AZE ENG RUS
Xəbərlər

"Kənd-Qida-İş" Həmkarlar İttifaqı Federasiyasının 5-ci Məclisi keçirilmişdir.

02.12.2015

   
Dekabrın 2-də   Məclisdə sahə həmkarlar ittifaqının müasir iqtisadi şəraitdə əməyin mühafizəsi sahəsində gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir. Tədbirdə Federasiyanın sədri Tofiq Quliyev giriş sözü söyləmişdir. 
  Məruzə ilə çıxış edən Federasiyanın sədr müavini Təhmasib Əliyev qeyd etmişdir ki, son illər ölkəmizdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları, uğurla reallaşdırılan böyük layihələr aqrar sektorun inkişafı istiqamətində atılan addımlar kənd təsərrüfatı emalı sahəsində çalışan işçilər üçün təhlükəsiz və sağlam iş yerlərinin yaradılmasını, yeni istehsalat mədəniyyətinin formalaşdırılmasını aktuallaşdırmışdır. Elə bunun nəticəsidir ki, son zamanlar əmək münasibətləri və əməyin mühafizəsi sahəsində yeni normativ-hüquqi aktlar qəbul edilmiş, qanunverici sənədlərdə çox mühüm dəyişikliklər edilmişdir.
Natiq daha sonra qeyd etmişdir ki, işçilərin sosial-iqtisadi hüquqlarının təminatı ilə bağlı işəgötürənlərlə aparılan ikitərəfli danışıqlar, sahə (tarif) sazişlərinin və kollektiv müqavilələrin bağlanması Federasiyanın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Sahə (tarif) sazişlərinin və kollektiv müqavilələrin layihələri hazırlanarkən müəssisə və təşkilatlardan, regionlardan verilmiş təkliflər nəzərə alınmış, bu sənədlərin ayrı-ayrı bölmələrinə və həmçinin əməyin mühafizəsi bölməsinə əvvəlki illərdən fərqli yeni bəndlər əlavə edilmişdir. Müvafiq tədbirlər planına uyğun olaraq sahə həmkarlar ittifaqının xidmətinə daxil olan müəssisə və təşkilatlarda, ayrı-ayrı bölgələrdə "Əməyin mühafizəsi sahəsində önləyici tədbirlər görülməsi mədəniyyətini birgə yüksəldək", "Ətraf mühiti qorumaq hər birimizin borcudur" mövzularında dəyirmi masalar, görüşlər və zona seminarları keçirilmişdir. Görülən işlər arasında əmək şəraitinin yaxşılaşdırılması, istehsalat mədəniyyətinin və estetikasının yüksəldilməsi, qabaqcıl iş təcrübəsinin yayılması məqsədinə yönəlmiş "Sağlam və təhlükəsiz əmək şəraiti yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" adı uğrunda keçirilən baxış-müsabiqələr xüsusi yer tutur.
   Müzakirə edilmiş məsələ ətrafında sahə Hİ Tovuz, İmişli rayon komitələrinin, "Azərsun Holdinq" Şirkətlər Qrupuna daxil olan "İntersun Menecment Kompani" MMC-nin, İsmayıllı rayonu Nikitin adına kolxozun HİK sədrləri, "Aqrolizinq" ASC-nin əməyin mühafizəsi üzrə baş mütəxəssisi və başqaları çıxış etmişlər. 
Sonra AHİK-in sədr müavini Cavanşir Alxasov çıxış etdi. Dedi ki, iş yerlərinin təhlükəsizliyi, işçilərin sağlamlığı AHİK-in daima diqqətindədir. Təkcə son illərdə AHİK sədri, millət vəkili cənab Səttar Mehbalıyevin təşəbbüsü və iştirakı ilə "Texniki təhlükəsizlik haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nda dəyişikliklər edilməsi barədə qanunlar qəbul edilmişdir.
  Qeyd etdi ki, əməyin mühafizəsi tədbirləri çərçivəsində işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta çox mühüm əhəmiyyətə malikdir. “İcbari sığorta haqqında” qanun həm dövlət, həm özəl sektorlarda işəgötürənlərin öhdəsinə böyük məsuliyyət və vəzifələr qoyur. Belə ki, işəgötürənlər əmək müqaviləsi ilə bərabər işçilərlə icbari sığorta müqaviləsinin də bağlanmasını təmin etməli, sığortaçıya müəyyən edilmiş məbləğdə sığorta haqqını da ödəməlidir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə bu fakt xüsusilə qeyd olunur və Azərbaycanın bu təcrübəsinin bir çox dövlətlərə nümunə olduğu göstərilir. Dövlət tərəfindən belə bir sənədin qəbul edilməsi zərərçəkənlərə güclü sosial müdafiə təminatı yaradacaq, işəgötürənlərin isə bədbəxt hadisələrin başvermə riskini azaltmağa marağını artıracaqdır.
  Məclisdə müzakirə edilən məsələ barədə müvafiq qərar qəbul edilmiş, daha sonra 2015-ci il üzrə həmkarlar ittifaqı büdcəsinin yerinə yetirilməsinin vəziyyətinə baxılmış və 2016-cı ilin büdcə layihəsi təsdiq olunmuşdur.
  Sonda "Məhsul" Kənd Könüllü İdman Cəmiyyəti Respublika Şurasının dünya və qitə çempionatlarında, birinciliklərində fəxri yerlər tutmuş yetirmələrinə - Zaur Nuriyevə (yunan-Roma güləşi), Zelfira Ələkbərliyə (sərbəst güləş), Raqnetta Qurbanzadəyə (sərbəst güləş), Aynur Camalovaya (sərbəst güləş), eləcə də onların məşqçi müəllimlərinə Federasiyanın diplomu və mükafatları təqdim edildi