Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “Son illər pensiya təminatı sistemində aparılmış islahatlar və qarşıda duran hədəflər” mövzusunda maarifləndirici tədbir keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) və onun tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları tərəfindən təşkil olunan tədbir “2023-2025-ci illər üçün Baş Kollektiv Saziş”in tələblərindən irəli gələrək pensiya qanunvericiliyində edilmiş dəyişikliklərə dair məlumat kampaniyasını davam etdirmək, həmkarlar ittifaqı fəallarını yeniliklərlə məlumatlandırmaq məqsədi daşıyıb. Giriş sözü ilə çıxış edən AHİK sədrinin müavini Aqil Dadaşov tədbirin əhəmiyyətindən və mövzunun aktuallığından danışıb. ƏƏSMN-in Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov pensiya qanunvericiliyində son illərdə aparılmış dəyişikliklər və onun mahiyyəti, bu istiqamətdə həyata keçirilmiş islahatların əsas hədəfləri və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib, həmçinin kişilərin və qadınların pensiyaya çıxma yaşının unifikasiyasından, pensiyaya çıxma şərtlərindən, ailə başçısını itirməyə görə əmək pensiyasından söz açıb. Sonra Nazirliyin əməkdaşları mövzuya dair iştirakçıların suallarını cavablandırıb, rəy və təkliflər dinlənilib. Mənbə AHİK