Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

"Kənd-Qida-İş" Həmkarlar İttifaqı Federasiyası tərəfindən 10 may 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə "Heydər Əliyev və aqrar islahatlar" mövzusunda tədbir keçirilib.

10.05.2023

"Kənd-Qida-İş" Həmkarlar İttifaqı Federasiyası tərəfindən 10 may 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə  "Heydər Əliyev və aqrar islahatlar" mövzusunda tədbir keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı, aqrar islahatları haqqında video-çarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Federasiyanın sədr müavini Təhmasib Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi H.Əliyevin xalqına, dövlətinə həsr etdiyi ömür yolundan, vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs edib, Ulu Öndərin həm SSRİ dönəmində, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi illərin ölkəmizin tarixinə yüksəliş və inkişaf dövrü kimi yazıldığını bildirib.

O, qeyd edib ki, Azərbaycan xalqı 90-cı illərdə, yeni dövrə məhz H.Əliyev zəkasının işığında qədəm qoyub. Məhz onun qətiyyəti, fədakarlığı və yorulmaz səyləri nəticəsində ölkədə  dövlət idarəçiliyi mexanizmi qurulub, nizami ordu yaradılıb və genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial mədəni və aqrar islahatlar həyata keçirilib.

Ümummilli Liderin ən böyük arzusunun Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olduğunu deyən Sədr müavini onun bu müqəddəs vəsiyyətini layiqli siyasi varisi, Ali Baş Komandan İlham Əliyevin uğurla yerinə yetirdiyini, ərazi bütövlüyümüzün təmin edildiyini, üçrəngli bayrağımızın yenidən Vətən torpaqlarında, Qarabağın tacı olan Şuşada qürurla dalğalandığını diqqətə çatdırıb.

O, bildirib ki, bu gün H.Əliyevin ideyalarını uğurla həyata keçirən İ.Əliyevin qətiyyətli liderliyi ilə Azərbaycan siyasi sabitlik, iqtisadi güc, sosial rifah, tarix yazan güclü ordu, nüfuzlu və etibarlı tərəfdaş ölkə statusunda öz qüdrətli dövrünü yaşayır və bu, bir daha H.Əliyevin dövlətçilik məfkurəsinin bugünkü və gələcək inkişafımızın birbaşa təminatçısı olduğunu təsdiqləyir. Ümummilli liderin ölkənin aqrar bölməsinə göstərdiyi qayğı və diqqət, onun imzaladığı fərmanların tam həcmdə icrası bu gün Prezident İlham Əliyev tərəfindən daim nəzarətdədir. Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan aqrar inkişafa dövlət himayəsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan müasir aqrar-sənaye kompleksinə malik ölkəyə çevrilir

Tədbirdə söz Federasiyanın Aparat rəhbəri-Təşkilat və təlimat şöbəsinin müdiri Rüfət Bürcəliyevə verildi. O öz növbəsində Heydər Əliyevin Azərbaycan gənclərinə olan qayğısından söz açmış, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin  həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldüyünü bəyan etmişdir. Heydər Əliyevin həmişə gənclərimizə böyük ümidlər bəslədiyini qeyd edən R.Bürcəliyev  gənclər siyasətinin  bu gün  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. 

Tədbirdə Federasiyanın Maliyyə şöbəsinin müdiri İsmayıl Əlləzov, "Sun Food" MMC-nin HİK sədri Rasət Hüseynov, "Meliorasiya ETİ" MMC-nin HİK fəalı Ağamir Müslümov ulu öndər Heydər Əliyevin  həyat və yaradıcılığından, həmkarlar ittifaqlarının inkişafında rolundan, müəyyənləşdirdiyi daxili və xarici siyasətdən, əsasını qoyduğu siyasi kursun mahiyyətindən söz açmış, maraqlı diskussiyalar aparılmışdır. 

   

 





Çap et  Çap et