"Həmkarlar ittifaqları ölkədə sosial ədalətin bərpası və işçilərin hüquqlarının müdafiəsi istiqamətində böyük rol oynayır."

Ümummilli lider : Heydər Əliyev

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi
İşçiləri Həmkarlar İttifaqı Federasiyası

"Həmkarlar ittifaqları əməkdaşların hüquqlarını qoruyan, onların sosial müdafiəsini təmin edən vacib bir təşkilatdır."

Azərbaycan Respublikasının Prezidenti : İlham Əliyev

AHİK-də Müstəqilliyin bərpası günü münasibəti ilə tədbir keçirilib


Post Image

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə AHİK-in rəhbərliyi və kollektivi, üzv təşkilatların sədrləri və məsul əməkdaşları, həmçinin KİV nümayəndələri iştirak ediblər.

Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək Azərbaycanın dövlətçilik ənənələrindən, xalqımızın işğalçılara qarşı tarixən apardığı azadlıq mübarizələrindən, Ulu Öndər Heydər Əliyevin dövlətimizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, Azərbaycan 5 min illik dövlətçilik ənənələrinə sahibdir: “Böyük Ermənistan” xülyasını ortaya atan ermənilər hesab edirlər ki, guya onların böyük dövlətləri olub, bu torpaqlarda qədimdən yaşayıblar. Bu iddiaların hamısı fantaziyadır. Ona görə ki, ermənilər bura sonradan köçürülüb, bu ərazilərlə bağlı onların tarixi 19-cu əsrdən o tərəfə getmir. Bugünkü Ermənistanın başqa dövlətlər tərəfindən, özü də Azərbaycan torpaqlarında yaradıldığı hamıya məlumdur. Odur ki, Ermənistanın öz boyundan hündürə tullanmaq cəhdi faydasızdır. Çünki Ermənistandan fərqli olaraq bizim dövləti 5 min illik dövlətçilik təcrübəsi olan Azərbaycan xalqı yaradıb və tam müstəqil şəraitdə yaşayır”.

AHİK sədri qeyd edib ki, şərqdə ilk demokratik respublikanı da 1918-ci ildə bizim xalqımız yaradıb: “Həmin vaxt dünyanın bir çox yerlərində, o cümlədən Avropanın bəzi ölkələrində istibdad hökm sürürdü, totalitar siyasi rejimlər hakim idi. Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verdi, irqi, milli, dini bərabərsizliyi aradan qaldırdı, qadınlara seçki hüququ verildi”.

“Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində gördüyü strateji işlərin əsasını müstəqil yaşamağı bacaran, özünü hərtərəfli təmin edə bilən Azərbaycana nail olmaq təşkil edirdi. Bununla o, müstəqilliyə gedən yolun təməlini qoymuş oldu. 1990-cı ildə Heydər Əliyevin sədrliyi ilə Naxçıvan parlamenti Muxtar Respublikanın adından “Sovet Sosialist” sözlərini yığışdırdı, ilk dəfə üçrəngli bayrağımız qaldırıldı. Bu, o dövr üçün son dərəcə cəsarətli addım idi. 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı müstəqilliyini bərpa etdi. Amma müstəqilliyin ilk illəri dövlətimiz üçün o qədərdə uğurlu olmadı, ölkənin ictimai-siyasi həyatında ağır böhran hökm sürürdü. Müstəqilliyimiz itirmək təhlükəsi yaranmışdı. Xalqın təkidli tələbi ilə təcrübəli siyasətçi Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu”, – Milli Məclisin deputatı vurğulayıb.

Onun sözlərinə görə, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq misilsiz islahatlar həyata keçirir, ölkəmiz hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır.

Konfederasiya sədri əlavə edib ki, biz müzəffər xalqıq, bizim müstəqil və qalib dövlətimiz var, ölkəmizin bütün ərazisində dövlətimizin suverenliyi tam təmin olunub: “Artıq üçrəngli bayrağımız Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda, Xocalıda dalğalanır. Dövlətimizin başçısı cənab İlham Əliyevə bu misilsiz xidmətlərinə görə, sonsuz təşəkkürlər edirik”.

Həmçinin tədbirdə çıxış edən Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Musa Mirzəyev, Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov və Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Vaqif Bədəlov çıxış edərək Azərbaycanın müstəqillik tarixindən, Ulu Öndərin xilaskarlıq missiyasından, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin daha da möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən danışıblar.

Mənbə AHİK

19.10.2023  [ 13:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024