Bərdə rayonunda Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin işçisi Niftalıyev Novruz Yelmar oğlunun iş vaxtı elektrik cərəyanı vurması nəticəsində ölümü ilə nəticələnən bədbəxt hadisə baş vermişdir.
Baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin №3-17-5/3-2-577/2024 nömrəli 10 sentyabr 2024-cü il tarixli əmri ilə Təhqiqat Komissiyası yaradılmışdır.
Komissiya “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq baş vermiş bədbəxt hadisənin təhqiqat işinə başlamışdır.
Komissiyanın tərkibində “Kənd-Qida-İş” Hİ Federasiyanın Baş texniki əmək müfəttişi də üzv olaraq iştirak etmişdir. Komissiya üzvləri ilə birlikdə yaranmış hadisənin baş vermə səbəbləri araşdırılmışdır.
Bundan əlavə Həmkarlar İttifaqı Komitəsinin iştirakı ilə zərərçəkənin həyat yoldaşı Niftalıyeva Sevinc Saday qızı Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində işlə təmin olunmuş, müəssisə tərəfindən mərhumun yas mərasimi təşkil olunmuş və maddi yardımlar göstərilmişdir. "Kənd-Qida-İş" Həmkarlar İttifaqı Federasiyası tərəfindən də mərhumun ailəsinə 300 manat maddi yardım olunmuşdur.
Komissiya üzvləri zərərçəkənin ailə üzvləri ilə görüşmüş və onlara sosial hüquqlarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada izah etmişdir.
Baş vermiş hadisənin şəraiti və səbəbləri araşdırılmış, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlar verilmiş, gələcəkdə oxşar hadisələrin təkrarlanmaması üçün əməli tədbirlər görülmüşdür.