Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşkilatçılığı və bir çox özəl qurumların dəstəyi ilə martın 12-14-də Bakı Ekspo Mərkəzində ilk dəfə olaraq Bakı Su Həftəsi sərgisi keçirilir.
Dünyada mühüm və prioritet sahələrdən biri olan su təsərrüfatı üzrə Beynəlxalq Su Təsərrüfatı Sərgisində ən müasir texnoloji avadanlıqlar nümayiş etdirilir. Tədbir öz işinə elmi texniki konfransla başlamışdır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov öz nitqində bildirmişdir ki, ölkəmizdə belə bir tədbirin təşkili təqdirəlayiq haldır. Qeyd edib ki, bu tədbir mütəxəssislərə, hökumət təşkilatlarına və biznes sektoruna bilik və təcrübə mübadiləsi, yeni ideyaları araşdırmaq və su ilə bağlı problemlərin həlli üçün innovativ üsullar tapmaq imkanı yaradacaq. Onun sözlərinə görə, su təsərrüfatı sahəsində beynəlxalq tədbirin keçirilməsi Azərbaycanda bu sektora yeni texnologiyaların tətbiqinə zəmin yaradacaq, həmçinin yerli və xarici şirkətlər arasında əməkdaşlığın daha da genişlənməsi ilə yadda qalacaq.
Bakı Su Həftəsinin təşkil edilməsində isə məqsəd Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkəyə yeni texnologiya, avadanlıq və investisiyaların cəlb edilməsi, eləcə də Qarabağın bərpası və yenidən qurulması yönündə içməli su təminatının gücləndirilməsi, bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsidir.
Bakı Su Həftəsində 16 ölkədən 100-ə yaxın şirkət iştirak edir. İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Azərbaycanla yanaşı, Türkiyə ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İsveçrə, Avstraliya, Belarus, Gürcüstan, İsrail, Qazaxıstan, və Rusiya daxildir.
Kənd-Qida-İş Həmkarlar İttifaqı Federasiyasının sədri və məsul işçiləri də sərginin işində iştirak etmişdir, dünyanın qabaqcıl ölkələrinin bu sahədə ən müasir texnologiya və avadanlıqları ilə tanış olmuşdur.Sərgi iştirakçıları ilə fikir mübadiləsi aparılmışdır.