Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

AHİK sədri Səttar Möhbalıyev BƏT nümayəndəsini qəbul edib

21.06.2022

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə işgüzar səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Layiqli Əməyə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə AHİK-lə BƏT arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs olunub.

Öncə AHİK sədri işğal zamanı Ermənistanın Şərqi Zəngəzurda və Qarabağda törətdiyi vandal əməllərindən danışıb. Bildirib ki, uzun illər torpaqlarımız işğal altında qalsa da, buna etiraz olaraq əsas aparıcı beynəlxalq təşkilatlardan heç bir səs gəlmədi, ikili standartlardan çıxış etdilər: “Təbii ki, bu da bizdə təəssüf və təəccüb doğururdu. Artıq münaqişə başa çatıb. İşğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işləri aparılır, bir sıra layihələr yekunlaşıb. Yaxın gələcəkdə dövlətimiz tərəfindən sakinlərin öz yurdlarına qayıtması təmin ediləcək. Bütün bu işləri Azərbaycan özü həyata keçirir”.

Sonra S.Möhbalıyev “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” ilə bağlı Azərbaycan həmkarlar ittifaqları tərəfindən görülmüş işlər və həyata keçirilmiş layihələr barədə ətraflı məlumat verib.

AHİK sədri həmçinin BƏT-lə əməkdaşlıq çərçivəsində qarşıda duran vəzifələrdən və görüləcək işlərdən bəhs edib. Bildirib ki, hazırda iyun ayının sonlarında BƏT-in dəstəyi ilə “BƏT-in 105-ci Konvensiyası üzrə müzakirələrin yekunu ilə bağlı məlumat və 205 saylı tövsiyyələrin tətbiqi üzrə həmkarlar ittifaqlarının vəzifələri” mövzusunda 2 günlük seminara hazırlıqlar gedir. Ardınca regionları əhatə edən silsilə tədbirlərin keçirilməsi də planlaşdırılır.

S.Möhbalıyev yeni hazırlanacaq 2022-2026-cı illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramında qeyri-rəsmi məşğulluğun qarşısının alınması, məşğulluq xidmətlərinin çeşdinin və keyfiyyətinin yüksəldilməsi, sosial təminat sistemində ünvanlılıq və şəffaflığın tam təmin olunması, özünəməşğulluq proqramının genişləndirilməsi istiqamətində islahatların aparılması, sosial dialoqun inkişaf etdirilməsi kimi məsələlərin qeyd olunmasının vacibliyini diqqətə çatdırıb.

AHİK sədri həm ölkə proqramında nəzərdə tutulan məsələlərin, həm də BƏT-in  Konvensiya və Tövsiyələrinin ölkə ərazisində tətbiqində, monitorinqlərin həyata keçirilməsində, metodiki vəsaitlərin hazırlanmasında BƏT-in texniki dəstək göstərəcəyinə ümidvar olduğunu bildirib.

Səmimi qəbula görə təşəkkür edən O.Kulayeva Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, burada iştirak etdiyi tədbirləri, keçirdiyi görüşləri məhsuldar və səmərəli hesab edib.

BƏT nümayəndəsi həmçinin AHİK sədri tərəfindən irəli sürülən təkliflərin önəminə diqqət çəkib və bunların nəzərə alınacağını bildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib, ətraflı fikir mübadiləsi aparılıb.

     





Çap et  Çap et