Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları pandemiya ilə mübarizədə öz vəzifələrini məsuliyyətlə yerinə yetirirlər

17.04.2020

Koronavirus pandemiyası bütün dünyanı cənginə alıb insanların yaşayış tərzini, sosial-məişət problemlərini tamamilə yeni bir məcraya yönəltdi, işini, fəaliyyətini gözlənilməz təsirlərə məruz qoydu. 

Başımızın üstünü alan bəlanın qəfil gəlişi  fəaliyyəti cəmiyyət həyatının bütün sahələrini əhatə edən Azərbaycan Həmkarlar İttifaqlarını öz işini yeni tələblərə uyğun qurmağa məcbur etdi. Əsas vəzifəsi vətəndaşlarımızın sosial-iqtisadi, hüquqi mənafelərinin qorunması olan təşkilatın indiki zamanda çiyinlərinə necə bir məsuliyyət düşdüyünü təsəvvür etmək çətin deyil.

Pandemiya ilə bağlı martın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında İcraiyyə Komitəsinin iclası oldu. İclasda qərara alındı ki,  Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilmiş koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı cənab Prezident İlham Əliyevin qətiyyətli addımları dəstəklənsin, həyata keçirilən təxirəsalınmaz tədbirlər təqdir olunsun. Qeyd olundu ki, Həmkarlar ittifaqı təşkilatlarının üzvləri də ölkə başçısının 19 mart tarixli  Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını yüksək qiymətləndirirlər. İclasda Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat vəsait köçürmək qərara alındı. Digər bir qərarla AHİK Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə dəstək üçün  100 min manat vəsait köçürmüşdür.

Qərarda ölkə ictimaiyyətinə  Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə maksimum səviyyədə əməl olunması ilə bağlı çağırış da yer alırdı.

  Martın 23-də isə AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Ümumdünya Səhiyyə Təşkilatının qlobal pandemiya elan etdiyi infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı  AHİK-in üzv və tabeliyində olan təşkilatların rəhbərləri ilə müşavirə keçirdi. AHİK sədri koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər barədə müşavirə iştirakçılarına məlumat verdi.

AHİK sədri bildirdi ki, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən  yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərliyi ilə  İşçi Qrupunun tərkibi təsdiqlənib.

 İşçi Qrupunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq biz də iştirak edirik. Əsas vəzifəmiz indiki şəraitdə işəgötürənlər tərəfindən işçilərin sayının əsassız azaldılmasının qarşısını almaqdır. Bununla əlaqədar olaraq İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və AHİK adından işəgötürənlərə xüsusi bildiriş ünvanlanıb.     

       Bildirişdə milli sahibkarlığın davamlı inkişafı istiqamətində fəal siyasət həyata keçirən dövlətimizin indiki şəraitdə də hər bir sahibkarın yanında olduğu, onlara  dəstək verdiyi qeyd olunur. “Bununla yanaşı, işəgötürənlərin diqqətinə çatdırılır ki, pandemiyanın biznes mühitinə mənfi təsirini azaltmaq üçün sahibkarlara dəstəyin göstərilməsi təmin olunmaqla yanaşı, eyni zamanda, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsasız yerə işdən çıxarılmasına, ixtisarına yol verən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək”.

Müşavirədə AHİK-də keçiriləcək profilaktik tədbirlərin əlaqələndirilməsi, görülən işlər barədə  məlumatların mütəmadi toplanması və maarifləndirici işlərin təşkili üzrə İdarəetmə Qrupu (Operativ Qərargah) yaradıldı.

COVID-19 infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə elan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək proqramları davam edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası  ictimai nəzarətin həyata keçirilməsində, vətəndaş müraciətlərinin təkliflərinin araşdırılmasında, ictimaiyyətin həssas təbəqəsi hesab edilən şəxslərə müxtəlif aspektlərdən dəstək göstərməsində Heydər Əliyev Fondunun sosial layihələrində iştirak etmək barədə qərar qəbul edib.

 AHİK bu məqsədlə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi  ilə 13 aprel 2020-ci il tarixdə müqavilə bağlamışdır. Müqaviləyə  əsasən, AHİK tərəfindən Birliyin hesabına 105 min manat vəsait köçürülmüşdür. Aprelin  14-də “Abşeron Kristal” MMC və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə həyata keçirilən aksiya çərçivəsində Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Goranboy, Tərtər və Ağdam rayonlarında yaşayan aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət 1000-dən çox sovqat paylaylamışlar.

AHİK-in üzv və tabeliyində olan təşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində 10744 aztəminatlı ailəyə, yaşı 65-dən çox olan ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 590 min 900 manat məbləğində maddi və  ərzaq yardımı göstərmişlər. Həmkarlar ittifaqı təşkilatları karantin rejimində istifadə edilməsi üçün üzvlərinə 100 min manatlıq qoruyucu vasitələr  paylamışlar. Pandemiyadan zərər çəkən vətəndaşlara maddi yardımlar edilib. Eyni zamanda həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əmək haqqlarından Koronavirusla Mübarizə Fonduna ianələr etmişlər. Həmkarlar ittifaqlarının ilk təşkilatlarından isə Fonda 352 min 500 manat vəsait köçürülmüşür. Bu qəbildən olan maddi və mənəvi yardımlar indi də davam etdirilir.

Ümumiyyətlə, Azərbaycan Həmkarlar İttifaqları təşkilatları tərəfindən koronovirusla mübarizəyə və eyni zamanda dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə 1 milyon manatdan artıq vəsait xərclənmişdir.

AHİK-də koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində həmkarlar ittifaqı əməkdaşları ilə operativ əlaqələr qurulması üçün xüsusi SMS Məlumatlandırma Sistemi yaradılmışdır.   Sistem xüsusi servis kanalla təchiz edilmişdir. Həmkarlar ittifaqlarında verilən qərarlar, tapşırılan işlər dərhal lazımı şəxslərin mobil telefonlarına ötürülür. Bu isə xüsusi karantin şəraitinin məsafədən işləmə prinsiplərindəndir. 





Çap et  Çap et