AZE ENG RUS
Xəbərlər

Cəbrayılın işğaldan azad edilməsi Zəfər tariximizin şanlı səhifəsidir

04.10.2022

“Şanlı və şərəfli tariximizdə yeni səhifə açan, zamanın axarını dəyişən, Vətən sevgisinin simvoluna çevrilən, hətta bir qarış torpağın belə necə əhəmiyyətli olduğunu sübut edən, bu yolda ölümü müqqədəsləşdirən, hər günü qəhrəmanlıqlarla dolu dastan olan 44 günlük Vətən müharibəsindən iki il ötür. Bu müharibə sözün hər bir mənasında haqqın, ədalətin müharibəsi, xeyirlə şərin mübarizəsi idi. Həmişə olduğu kimi, bu dəfə də haqq-ədalət zəfər çaldı. İşğal edilmiş ərazilərin azad edilməsi, işğalçı ordunun məhvi, öz ata-baba yurdunda yaşamaq hüququndan məhrum edilmiş insanların pozulmuş hüquqlarının bərpası, beynəlxalq hüququn təmini, dünyada sülhü daim təhdid edən separatizmə layiqli cavabın verilməsi Azərbaycanın parlaq Zəfəri ilə başa çatan Vətən müharibəsinin nəticələrindəndir. Həmçinin işğal siyasəti ilə regionu iflic edən, iqtisadi inkişafa mane olan, dövlətlərarası əlaqələri zəiflədən bir ölkənin yaratdığı bu kimi əngəllər aradan qaldırıldı və regionun inkişafı üçün perspektivlər açıldı”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, müharibənin ilk günündən xalqımızın hər bir nümayəndəsi qələbəyə şəksiz əmin idi: “İnanırdı ki, cənab İlham Əliyevin yaratdığı Ordunun qarşısında hansısa bir qüvvənin tab gətirməsi mümkünsüzdür. Hər bir əsgər və zabitimiz böyük ruh yüksəkliyi ilə döyüşə köklənərək düşmənin uzun illər möhkəmləndirdiyi və keçilməz adlandırdığı sədləri bir həmlə ilə aşdı, yoruldum demədən dağlardan, qayalardan keçdi. Xalqımız hər gün cəbhədən gələn qələbə xəbərlərinin sevinci ilə yaşayırdı. Təbii ki, hər bir zəfərin kökündə şəhid qanı var, kəndlərimiz, qəsəblərimiz, şəhərlərimiz əsgər və zabitlərimizin canı, qanı bahasına düşməndən təmizlənirdi”.

“Rəşadətli Ordumuzun zəfərə gedən yolunda mühüm qələbələrdən biri Cəbrayıl şəhərinin düşməndən təmizlənməsi oldu. Xalqımız bu xəbəri böyük coşğu ilə qarşıladı və Cəbrayıl işğaldan azad edilən ilk şəhər kimi Zəfər tarixinə həkk oldu. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, 22775 əsgər və zabitimiz Prezidentin sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. Ermənistanın təcavüzkar xislətinin və vadalizm hərəkətlərinin bariz nümunəsi Cəbrayıl rayonunda törətdikləri vəhşiliklərdir. Onlar 1993-cü il avqustun 23-də rayonu işğal edərək 72 ümumtəhsil məktəbini, 8 xəstəxananı, 132 tarixi abidəni, 150 mədəniyyət ocağını, 100-ə yaxın kəndi insanlığa sığmayan hərəkətlərlə məhv etdilər. Bu yerin sakinləri köçkün həyatı yaşamağa məcbur oldular”, – Milli Məclisin deputatı deyib.

AHİK sədri əlavə edib ki, işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşamsı üçün bütün infrastruktur yaradılır: “Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı cənab İlham Əliyev Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. İnanırıq ki, yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək”.