AZE ENG RUS
Xəbərlər

Noyabr ayının 18-də "Kənd-Qida-İş" Hİ Federasiyasının növbəti VI Məclisi keçirilmişdir

18.11.2016

 

Məclisin gündəliyində sahə həmkarlar ittifaqı üzvlərinin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsi yönündə görülən işlər və qarşıda duran vəzifələr, təşkilatın 2016-cı il üzrə büdcəsinin yerinə yetirilməsinin vəziyyəti və 2017-ci il büdcə layihəsinin təsdiq edilməsi və digər məsələlər dururdu.
Məclisi Federasiyanın sədri Tofiq Quliyev açaraq demişdir ki, regionlarda geniş infrastruktur layihələrin həyata keçirilməsi, yeni müasir kənd təsərrüfatı və qida sənayesi müəssisələrinin işə salınması, yeni iş yerlərinin açılması nəticəsində əhalinin bölgələrdən axın dinamikası səngimişdir. Müasir, innovativ texnologiyalar tətbiq olunmuşdur. Pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin sürətli inkişafı üçün tədbirlər müəyyən edilmişdir. Kənd təsərrüfatı sahəsində institusional islahatların aparılması, yeni istehsal və emal müəssisələrinin yaradılması, əlavə iş yerlərinin açılması, təbii ki, sahə həmkarlar ittifaqının qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələr sırasında işçilərin həyat səviyyəsinin yüksəldilməsi, onların qanuni mənafelərinin qorunması, layiqli əmək və təhlükəsiz, sağlam iş şəraiti ilə təmin edilməsi önəmli yer tutur.
Gündəlikdə duran birinci məsələ barədə Federasiyanın sədr müavini Təhmasib Əliyev məruzə etdi. Məruzədə qeyd edildi ki, bu yaxınlarda ölkəmizin sosial - iqtisadi həyatında çox əhəmiyyətli olan, Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Layiqli Əmək üzrə Ölkə Proqramı və Azərbaycanda Sosial və İqtisadi Məsələlər üzrə Üştərəfli Komissiyanın yaradılması barədə sənəd imzalanmışdır.
Əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi, iş şəraitinin yaxşılaşdırılması, işəgötürənlərin işçilərlə əmək müqavilələri bağlanmasının təmin edilməsi baxımından həyata keçirilən tədbirlərdə sahə həmkarlar ittifaqı Federasiyası da yaxından iştirak edir.
Çoxsaylı üzvlərin hüquqlarının müdafiəsi, qanunvericilik əsasında sosial tərəfdaşlıq razılıqlarının əldə olunması istiqamətində mühüm addımlar atılmışdır.
Federasiya mütəmadi olaraq qanunvericiliyin verdiyi imkanlardan istifadə edərək sahəyə daxil olan təsərrüfat və icra hakimiyyəti orqanları ilə danışıqlar aparır. Sahənin sosial, iqtisadi inkişaf istiqamətlərini, peşə qruplarının, işçilərin əmək şəraitini, əməkhaqqı və sosial təminatlarını özündə əks etdirən sahə (tarif) kollektiv sazişlər bağlayır.
Sahə həmkarlar ittifaqı Federasiyası üzvlərinin hüquq və mənafelərinin qorunması, əmək və sosial-iqtisadi məsələlər üzrə qanunvericilik aktlarının işlənib hazırlanması, həmçinin qanunvericilik aktlarına, həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinə zidd olan normativ-hüquqi sənədlərə yenidən baxılarkən təkliflərin irəli sürülməsi istiqamətində müvafiq icra hakimiyyəti orqanları ilə səmərəli əməkdaşlıq edir.
Sahə həmkarlar ittifaqı təşkilatlanma, yeni yaradılan təsərrüfat subyektlərində ilk təşkilatların yaradılması, işçilərin həmkarlar ittifaqına cəlb edilməsi, müəssisələrdə əməyin təşkili və sosial-məişət problemlərinin həllinə səy göstərmişdir. Məqsədyönlü fəaliyyət gostərərək öz mövqeyini daha da möhkəmləndirmişdir. 
Məruzə ətrafında çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin HİK sədri H. Kazımov, "Azərsun Holdinq" Şirkətlər Qrupunun müəssisə HİK sədri K. Gözəlova, "European Tobacco-Baku" ASC-nin HİK sədri Z. Səfərov, Sahə Hİ Qazax rayon komitəsinin sədri F. Qocamanov və digərləri yeni şəraitdə işçilərin sosial mənafeləri və əmək hüquqlarının müdafiə edilməsi, istehsalatda müasir standartlara cavab verən iş yerlərinin yaradılması, işçilərin sağlamlığı və əməyinin mühafizəsi sahəsində qarşıda duran vəzifələrdən danışdılar.
Məclis müzakirə olunan məsələyə dair müvafiq qərar qəbul etdi. Sonra gündəlikdə duran II məsələ müzakirə edilərək təsdiq olundu. Məclisin sonundə Federasiyanın sədri Tofiq Quliyev idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verdi və 2016-cı ildə "Məhsul" KKİC Respublika Şurasının respublika və beynəlxalq yarışlarda nailiyyətlər qazanmış idmançılarına və onların məşqçi müəllimlərinə, eləcə də “Məhsul" KKİC Respublika Şurasının sədri Rasim Əliyevə Federasiyanın diplomunu və pul mükafatını təqdim etdi.