Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

01 Noyabr "Kənd Təsərrüfatı İşçiləri Günü" peşə bayramı

01.11.2014

       Ölkə prezidenti cənab İlham Əliyevin  09 oktyabr 2008-ci li tarixli sərəncamı ilə «1 noyabr Kənd Təsərrüfatı İşçiləri Günü» peşə bayramının təsis edilməsi sahə işçiləri tərəfindən rəğbətlə qarşılanmışdır.  Hər il Federasiya və rayon komitələri tərəfindən bu peşə bayramı  təntənəli surətdə qeyd olunur, əmək kollektivləri bu yığıncaqlarda görülən işlərə yekun vurur, yüzlərlə əməkdə fərqlənmiş işçi bayram münasibəti ilə  Federasiyanın Fəxri Fərmanı və birdəfəlik pul mükafatı ilə təltif olunurlar.
Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, ölkənin inamlı inkişafı istiqamətində önəmli addımlar atılır.  Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunur və bu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sənayesi 6 faiz səviyyəsində artmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əvvəlindən, 2004-cü ildən bu günə qədər 1 milyon 300 min yeni iş yeri açılmışdır. Bu da imkan vermişdir ki, işsizlik kəskin şəkildə aşağı düşsün və bu gün 5 faiz səviyyəsindədir.
     Kənd təsərrüfatının inkişafı hər zaman dövlətin  diqqət mərkəzində olmuş,         kənd təsərrüfatı   məhsulları istehsalçıları qayğı ilə əhatə olunmuşlar.    1990-cı ildən aqrar sektorda çalışan sahibkarlar torpaq vergisindən başqa bütün növ vergilərdən azaddırlar. Bundan əlavə, əkinlə məşğul olan hər bir fermerə istifadə etdiyi yanacaq və sürtkü yağlarına görə dövlət kompensasiya ödəyir. Fermerlərə qayğı bununla da bitmir. Onlara toxum, kənd təsərrüfatı texnikası və cins mal-qara da güzəştli qiymətlərlə satılır.        
     Bu sahədə qəbul edilən ən önəmli qərarlardan biri də aqrar sektorda çalışan fermerlərə uzunmüddətli və güzəştli kreditlərin verilməsidir. Regiondakı sahibkarlar aldıqları bu güzəştli kreditlər hesabına minlərlə kiçik və orta həcmli fermer təsərrüfatlarını inkişaf etdirirlər.
     Kənd təsərrüfatı sahəsi üzrə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində bu sahə dinamik inkişaf edir və hal-hazırda ölkəmiz daxili imkanlar hesabına, taxıl istisna olmaqla, əsas kənd təsərrüfatı məhsullatı ilə  özünü təmin edir. Əsas ərzaq məhsulları üzrə təminat aşağıdakı səviyyəyə çatmışdır: Ət və ət məhsulları ilə 95 faiz, quş əti 93 faiz,  yumurta  100 faiz, bitki yağları 75 faiz, kərə yağı 52 faiz, süd və süd məhsulları 78 faiz, kartof istehsalı təxminən 100 faiz, bostan məhsulları 100 faiz, meyvə və giləmeyvə 130 faiz, tərəvəz 108 faiz,  duz 75 faiz, şəkər və şəkərdən hazırlanan məhsullar 180 faiz.  Dövlətin bu ardıcıl qayğı və dəstəyi nəticəsində Azərbaycan kənd təsərrüfatı məhsulları idxal edən ölkədən həmin məhsulalrı ixrac edən ölkəyə çevrilmişdir. Bütövlükdə son 10 il ərzində kənd təsərrüfatı məhsullarının ümumi ixracı 115,3 milyon dollardan 595,3 milyon dollaradək artmışdır.
       Bu gün ərzaq təhlükəsizliyinin təmin edilməsi proqramının icrası uğurla davam etdilir. Respublikanın ümumi ərazisinin 52,4 faizi kənd təsərrüfatına yararlı torpaqlardır. Azərbaycanda taxılçılığın inkişafı ilə bağlı iri aqrar komplekslərinin yaradılması üçün əlavə 200 min hektar torpaq sahəsi müəyyənləşdirilib. Bu torpaqlarda ümumilikdə respublika üzrə 50-ə yaxın iri taxılçılıq təsərrüfatların yaradılması nəzərdə tutulmuşdur. Artıq yeni yaradılan belə təsərrüfatda-"Qarabağ-Taxıl" MMC-də hər hektardan orta hesabla 55-60 sentner məhsul götürülmüşdür ki, bu da ölkə üzrə ən yüksək göstəricidir. Ən önəmlisi isə, təsərrüfatda istifadə edilən yeni texnologiya bir ildə iki dəfə məhsul yığımına imkan verir.
     Kənd təsərrüfatının inkişafı ilə bağlı geniş infrastruktur layihələr həyata keçirilir. Magistral və kənd arası yollar inşa edilir, Taxtakörpü və açılışı nəzərdə tutulan Şəmkirçay su anbarları layihələrinin icrası nəticəsində on minlərlə hektar yeni torpaq sahəsi dövriyyəyə veriləcəkdir. ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının itkisiz saxlanması və il boyu istehlakşılara çatdırılması  məqsədi ilə tikilən soyuducu anbarlarin sayı artırılır və kənd təsərrüfatı məhsullarının sığortalanması  öz həllini tapmaqdadır.
     16 aprel 2014-cü il tarixdə “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında”  fərman imzalanıb. Hal-hazırda Milli Məclisdə “Kooperasiya haqqında” Qanunun müzakirəsi davam edir. "Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası"nın layihəsi hazırlanmışdır.
    Rayon və şəhərlərdə pərakəndə halda fəaliyyət göstərən struktur bölmələrinin bazasında vahid kənd təsərrüfatı siyasətinin həyata keçirilməsini təmin edən ərazi idarələrinin yaradılması, baytarlıq və fitosanitar xidmətlərinin, elmi-tədqiqat institutlarında işin təşkilinin və strukturunun təkmilləşdirməsi və yeni tələblərə uyğunlaşdırılması, aqrar sahədə risklərin sığortalanması işinin beynəlxalq təcrübəyə uyğun təşkil edilməsi, kənd təsərrüfatına yararlı torpaq sahələrinin qeyri-qanuni istifadəsi ilə bağlı məsuliyyət tədbirlərinin gücləndirilməsi, süni mayalanma mərkəzinin tikintisi görüləcək işlər siyahısına daxildir.
      Bu qanunların işləməsini sürətləndirmək və yuxarıda sadaladığımız tədbirlərin icrası ümumdaxili məhsulun artımına, kənd təsərrüfatının inkişafının gücləndirilməsinə və əhalinin əsas ərzaq məhsulları ilə təminatına gətirib çıxaracaqdır.
    Sahə Həmkarlar İttifaqı sosial siyasətin həyata keçirilməsində fəal iştirak edir, dövlət orqanları və işəgötürənlər birlikləri ilə qarşılıqlı əməkdaşlıq edir.
 Dövlət və təsərrüfat orqanları ilə zəhmətkeşlərin iş şəraitini və sosial təminatlarını əhatə edən danışıqların aparılması, Tarif Sazişlərinin imzalanması Federasiyanın bu sahədə fəaliyyətinin əsas istiqamətlərindən biridir.
Sahəyə aid olan mərkəzi icra hakimiyyəti orqanları və dövlət komitələri ilə, o cümlədən, ARKənd Təsərrüfatı Nazirliyi, AR Dövlət  Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti ilə  Sahə (tarif) Kollektiv Sazişləri mütəmadi olaraq, yeni müddəalar əlavə edilməklə qarşılıqlı işlənib hazırlanır və bağlanır.
Bu iş hər bir müəssisə, təsərrüfat səviyyəsində davam etdirilir, ilk həmkarlar ittifaqı komitələrinə işəgötürənlə danışıqların aparılmasında, Kollektiv Müqavilələrin baglanmasında əməli köməklik göstərilir.
    Bu gün Sahə Həmkarlar İttifaqı özündə 871 ilk, 44 rayon (şəhər) və 2 Birləşmiş həmkarlar ittifaqı təşkilatını birləşdirir ki,  bu təşkilatlarda da 72225 nəfərdən yuxarı Hİ üzvü çalışır. Bunlardan  15556 nəfərini gənclər təşkil edir.
Həmkarlar ittifaqı fəaliyyətinə gənclərin cəlb edilməsi önəmli vəzifədir. Son hesabat-seçkilər zamanı  ilk həmkarlar ittifaqı təşkilatlarında seçkili orqanların tərkibinə 126 nəfər gənc irəli çəkilmişdir ki, bunlardan da 47 nəfəri  sədr vəzifəsinə seçilmişdir. Bundan başqa 4 rayon komitəsində 65 və daha artıq yaşda olan, əmək qabiliyyəti aşağı düşmüş rəhbər işçilər gənc kadrlarla əvəz edilmiş, Federasiyanın aparatına isə 2 nəfər gənc kadr işə qəbul edilmişdir.
Həmkarlar ittifaqı kadr və fəallarının ardıcıl təhsili və maarifləndirilməsi Federasiyanın diqqət mərkəzində olmuşdur.
Bu məqsədlə hər il olduğu kimi, bu il də Federasiya tərəfindən ölkənin müxtəlif bölgələrini əhatə edən rayon mərkəzlərində, o cümlədən Bakı şəhərində, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin müxtəlif istiqamətlərinə həsr edilmiş seminarlar, dəyirmi masalar və treninqlər keçirilmişdir. Bu tədbirlərə AHİK-in, mərkəzi icra hakimiyyəti orqanlarının mütəxəssisləri, rayon icra hakimiyyəti nümayəndələri də cəlb edilmişlər. Önəmli hal odur ki, bu semiunarlarda həmkarlar ittifaqı kadrları ilə yanaşı müəssisələrin məsul işçilərinin  də yaxından iştirakı  qarşilıqlı əlaqələrin möhkəmləndirilməsinə,  əldə edilən biliklərin müvafiq qurumlar tərəfindən effektli tətbiq edilməsinə şərait yaradir.
İstehsalatda əməyin mühafizəsi,  sağlam və təhlükəsiz  iş  şəraiti, işçilərin xüsusi iş geyimi və süd məhsulları ilə təmin edilməsinə ictimai nəzarət həmkarlar ittifaqının mühüm vəzifələrindən biridir.
    İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması, iş yerlərinin müasir standartlara uyğun təşkili sahəsində  qabaqcıl iş təcrübəsini yaymaq məqsədi ilə Federasiya hər il sahə üzrə «Sağlam və təhlükəsiz əmək» devizi altında Baxış müsabiqə keçirir, qaliblər Respublika Baxış müsabiqəsinə təqdim olunurlar.
Qalib müəssisələrdən Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq» ASC-nin Gəncə rayonlararası təchizat bazası, Meliorasiya və Su Təsərrüfatı ASC-nin «Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi», Azərsun Holdinq Şirkətlər Qrupunun «Sun-Tea», «Qafqaz Konserv», «Azərduz» MMC-ləri, «Gilan» Şirkətinin «Qəbələ Konserv», «Gilan Tea» MMC-ləri, «Aznar» MMC, «MKT İstehsalat Kommersiya» MMC və digər müəssisələr   «Sağlam və təhlükəsiz əmək» müsabiqəsinin qalibi olaraq Federasiyanın və Azərbaycan Həmkarlar İttifaqları  Konfederasiyasının Fəxri diplomları  və hədiyyələri ilə təltif olunmuşlar.
Əməyin təşkili və mühafizəsi sahəsində həmkarlar kadrlarının nəzəri biliklərini artırmaq məqsədi ilə Federasiya tərəfindən «Kənd təsərrüfatı sahəsində əməyin mühafizəsi» adlı əyani vəsait hazırlanmışdır.
      Federasiya gündəlik fəaliyyətində həmkarlar ittifaqı təşkilatlarının təşkilatı cəhətdən möhkəmləndirilməsinə və genişlənməsinə, yeni həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına  önəmli  yer ayırır.  Bu sahədə toplanmış müsbət təcrübənin tətbiqi  nəticəsində Sahə Həmkarlar İttifaqının say tərkibinin genişlənməsi davam etmişdir. Ötən dövr ərzində yeni yaradılan və fəaliyyəti  bərpa edilən  həmkarlar ittifaqı təşkilatlarının sayı 150-i ötmüşdir ki, bu təşkilatlarda da 11871 həmkarlar ittifaqı üzvü birləşmişdir. Ümumilikdə ötən 7 il ərzində sahə həmkarlar ittifaqı  üzvlərinin say artımı 28,1 faiz təşkil etmişdir.
 Təkcə cari ilin 9 ayı ərzində Sahə üzrə 7 müəssisədə yeni həmkarlar ittifaqı yaradılmışdır ki, onlarda da həmkarlar ittifaqının üzvü 355 nəfərdir.
Artiq Məhsul Bayramlarının  - Göyçayda Nar Bayramı,  Qubada Alma Bayramı, Qəbələdə Mürəbbə Bayramı, Bakıda Bal Bayramı keçirilməsi ənənə halını almişdir və  fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçiları bu bayramlarda böyük məmnuniyyətlə Iştirak edirlər və bu bayramlar ictimaiyyət tərəfindən böyük rəğbəitlə qarşılanır.

Tofiq QULİYEV,
"Kənd-Qida-İş" Həmkarlar İttifaqı Federasiyasının sədri





Çap et  Çap et