda duran məsələləri müzakirə etmək və vəzifələrimizi müəyyənləşdirməkdir.

Dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və çox böyük uğurla həyata keçirdiyi mühüm prioritet məsələlərdən biridir. 

Azərbaycan BMT üzvü olan dövlətlərin 17 dayanıqlı  inkitşaf məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. Bu, ölkə iqtisadiyyatının hərtərəfli, şaxələndirilmiş şəkildə inkişafını nəzərdə tutur.Sədr müavini qeyd edib ki, müzakirə olunan bu mövzu ilə əlaqədar BƏT-lə bizim əməkdaşlığımız nəticəsində son bir ildə respublikamızda 400-dən çox həmkarlar ittifaqı fəalının iştirakı ilə 8 seminar və konfrans keçirilib. Ümumilikdə isə 2013-cü ildən BƏT-in dəstəyi, AHİK və üzv təşkilatlarının iştirakı ilə 1500 dinləyicini əhatə edən 28 tədbir keçirilib. Bu il isə 5 regionda (Şirvan, Kürdəmir, Masallı, Xaçmaz, Gəncə) keçirilən və 300-ə yaxın iştirakçını əhatə edən seminarların məqsədi də mövzunun daha geniş müzakirəsini təmin etmək idi.

Beynəlxalq Əmək Təşkilatı ilə birgə «Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı» sosial tərəfdaşlarımızın iştirakı ilə işlənib hazırlanıb və 2016-cı ilin sentyabrında qəbul edilib. Bu proqramın və ölkədə layiqli əməyin həyata keçirilməsində həmkarlar ittifaqlarının  rolu, vəzifələri, iştirakı və həyata keçirəcəkləri tədbirləri müəyyənləşdirmək məqsədilə AHİK-in İcraiyyə Komitəsi «Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı»nın həyata keçirilməsinə dair Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Konsepsiyası»nı qəbul edib. Konsepsiyada həmkarlar ittifaqlarının həyata keçirəcəyi tədbirlər və görəcəyi işlər 8 istiqamət üzrə müəyyənləşdirilib.

İ. Əliyev vurğulayıb ki, ölkədə dayanıqlı sosial-iqtisadi inkişafa dəstək vermək üçün sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyənləşdirmək, sosial-əmək münasibətlərini tənzimləmək, sosial stabilliyi qorumaq məqsədi ilə yaradılan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya hazırda uğurla fəaliyyət göstərir, burada da həlli vacib məsələlər müzakirə olunaraq, müvafiq qərarlar qəbul edilir.

Sonra AHİK-in zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbəsinin müdiri Çingiz Tağıyevin, yerli ekspert İlkin Nəzərovun çıxışları dinlənilib.Konfransda çıxışlar ətrafında müzakirələr aparılıb.

Seminarda "Kənd-Qida-İş" Hİ  Federasiyanın nümayəndələri iştirak etmişdilər.