AZE ENG RUS
Xəbərlər

“Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyanın sədri Türkiyənin TARIM-İŞ Həmkarlar İttifaqının 21-ci Qurultayında iştirak etmişdir

04.10.2022

Oktyabrın 1-2-də Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının  sədri Tofiq Quliyev və Federasiyanın aparat rəhbəri –təşkilat və təlimat şöbəsinin müdiri Rüfət Bürcəliyev Türkiyənin Ankara şəhərində bu ölkənin TARIM-İŞ Həmkarlar İttifaqının 21-ci Qurultayında iştirak ediblər.

Qurultayda çıxış edən T.Quliyev AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Bildirib ki, AHİK 20 ilə yaxındır ki, Türkiyəli həmkarları ilə dostluq və tərəfdaşlıq edir. İki qardaş ölkənin həmkarlar ittifaqı komitələri arasında əməkdaşlıq və təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayan T.Quliyev AHİK-in ötən dövrlərdə, o cümlədən pandemiya və 44 günlük Vətən müharibəsi şəraitində keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib. Sonra Federasiyanın sədri 30 ilə yaxın bir dövrdə Azərbaycanın əbədi və əzəli torpaqlarının erməni işğalı altında qaldığını xatırlatdı: “Uzun illər Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək səyləri heç bir nəticə vermədi. Növbəti erməni hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatlarına başlayan yenilməz Azərbaycan Ordusu cəmi 44 günə işğalçı ordunu məhv etdi. Yeri gəlmişkən qeyd edim ki, torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin ölkəmizə göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Türkiyənin dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Türkiyə xalqı dualarını əskik etmədi. Buna görə Sizlərə sonsuz təşəkkürlərimizi ifadə edirik”.

Çıxışının sonunda T.Quliyev dostluq Qarabağın ürəyi olan Şuşa şəhərini əks etdirən xatirə hədiyyəsi TARIM-İŞ sendikasının genel başkanı İlhami Polata təqdim edib və qurultayın işinə uğurlar arzulayıb.