AZE ENG RUS
Xəbərlər

AHİK sədri Səttar Möhbalıyev BHİK-nın qurultayında çıxış edib

19.11.2022

Avstraliya İttifaqının Melburn şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) V Dünya Qurultayı keçirilir.
Qurultayda BHİK-ya üzv ölkələrin həmkarlar ittifaqlarının nümayəndələri iştirak edirlər.
Ölkəmizi tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti təmsil edir.
Qurultayın üçüncü günündə ABŞ Prezident Cozef Bayden videomüraciətlə çıxış edib, qurultayın işinə uğurlar arzulayıb.
Ardınca çıxış edənlər bildiriblər ki, robotlaşma və ya avtomatlaşma dünyada hər il 10 faiz daha artır. İşçilərin iş yerlərini itirməməsi üçün bu inkişafı nəzərə almaqla həmkarlar ittifaqları kollektiv danışıqlarda işçilərin xeyrinə texnoloji inkişafın gətirdiyi problemləri qaldırmalı, bu kimi problemlərin aradan qaldırılmasında işəgötürənin üzərinə öhdəliklər qoyulmalıdır. Süni intellektlər təbii intellektin, insan beynin məhsulu olsa da, milyonlarla insanın işsiz qalmasına səbəb olur. Qeyd olunub ki, Britaniya, Fransa, ABŞ kimi ölkələrdə xidmət sahələrində növbəti 10 ildə vəziyyətin xeyli kəskinləşəcəyi gözlənilir.

Tədbirdə çıxış edən S.Möhbalıyev ilk öncə Azərbaycanın artan iqtisadi qüdrətindən, dünyanın, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan, regionda sülh və sabitlik istiqamətində səylərindən bəhs edib. Bildirib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da Dayanıqlı İnkişaf Məqsədləri prioritet təşkil edir: “Azərbaycan Cənubi Qafqaz və MDB məkanında BMT-yə üç Könüllü Milli Hesabat təqdim edən ilk ölkədir. Təşkilatımız Beynəlxalq Əmək Təşkilatı tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri sahəsində görülən işlərə görə, iki prioritet ölkədən biri seçilib. AHİK də öz növbəsində 28 iyun 2019-cu il tarixində həmkarlar ittifaqlarının Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı könüllü hesabatını təqdim edib. Bu gün Azərbaycan müharibədən və pandemiyadan sonrakı yeni dövrə qədəm qoyur. Azərbaycan tərəfindən düşünülmüş və balanslaşdırılmış qərarlar qəbul edilərək qlobal böhranlardan, o cümlədən pandemiyadan minimal itkilərlə çıxmaq üçün konkret proqramlar və sosial-iqtisadi layihələr müəyyən edilib”.
AHİK sədri qeyd edib ki, bu gün bəzi ölkələrdə hökumətlər və işəgötürənlər böhrandan çıxmaq bəhanəsi ilə əmək münasibətlərinin formasını dəyişməyə, həmkarlar ittifaqlarının işçilərin müdafiəsinin təşkilində son illər əldə etdiyi uğurları minimuma endirməyə çalışırlar. Bütün bunlar məqsədlərin həyata keçirilməsində öz izini qoya bilər.
S.Möhbalıyev vurğulayıb ki, BHİK-nın dünya iqtisadiyyatının əsas məsələlərinə diqqətini və üçtərəfli münasibətlərdə bərabərhüquqlu tərəfdaşlar kimi, həmkarlar ittifaqlarının mövqeyinə daimi dəstəyini yüksək qiymətləndiririk: “Biz həmkarlar ittifaqları olaraq sosial tərəfdaşlarla fəaliyyətimizi təkmilləşdirməli və dünya təcrübəsindən istifadə etməliyik. Ümid edirik ki, BHİK bu istiqamətdə bizə köməklik göstərəcək və qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün bütün səyləri əsirgəməyəcək”.
Qurultay işini davam etdirir.
Qeyd edək ki, qultayda BHİK-nın katibliyi, prezidenti və vitse-prezidentləri seçiləcək.