Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

Azərbaycanda sarsılmaz xalq-ordu birliyi mövcuddur

24.06.2022

“Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı hər zaman dillər əzbəri olacaq. Onlar böyük bir missiyanı uğurla sona çatdırmaqla tarixin gedişini dəyişdilər, münaqişənin həlli ilə bağlı saxta proqnozları və yalançı fikirləri alt-üst etdilər. Dünyanın 30 ilə yaxın bir müddətdə müzakirə və təhlil etdiyi münaqişəyə cəmi 44 günə nöqtə qoyuldu, Azərbaycanın şanlı tarixinin ən böyük sərkərdələrindən olan cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsi reallığa çevrildi. Bu əmrin icrası üçün Silahlı Qüvvələrimizin qarşısında heç bir qüvvənin davam gətirə bilməyəcəyini döyüş meydanında, özlərinin canı və qanı bahasına sübut etdilər. Xatırlayırsınızsa, müharibənin gedişi zamanı və ondan sonra dünya mətbuatında, analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası geniş təhlil olunur və yüksək qiymətləndirilirdi. Hazırda bu taktika dünyanın hərb tarixində yenilik hesab olunur və dərsliklərə salınır. Bu, bir daha onu göstərir ki, Azərbaycan əsgəri adını tarixin səhifələrinə qızıl hərflərlə yazmaqla gələcək nəsillərə böyük bir qəhrəmanlıq məktəbini miras qoyub. Həm düşmənlərə, həm də gələcək nəsillərə göstərdilər ki, Vətənimizə xain baxışların, çirkin niyyətlərin cavabı necə olur”.

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Fəxarətlə deyə bilərik ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır və Ordumuzun daha da gücləndirilməsi istiqamətində cənab Prezident tərəfindən əhəmiyyətli addımlar atılmaqdadır. Maddi-texniki təchizat mütəmadi olaraq yenilənir, müasir infrastruktur yaradılır, islahatlar aparılır. Davamlı olaraq formalaşan və inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur, silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanır. Həmçinin döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq hərbi təlimlər keçirilir. Daha uğurlu bir addım isə Prezidentin tapşırığı ilə yeni təyinatlı Komando Briqadasının yaradılmasıdır ki, yenilməz Ordumuzun gücünə yeni bir güc qatır və potensialını yüksəldir”, – AHİK sədri bildirib.

“Dövlətimiz hər zaman hərbi qulluqçulara xüsusi diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Həmçinin müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə tarixi Zəfər münasibətilə orden və medalların təsis olunması qəhrəman hərbçilərimizə göstərilən ali diqqətinin təzahürüdür. Bu gün ölkəmizdə xalq-ordu birliyi ən yüksək səviyyədədir. Vətən müharibəsində xalqımızın hər bir nümayəndəsinin qəlbi əsgərlərimizlə bir döyündü. Məhz bu birlik qəhrəman hərbçilərimizə yeni ruh verdi, onları qələbəyə köklədi. Sarsılmaz gücə sahib bu birlik gələcək uğurlarımızın da əsas təminatçısıdır. Xalqımızın Silahlı Qüvvələr Gününə olan münasibəti, bu əlamətdar günü böyük sevinc və coşqu ilə qeyd etməsi dediklərimizin sübutudur”, – Milli Məclisin deputatı əlavə edib.





Çap et  Çap et