Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

Şəhid övladları kimsəsiz olmur.

21.09.2020

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixiləşdi.

Döyüşlər dövlətimizin, xalqımızın, ordumuzun şanlı hərbi qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.

Aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri 2000 hektarlıq ərazini azad etmişdir. Təəssüflər olsun ki, Azərbaycan ordusunun şanlı qələbəsi zamanı Azərbaycan Silahlı Qüvvələri şəhidlər verdi, şəhidlərdən biri Tağıyev Rahim Qara oğlu idi. “Aprel döyüşləri” zamanı ağır yaralanıb, başından qəlpə yarası alan Rahim Tağıyev Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ölüm ilə mübarizə aparıb. Üzərində üç dəfə cərrahiyyə əməliyyatı aparılan Rahim koma vəziyyətində qalsa da, sonda iyulun 10-u dünyasını dəyişib. Elə həmin gün, iyulun 10-u Rahim Tağıyev doğulduğu Mingəçevir şəhərində, Şəhidlər xiyabanında son mənzilə yola salınıb. O, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edildi.

R.Tağıyev Vüsalə xanım ilə ailəli idi, üç övlad atası idi - Ülkər, Nihat və Nicat. Dövlətimiz, ictimaiyyətimizin digər qurumları kimi, Azərbaycan həmkarlar ittifaqları da şəhidlərimizin müqəddəs ruhunu əziz tutur, onların atalıq borcunun qalan hissəsini üzərinə götürməyi özünə şərəf bilir. Məlumdur ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi 2016-cı il aprel, 2020-ci il iyul döyüşləri zamanı şəhid olmuş əsgər və zabitlərimizin azyaşlı övladlarına hamilik haqqında qərar qəbul etmişdi. Həmin qərara uyğun olaraq AHİK-in üzv təşkilatı “Kənd-Qida-İş” Hİ Federasiyası da Rahimin 3 övladını yetkinlik yaşına çatana kimi himayəyə götürüb. Hər ay onların hər birinin bank hesabına 150 manat vəsait köçürəcək. Allah şəhidlərimizə rəhmət eləsin.





Çap et  Çap et