AZE ENG RUS
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının Federasiyası arasında 2012-2014-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişi

                                                                                     
Azərbaycan Respublikası Əmək Məcəlləsinə, «Dövlət Qulluğu haqqında» Qanuna və əmək münasibətləri sahəsində digər qanunvericilik aktlarına müvafiq olaraq;
dövlətin minimum sosial təminatları ilə sahə işçilərinin bütün təbəqəsini əhatə etmək zərurətini nəzərə alaraq;
ikitərəfli məsləhətləşmələr zamanı əldə edilmiş razılaşmalara riayət olunmasını qəbul edərək;
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının Federasiyası sahə işçilərinin əmək, sosial-iqtisadi və digər hüquqlarının tənzimlənməsinin əsas prinsipləri üzrə 2012-2014-cü illər üçün tərəflərin razılaşdırılmış mövqelərini və digər fəaliyyətlərini müəyyən edən bu Sazişi bağlayırlar.
Bu Sazişə əlavə və dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı əsasında edilir.
Sazişi imzalamış Tərəflər onun qüvvədə olduğu müddətdə üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinə birtərəfli qaydada xitam verə bilməzlər. Yalnız bu Sazişin hər hansı bir müddəasına təsir edən yeni bir qanunvericilik və ya normativ akt qəbul edilərsə ona əlavə və dəyişikliklər ola bilər.
Sahə müəssisələrinin iqtisadi və maliyyə vəziyyətinin möhkəmləndirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi və sahə işçilərinin sosial-iqtisadi müdafiəsi üzrə digər tədbirlərin həyata keçirilməsi, onlara əlavə güzəşt və təminatların müəyyən olunması məqsədi ilə tərəflər birgə səy göstərməyi qarşılıqlı öhdəlik kimi qəbul edirlər.
                                                 

                                                   I. İqtisadi siyasət sahəsində

Tərəflər ilk növbədə aşağıdakı tədbirləri həyata keçirməyi öhdələrinə götürürlər:
1.1. Təsərrüfat subyektlərinin yeni struktur dəyişmələrinə və idarəetmə islahatlarına kömək edilməsini;
1.2. Əməyin təşkilinə, qabaqcıl əmək metodlarının təkmilləşdirilməsinə yardım göstərilməsi və yeni iş yerlərinin yaradılması üçün tədbirlər görülməsini;
          1.3. Mütərəqqi struktur dəyişikliklərin tezləşdirilməsinə, işçi qüvvəsinin yenidən bölüşdürülməsinin tənzimlənməsinə hüquqi yardım gösitərilməsini;
        1.4. Kollektiv müqavilə bağlamayan müəssisə və təşkilatların dövlət və bələdiyyə tərəfindən  keçirilən tenderlərdə (müsabiqələrdə) iştirakını  məhdudlaşdırmaq, bu tədbirlərə təqdim olunan  sənədlərin layihələrinə sosial xarakterli bölməni daxil etdirmək;        
1.5. Kollektiv üzvlərinin sosial müdafiəsini təmin etmək, işçilərin həyat səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə tərəflər fəaliyyətlərini sosial proqramların həllinə (mənzil tikintisi, sosial, mədəni, təhsil, istirahət və sairə) yönəldir, bu məqsədlə aidiyyatı orqanlar qarşısında tələblər qoymağı, onu müdafiə etməyi, bu sahədə Dövlət  Proqramlarının yerinə yetirilməsinə yardım göstərirlər.

                                    II.  Əməyin ödənilməsi, işçilərin gəlirləri və həyat səviyyəsi

2. İşçilərin gəlirlərinin formalaşmasında razılaşdırılmış siyasətin həyata keçirilməsi məqsədi ilə işəgötürənlər əməyin ödənilməsini və əmək münasibətlərini tənzim edən aktlara əlavə olaraq aşağıdakı öhdəlikləri götürür:
2.1. Maliyyələşmə mənbəyindən asılı olmayaraq bütün təşkilatlarda aylıq əmək haqqının vaxtında ödənilməsi üçün təminedici tədbirlər hazırlamaq;
2.2. İşçilərin tarif (vəzifə) Vahid-Tarif-Cədvəli üzrə ödəməyi və iqtisadi imkanları nəzərə alaraq əmək haqqı artımı məsələsinə baxmaq;
2.3. Büdcədən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərin Vahid-Tarif-Cədvəlinə əsasən əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsini davam etdirmək;
         2.4. Əmək haqqını ayda bir dəfədən gec olmamaq şərti ilə ödəməyi, işin səmərəliliyinin və keyfiyyətinin qaldırılmasında maddi maraq yaratmaq məqsədi ilə işçiləri aylıq və rüblük nəticələrə görə, eləcə də Dövlət bayramları münasibəti ilə həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla mükafatlandırmaq, onlara maddi yardım göstərmək;          
         2.5. Ölkə üzrə orta aylıq əməkhaqqı miqdarından az maaş alan Sahə  işçilərinin sayını əhəmiyyətli dərəcədə aşağı salmaq məqsədi ilə təsirli tədbirlər görmək;
        2.6. İşçiləri əmək müqaviləsi bağlamadan işə cəlb edən və onlara qeyri-rəsmi ödəniçlər verən işəgötürənlər  üzərində nəzarəti gücləndirmək;
2.7. Şəxsin dövlət sosial sığorta şəhadətnaməsi olmadan (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) əmək müqaviləsi (kontraktı) bağlayan işəgötürənlərə qarşı həmkarlar ittifaqlarının ictimai nəzarətini gücləndirmək;
2.8. Həmkarlar ittifaqı komitələri əməyin ödənilməsi sahəsində qanunvericiliyə düzgün riayət olunmasına nəzarət etməyi, struktur bölmə kollektivlərinin və ayrı-ayrı işçilərin tələb və təklifləri əsasında əməyin ödənilməsinin forma və sistemlərinin təkmilləşdirilməsi üçün tədbirlər görməyi, müvafiq orqanlar qarşısında məsələ qaldırmağı öhdəsinə götürür.

                            III. İşçilərin məşğulluğu, hazırlanması vəixtisaslarının artırılması

3. İşçilərin peşə hazırlığı səviyyəsinə, dəyişən iş şəraitinə uyğunlaşmaq qabiliyyətinə və yüksək əmək məhsuldarlığına olan tələğkarlığı nəzərə alaraq səmərəli məşğulluq siyasətini və əmək ehtiyatlarından hərtərəfli istifadə edilməsini həyata keçirmək məqsədi ilə işəgötürənlərə tövsiyyə olunur.
3.1. Sosial sahənin inkişafını, yeni texnika və texnologiyanın tətbiqini və işdən azad olunmuş işçilərin peşə ixtisas hazırlığını nəzərə almaqla məşğulluq sahəsində işin təşkilini və əlaqələndirilməsini təmin etmək;
3.2. Struktur dəyişiklikləri nəticəsində azad olunmuş işçilərin sosial müdafiəsini həll etmək, Azərbaycan Respublikasında «Əhalinin məşğulluğu haqqında» Qanuna müvafiq olaraq sosial yardımlar, sahənin boş iş yerləri olan müəssisələrində onların yerləşdirilməsinə köməklik göstərmək;                                                                                                       
3.3. İşəgötürənin təşəbbüsü ilə müəssisənin struktur bölmələrinin ləğv edilməsi istehsalın tamamilə dayandırılmasına, iş yerlərinin ixtisarına və ya əmək şəraitinin pisləşməsinə səbəb olarsa, belə tədbirlərin qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqa müvafiq həmkarlar ittifaqlarını azı 3 ay qabaqcadan xəbərdar etmək və işçilərin mənafeyinin gözlənilməsi barədə danışıqlıqlar aparmaqla həyata keçirmk;
3.4.  İşçilərin kütləvi şəkildə işdən azad edilməsi hallarında işdən çıxma müavinətinin məbləğini artırmaq, kəskin ehtiyacı olanlara maddi yardımın verilməsi üçün əlavə  sosial təminatları təyin etmək;
3.5.   İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin siyahısına pensiyaya çıxmağa  bir il qalmış, anadan olandan və ya uşaqlıqdan əlil uşaqları olan işçiləri daxil etmək;
3.6.  İşdən azad olunan peşəkar işçilərin sahənin digər müəssisələrində işə düzəlməsinə yardım göstərmək;
3.7. Əmək bazarının  tələblərinə uyğun olaraq kadr hazirlığının proqnozlaşdırılması sisteminin yaradılmasına dair zəruri tədbirlər görmək;
        3.8. Mövcud iş yerlərinin saxlanmasını və layiqli yeni iş yerlərinin yaradılmasını təmin edən işəgötürənlər üçün həvəsləndirici tədbirlər görmək, həmin müəssələri Respublıika Sahə Baxış müsabiqələrinə təqdim etmək;
3.9.Əmək qanunvericiliynin tələblərinə riayət oluması üzərində nəzarəti      gücləndirmək;
3.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olmayan qeyri-qanuni, müddətli əmək müqavilələrinin bağlanmasına yol verməmək.


                           IV. Gender bərabərliyi siyasətinin həyata keçirilməsi sahəsində.

4.  İş yerlərində gender bərabərliyinin gözlənilməsi,cinsindən asılı olmayaraq bütün işçilərə təhlükəsiz əmək və sağlam iş şəraitinin və faydalı işləmələri üçün bərabər imkanların yaradılmasına dair öhdəlikləri:
4.1.  Müəssisə və təşkilatlarda işçilərin (kişi və qadınların) rəhbər vəzifələrə irəli çəkilməsi prosesinin şəffaf keçirilməsini təmin etmək;
4.2.  İş yerləri üzrə qadınlara bərabər hüquq və onlar üçün nəzərdə tutulan təminatlar sistemindən istifadə edilməsi üçün şərait yaratmaq;
4.3.  Ölkə qanunvericiliyi ilə qadınlar üçün doğuşa və uşağa qulluq etməyə görə nəzərdə tutulan imtiyazlara nisbətən işləyən qadınlara əlavə  imtiyazların verilməsini, ehtiyac olduqda anaya müəyyən edilmiş günlər həcmində öz hesabına əlavə məzuniyyət verilməsini nəzərdə tutmaq;
4.4. Həmkarlar ittifaqlarının bütün səlahiyyətli orqanlarında gender bərabərliyi və qadın problemləri ilə məşğul olan komissiyaların yaradılmasına və ya bu məsələlərlə məşğul olan məsul şəxsin müəyyən edilməsinə və onların fəaliyyət göstərmələrinə şərait yaratmaq;
4.5.  İşçilərin yaxın qohumu (valideyni, həyat yoldaşı, uşağı və s.) vəfat etdikdə işçiyə əmək haqqı ödənilməklə bir neçə gün işə çıxmamasına icazə vermək;
4.6.  15 yaşadək əlil uşağı olan ailədə ananın işləyib-işləməməsindən asılı olmayaraq ataya yazılı ərizəsi əsasında, ildə bir dəfə, müəyyən edilmiş müddətdə ödənişsiz məzuniyyət vermək;
4.7. Ölkə qanunvericiliyi ilə qadınlara doğuşa və uşağa qulluq etməyə görə nəzərdə tutulan imtiyazlara nisbətən işləyən qadınlara əlavə güzəştlər və imtiyazların verilməsi;
4.8.  Ailədə uşağın doğulduğu ilk günlərdə ataya əmək haqqı ödənilməklə bir həftə (5 iş günü) işə çıxmamasına icazə vermək;
4.9.  Azyaşlı (15 yaşa çatmamış) uşaqları olan işləyən kişilərə növbəti məzuniyyəti bir qayda olaraq ailənin tələbatı nəzərə alınmaqla vermək;                                                                                                                 
4.10.  Kollektiv müqavilələrdə müəssisələrin iqtisadi imkanları nəzərə alınmaqla qanunvericilikdə nəzərdə tutulduğundan əlavə ödənişli və ödənişsiz məzuniyyətlər nəzərdə tutula bilər.
4.11.  Müəssisə və təşkilatlarda iş və istirahət vaxtı barədə normalara riayət olunmasına və işçilərin məzuniyyət hüququndan istifadə edilməsinə həmkarlar ittifaqı komitəsi nəzarət edir.

                    V.Zəhmətkeşlərin sağlamlığının və tibbi xidmətinin yaxşılaşdırılması sahəsində.

5.  Sahənin müəssisə və təşkilatlarında çalışan əməkçilərin sağlamlığının mühafizəsi, onlar üçün sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, ixtisaslaşdırılmış və keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədi ilə həmkarlar ittifaqları aşağıda qeyd edilən tədbirlərin kollektiv müqavilələrə daxil edilməsinə çalışmalıdırlar:
5.1.  İşçilərin uzun müddətli ağır, xroniki xəstəlikləri və keçirilmiş cərrahi əməliyyatları ilə əlaqədar müəssisə və təşkilatın hesabından onlara, konkret məbləğ göstərilməklə, vəsait ayırmaq;
5.2.  İşçilərin övladları (15 yaşa qədər) uzun sürən ağır xəstəliklərə düçar olarsa, onlara müəssisə və təşkilatın vəsaiti hesabına maddi - yardım göstərmək;
5.3.  Müəssisə və təşkilatlarda ağır və zərərli iş şəraitində çalışan hamilə qadınlara 11-12 həftəlik hamiləlik müddətində, əmək haqqı saxlanılmaqla, məzuniyyət vermək;
5.4.  Müəssisə və təşkilatlarda çalışan qadınların sağlamlığını mühafizə etmək məqsədi ilə:
-  iş rejimini düzgün təşkil etmək, əlavə məzuniyyətlər və qısaldılmış iş günləri vermək;
-  hamilə və yaş yarımadək uşaqları olan qadınların nisbətən yüngül işə keçirilməsini təmin etmək;
5.5.  Hamilə qadının ailə üzvlərinin adambaşına düşən aylıq gəliri minimum istehlak səbətindən az olarsa, həmin qadının işlədiyi müəssisə və təşkilatın hesabına istehlak səbəti ilə aylıq gəlirin fərqi qədər müvafiq vəsait ayırmaq;
        5.6. Uşaq əməyinin, məcburi əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarin icrası ilə bağlı monitorinqləri təşkil etmək;
              5.7.”İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun icrasına nəzarəti gücləndirmək;
5.8.Qanunvericiliyə uyğun olaraq işəgötürən tərəfindən işçilərin əlavə sığortalanması üçün əməli tədbirlər görmək;       
5.9.  Dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi ilə əlaqədar müəssisə və təşkilatlar tərəfindən köçürülən sığorta haqlarının vaxtında və tam həcmdə köçürülməsini təmin etmək;

                              VI.  Əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik

6. Sahənin işəgötürənlərinin təhlükəsiz əmək şəraiti yaradılması və işçilərin sağlamlığının mühafizəsi sahəsində öhdəlikləri:
6.1. Hər il əmək şəraitinin, istehsalatda baş vermiş zədələnmələrin, peşə və ümumi xəstəliklərin səbəbini araşdırmaq və bunun əsasında istehsalat xəstəliklərinin azaldılması, əməyin təhlükəsizliyini təmin edən profilaktiki tədbirlər planı hazırlamaq;                                                                                                              
6.2. Səhiyyə orqanları tərəfindən müəyyən edilmiş qaydaya müvafiq olaraq bir sıra istehsalat və peşə xəstəliklərinə tutulmaqdan sığorta etmək;
6.3. Zərərli əmək şəraitində çalışan işçilərin siyahısına uyğun olaraq onlar üçün müvafiq güzəştlər nəzərdə tutmaq;
6.4. İş yerlərində gender bərabərliyinin gözlənilməsi, cinsindən asılı olmayaraq bütün işçilərə təhlükəsiz və sağlam iş şəraitinin və faydalı işləmələri üçün bərabər imkanlar yaratmaq;  
6.5. Əməyin mühafizəsi üzrə tədbirlərin maliyyələşdirilməsi mənbəyini nəzərdə tutmaq və smetasını təsdiq etmək;
6.6. İşçilərə qüvvədə olan normalara uyğun olaraq xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri vermək, onların lazımı qaydada saxlanmasını və profilaktikasını təmin etmək;
6.7. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq zərərli və ağır əmək şəraitində çalışan işçilərə əlavə məzuniyyət, qısaldılmış iş günü, müalicə-profilaktik yeməklər süd və ona bərabər tutulan digər məhsullar vermək;
6.8. İş yerlərində əmək mühafizəsi qaydalarının tələblərinə uyğun olaraq mikroiqlimi, normal isitməni, təbii və süni işıqlanmanı təmin etmək;
6.9. Ekoloji tarazlığı qoruyub saxlamaq məqsədi ilə müəssisələrdən ətraf aləmə atılan tullantıların həcmini minimuma endirmək;
 6.10.Mövcud qanunvericiliyə uyğun olaraq istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şikəst olmuş, ölümlə nəticələnmiş və ya işçinin səhhətinə vurulmuş zərərin əvəzini nəzərdə tutulmuş qaydada və miqdarda, habelə müalicə-sağlamlıq müəssisələrində müalicənin dəyərini tam ödəmək;
6.11. İşəgötürənlər və həmkarlar ittifaqı komitələri işçilərdə zədəsiz və qəzasız işləməyə maddi maraq yaratmaq məqsədi ilə maddi həvəsləndirməyə vəsait ayırmağı, əmək mühafizəsi üzrə əyani vasitələrlə təmin etməyi, təhlükəsizlik texnikası  qaydalarını pozanları əmək kollektivinin müzakirəsinə çıxarmağı, onları intizam və maddi məsuliyyətə cəlb etməyi öhdələrinə götürürlər.
6.12.Əməyin mühafizəsi üztə mütəxəssislərin hazırlanması, ixtisaslarının artırilması, təcrübə mübadiləsinin aparılması işlərini davam etdirmək;
 6.13.Qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərin ilkin və dövrü tibbi müayinədən keçirilməsini təmin etmək və bu istiqamətdə nəzarəti gücləndirmək;
 6.14. Əməyin mühafizəsi ilə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanması və qəbul edilməsində birgə fəaliyyəti davam etdirmək;
 6.15. Havanın temperaturu azı 41 dərəcə Selsidın çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyən işçilərə fasilələrin verilməsinə və işin dayandırilmasına nəzarəti gücləndirmək;        
6.16. Uşaq və yeniyetmələrin (15-18 yaşlarda) əməyindən istifadə olunduqda onların həyat və səhhətinə mənfi təsir göstərən  sahələrdə işləməsinə yol verirlmir.                                                                                                                
                        
                                                   VII.  Sosial təminatlar və güzəştlər

7. Sahə işəgötürənlərinə və həmkarlar ittifaqı komitələrinə kollektiv müqavilələrə daxil etmək üçün aşağıdakı öhdəlikləri götürmək tövsiyə olunur:
7.1. İşçi əmək stajına görə pensiyaya çıxdıqda iş starjından asılı olaraq ona birdəfəlik maddi yardım göstərmək;
7.2. Müəssisədən hərbi xidmətə çağırılmış və hərbi xidməti qurtardıqdan sonra həmin müəssisəyə qayıtmış işçilərə aylıq əmək haqqı miqdarında müavinət vermək;
7.3. Əmək kollektivlərinin qərarı ilə müəssisənin vəsaiti hesabına müharibə iştirakçılarına, həlak olmuş hərbi qulluqçuların ailələrinə, istehsalatda həlak olmuş işçilərin ailələrinə, əlillərə, pensiyaçılara müxtəlif növ sosial yardımlar göstərmək;                                                                                                                  
7.4. Zərərli və ağır əmək şəraiti kateqoriyasına aid olan iş yerlərinin attestasiyasını keçirmək;
7.5. Müəssisənin vəsaiti hesabına daha təhlükəli peşə işçilərini istehsalatda bədbəxt hadisələrdən sığorta etmək;
7.6. Uşaqların və yeniyetmələrin məktəb tətilləri zamanı sağlamlıq düşərgələrində istirahətinin təşkili ilə əlaqədar müvafiq fondlardan vəsait ayırmaq;
7.7. Aztəminatlı ailələrin uşaqlarına məktəbli paltarı və dərs ləvazimatı almaq üçün dərs ilinin əvvəllərində yardım göstərmək;
7.8.  Qanunvericilikdə nəzərdə tutulanlara nisbətən işçilərə əmək və sosial məişət güzəştləri, istehsalatda bədbəxt hadisələrlə əlaqədar əməkçilərə və onların ailə üzvlərinə əlavə ödənişlər vermək;

                          VIII. Sosial tərəfdaşlıq və tərəflərin fəaliyyətinin əlaqələndirilməsi

8. Tərəflər sosial tərəfdaşlıq sahəsində aşağıdakı məsələlərin həllinə köməklik etməyi qəbul edirlər:
8.1. Kollektiv müqavilələrin bağlanması üzrə danışıqların aparılmasına işəgötürənlərin daha fəal cəlb olunmasına;
8.2. Komitənin tabeliyində olan bütün müəssisələrdə  sosial əmək münasibətlərinin sosial tərəfdaşlıq prinsipləri əsasında tənzimlənməsinə;
8.3. Kollektiv müqavilələrin bağlanmasına və onun şərtlərinin yerinə yetirilməsinə;
 8.4. Komitənin tabeliyində olan müəssisələrdə  həmkarlar ittifaqı təşkilatlarının yaradılmasında, işçilərin sosial əmək münasibətlərinin tənzimlənməsində Sahə həmkarlar ittifaqı Federasiyası kollektiv danışıqlar aparmaq üstünlüyünə malikdir.
8.5. Həmkarlar ittifaqı üzvlərinin əmək haqqlarından üzvlük haqlarının mühasibatlıq vasitəsi ilə cədvəl üzrə tutulmasına və həmkarlar ittifaqının müvafiq hesablaşma hesabına köçürülməsinə;
8.6. Üzvlük haqlarının işçilərin əmək haqqının tərkib hissəsi olduğunu nəzərə alaraq, tutulmuş üzvlük haqqlarının əmək haqları verilən aydan gec olmayaraq  tam həcmdə köçürülməsinin təmin olunmasına;      
8.7.Komitənin və Federasiyanın keçirtdiyi tədbirlərdə  tərəflərin nümayəndələrinin  birgə iştirakının  təmin edilməsinə;
8.8. Seçkili orqanlara seçilməsi ilə əlaqədar vəzifələrini icra etmək üçün Hİ komitəsinin sədrlərinə və üzvlərinə ödənişli iş günlərinin ayrılmasına;        
8.9. Məşğulluq, işə qəbul, əmək haqqı, əməyin mühafizəsi məsəlləri üzrə kollektiv müqavilənin hazırlanıb bağlanmasına dair lazım olan sənədlərin və məlumatların vaxtında həmkarlar ittifaqı komitəsinə verilməsinə;      
8.10.Tərəflər razılaşırlar ki, müəssisədə  (səhmdar cəmiyyətdə) muzdlu işçilərin iştirakı müəssisələrin idarəetmə orqanlarının üzvlərinin üçdə bir hissəsi əmək kollektivi tərəfindən seçilir və seçilmiş nümayəndələr məşvərət səsvermə hüququ ilə idarə heyətinin, direktorlar şurasının iclaslarında iştirak edirlər.
8.11.Tərəflər sosial-iqtisadi və əmək münasibətləri sahəsində yaranan kollektiv əmək mübahisələrinin (münaqişələrin) tənzimlənməsi üçün onlardan asılı olan bütün zəruri tədbirləri həyata keçirir, bu sahədə infrastrukturun təkmilləşdirilməsini və birgə əməkdaşlığı təşkil edirlər.
8.12Komitənin  tabeliyində olan müəssisə və təşkilatlarda  yaradılan  həmkarlar ittifaqı təşkilatları aidiyyəti üzrə Sahə həmkarlar ittifaqının xidmətinə daxildir.
 8.13.Danışıqlarda, iclaslarda və yaxud həmkarlar ittifaqı təşkilatlarının tədbirlərində iştirak edən həmkarlar ititfaqı fəallarının həmin günlər üçün orta əmək haqqının (hər bir nəfər üçün ayda 2 gündən çox olmayaraq) saxlanmasına;
8.14. Həmkarlar ittifaqı komitəsinin fəaliyyəti üçün lazım olan avadanlıqların, rabitənin, otaqların əvəzsiz olaraq verilməsinə və onların müəssisənin vəsaiti hesabına vaxtaşırı təmirinin aparılmasına;                                                                                                                                            
8.15. Tərəflər kollektiv müqavilələrlə müəyyən edilmiş məqsədlər üçün müəssisə və təşkilatlarda işləyən həmkarlar ittifaqı üzvlərinin əmək haqqı fondunun ən azı 0,15 faiz həcmində vəsaitin həmkarlar ititfaqlarına ayırmalar edilməsini tövsiyə edirlər.
8.16. Hər bir tərəf qəbul olunmuş öhdəliklərin icrasını təmin edən tədbirləri hazırlayır və həyata keçirir.
8.17. Kollektiv Sazişin icrasına nəzarəti Tərəflərin müvafiq komissiyaları həyata keçirir və nəticələri ilin yekununa görə ümumi iclasda müzakirə edilir.
8.18. Bu Sahə (tarif) Kollektiv Sazişi yeni Saziş bağlanılanadək qüvvədədir.
8.19. Tərəflər sosial-iqtisadi və əmək münasibətləri sahəsində yaranan kollektiv əmək mübahisələrinin (münaqişələrin) tənzimlənməsi üçün onlardan asılı olan bütün zəruri tədbirləri həyata keçirirlər.
8.20. Bu Sahə (tarif) Kollektiv Sazişi tərəflər imzaladığı gündən qüvvəyə minir və 2012-2014-cü  illər üçün nəzərdə tutulmuşdur.