AZE ENG RUS
Xəbərlər

Qusarda məcburi əməklə bağlı seminar keçirilib

06.10.2022

Qusar rayonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən “Beynəlxalq Əmək Təşkilatının (BƏT) icbari əməyin ləğv edilməsi haqqında 105 saylı konvensiyasının tətbiqində həmkarlar ittifaqlarının rolu” mövzusunda seminar keçirilib.

Tədbirdə AHİK-in şöbə müdirinin müavini Əli Cəfərov, baş mütəxəssis Natiq Quliyev, Qusar və ətraf rayonlarda sahə həmkarlar ittifaqlarının yerli nümayəndələri iştirak ediblər.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin tədbir iştirakçılarına salamlarını çatdıran Ə.Cəfərov məcburi əməyin qlobal xarakterindən, bunun milyonlarla insanın hüquqlarını pozmasından, xüsusilə özəl sektorda daha geniş vüsət almasından, yoxsulluğa gətirib çıxarmasından, həmçinin məcburi əməyin bütün formaları ilə mübarizənin üsul və vasitələrindən danışıb.

O, seminar iştirakçılarının diqqətinə məcburi əməyə qarşı mübarizədə həmkarlar ittifaqlarının rolunu, bu istiqamətdə qurumun üzərinə düşən vəzifələri, həmçinin maarifləndirmə işinin yüksək səviyyədə təşkilini və sayının artırılmasının vacibliyini çatdırıb. Bildirib ki, Azərbaycan hökuməti və ölkəmizin bütün maraqlı qurumları 105 saylı konvensiyanın tətbiqinə böyük diqqətlə yanaşır, göstərilən öhdəliklər nəzərə alınmaqla beynəlxalq standartlara uyğun milli əmək qanunvericiliyi formalaşdırılıb və təkmilləşdirilir. Həmçinin o vurğulayıb ki, əmək münasibətləri ilə bağlı bütün hüquq pozuntuları hökumətin, AHİK-in, həmçinin işəgötürənlərin  daimi nəzarətindədir.

Digər çıxış edənlər məcburi əməyin qurbanı olan şəxslərin hüquqlarının müdafiəsindən, onlara dəyən zərərin ödənilməsindən, maarifləndirmə işinin təşkilindən, bu sahədə əmək müfəttişliyi xidmətlərinin işinin gücləndirilməsindən, həmçinin məcburi əməyin risklərini artıran əsas səbəblərin və amillərin aradan qaldırılması zərurətindən bəhs ediblər.

Sonda iştirakçıların sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.