AZE ENG RUS
Xəbərlər

Qarşıya qoyduğumuz önəmli vəzifələr...

01.11.2016

 
 Ölkədə əhalinin sosial şəraitinin daha da yaxşılaşdırılması, infrastrukturun yeniləşdirilməsi, müasir müəssisələrin və yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi ölkəmizin uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına xidmət edir.
  Dünya ölkələrinin bir çoxunun neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar iqtisadi böhranla üzləşdiyi bir vaxtda, Azərbaycanda iqtisadi inkişafın neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının köklü inkişafını təmin etmək vəzifəsi qarşıya qoyulmuşdur. Məqsəd əhalini yerli ərzaq məhsulları ilə tam təmin etmək, kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması və bu məhsulların digər ölkələrə ixracına nail olmaqdır.
  Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş kənd təsərrüfatının inkişafı strategiyası onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi davam etdirilir, daxili bazarın və yerli istehsalçıların mənafeyinin qorunması istiqamətində önəmli addımlar atılır.
  Kənd təsərrüfatı istehsalçılarının, torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azad edilməsi, onlara güzəştli şərtlərlə kreditlərin, yanacağın və gübrələrin verilməsi, aqrolizinq xətti ilə müasir texnika və cins mal-qara ilə təmin edilməsi siyasəti uğurla davam etdirilir. 
  Regionlarda geniş infrastruktur layihələrin həyata keçirilməsi, yeni müasir kənd təsərrüfatı və qida sənayesi müəssisələrinin işə salınması, yeni iş yerlərinin açılması nəticəsində əhalinin bölgələrdən paytaxta, digər iri şəhərlərə axın dinamikası səngimiş, gənclərdə gələcək fəaliyyətini torpaqla, kənd təsərrüfatı ilə bağlamaq marağını artırmışdır.
  Son illər torpaqların meliorasiya, su təminatı ilə bağlı həyata keçirilən nəhəng layihələr, "Taxtakörpü", "Şəmkirçay" su anbarlarının və müvafiq infrastrukturun istismara verilməsi on min hektarlarla əlavə əkin sahəsinin dövriyyəyə buraxılmasına imkan yaratmışdır.
Qarşıya qoyulan hədəf müasir, innovativ texnologiyaların tətbiq edilməsi ilə bərabər, Azərbaycan üçün ənənəvi olan pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin sürətli inkişafına nail olmaqdır.
   Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin regionlara səfəri zamanı əminliklə səsləndirdiyi "Biz nəinki regionda, hətta dünya miqyasında kənd təsərrüfatı məhsulları ixrac edən çox önəmli ölkəyə çevriləçəyik" çağırışı ölkədə kənd təsərrüfatı üçün geniş perspektivlər açmaqla yanaşı, kənd təsərrüfatı və qida sənayesi sahəsində çalışan işçilər qarşısında məsul və şərəfli vəzifələr qoymuşdur.
   Kənd təsərrüfatı sahəsində institusional islahatların aparılması, yeni istehsal və emal müəssisələrinin yaradılması, əlavə iş yerlərinin açılması, təbii ki, sahə həmkarlar ittifaqının qarşısında mühüm vəzifələr qoyur. Bu gün "Kənd-Qida-İş" Hİ Federasiyası kənd təsərrüfatı, ərzaq istehsalı və müvafiq sahələrdə, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC, "Azərsun Holdinq" Şirkətlər Qrupu və bundan əlavə pambıqçılıq, tütünçülük, çayçılıq, ipəkçilik, şərabçılıq sahələrində, özəl müəssisələrdə çalışan 57 mindən yuxarı həmkarlar ittifaqı üzvünü özündə birləşdirir. Kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyətə başlayan yeni müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması artan dinamika ilə davam edir.
   Bu il Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı"nın qəbul edilməsi ilə bağlı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Azərbaycanda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması barədə sənəd imzalanmışdır. Bu sənəd ölkədə hər bir vətəndaşın layiqli əməyinin təminatı sahəsində mühüm addımlar atılmasına şərait yaratmışdır.
   Zəhmətkeşlərin həyat səviyyəsinin yüksəldilməsi, onların qanuni mənafelərinin qorunması, layiqli əmək və təhlükəsiz, sağlam iş şəraiti ilə təmin edilməsi qarşıya qoyduğumuz önəmli vəzifələrdəndir.
   İmkandan istifadə edərək sahə həmkarlar ittifaqı adından kənd təsərrüfatı sahəsində çalışan bütün işçiləri qarşıdan gələn 1 Noyabr -Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə ürəkdən təbrik edir, hər birinə cansağlığı, ailə səadəti, qarşıya qoyulmuş məsul və şərəfli vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıram!
TOFİQ Quliyev,
“Kənd-Qida-İş" Həmkarlar 
İttifaqı Federasiyasının sədri