AZE ENG RUS
Xəbərlər

17-19 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun ən böyük sərgiləri - 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri nümayiş olunub.

22.05.2023

17-19 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun ən böyük sərgiləri - 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri nümayiş olunub.
Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov sayca 16-cı olan bu sərginin çox əlamətdar bir ilə təsadüf etdiyini deyib. Bildirib ki, bu il xalqımız müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bu səbəbdən bu gün fəaliyyətə başlayan sərgi də məhz Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Nazir qeyd edib ki, Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövr Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması ilə müasir tariximizə əbədi həkk olunub. Müstəqil Azərbaycan dövlətinin, eyni zamanda, Azərbaycanda aqrar sahənin inkişafı Ulu Öndərin fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyevin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
Sərgilərdə ümumilikdə 31 ölkədən 479 şirkət iştirak edirdi, 9 ölkə isə milli stendlərlə təmsil olunurdu. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində ABŞ, Almaniya, Belarus Respublikası, Gürcüstan, İtaliya, Niderland Krallığı, Şri-Lanka, Rusiya Federasiyasının regional qrupları, eləcə də builki debütant ölkə Tunis və Çexiyadan olan milli qruplar iştirak edirdilər.
Sərginin ilk günündə 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2023) sərgisi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə “Aqrar İnnovasiyalar Forumu” adı altında kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən panel müzakirələri keçirildi. Kənd-Qida-İş Həmkarlar İttifaqı Federasiyasının idarə heyəti və işçiləri də həmin forumda dinləyici kimi iştirak edirdi. 
Tədbirdə çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Aqrar Məşvərət Şurasının sədri Abdolbari Gozal, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov aqrar sahədə innovasiya və yeni texnologiyaların tətbiqi istiqamətində görülən tədbirlərə toxundular.
Bu il "Caspian Agro" sərgisində Azərbaycanın qırx rayonundan rekord sayda fermer iştirak edirdi.
Sərgi çərçivəsində "Azərtexnika" MMC, "Aqritex" MMC, "Aqromotors" və Gəncə Avtomobil Zavodu tərəfindən kənd təsərrüfatında istifadə olunan texnika açıq meydançada nümayiş etdirildi.