Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin təşəbbüsü, ADAU Həmkarlar ittifaqı və tələbə həmkarlar ittifaqı komitələrinin dəstəyi ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin universitetdəki büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Sonra xalqımızın Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Konfransda çıxış edən universitetin rektoru Zəfər Qurbanov dahi şəxsiyyət Heydər Əliyevin kənd təsərrüfatı üzrə mütəxəssislərin hazırlanması, aqrar təhsilin inkişafı və bu sahənin elmi əsaslarla qurulması istiqamətində gördüyü mühüm işlərdən danışıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Məmməd Həsənov Ulu Öndər Heydər Əliyevin kənd təsərrüfatı sisteminin qurulması və inkişafında xidmətlərindən bəhs edib, aqrar, ekologiya və su təsərrüfatını prioritet sahələrdən biri kimi müəyyən etdiyini vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri Fuad Əliyev, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Fuad Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Azər Quliyev çıxışlarında Ümummilli Liderin ölkəmizdə kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğısından danışıblar.
Sonda təhsil göstəricilərinə görə fərqlənən ADAU-nun 20 tələbəsi Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi tərəfindən mükafatlandırılıb.