Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.

04.06.2019

Konfransadan əvvəl tədbir iştirakçıları Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə  və  görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə gül dəstələri qoyaraq xatirəsini yad etmişlər.   Tədbir Şəhidlər xiyabanının  ziyarət etdilməsi  ilə başa  çatmışdır.

“Azərbaycanda su təsərrüfatı və meliorasiyanın inkişafında Heydər Əliyev ideyalarının rolu” mövzusunda təşkil edilən sərgi ilə tanışlıq olmuşdur.

Sərgi ilə tanışlıqdan sonra “Su təsərrüfatı və meliorasiya işçiləri günü”nə həsr olunmuş tədbir keçirilib.Tədbiri  giriş sözü ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə açaraq  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ölkədə meliorasiya və su təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin böyük və tarixi xidmətləri olduğunu vurğulayaraq qeyd edib ki, bu siyasət indi onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsi olaraq mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşıb, sahənin maddi-texniki bazası gücləndirilib, 4,2 min kilometr suvarma kanallarının, 2,8 min kilometr kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilib. 413 min hektar suvarılan torpaqların su təminatı və 264 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 166 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib. Həmçinin 2273 ədəd subartezian quyusu qazılıb, çaylarda sel və daşqınlara qarşı 187 kilometrdən artıq sahilbərkitmə, Kür-Araz çaylarında isə 900 kilometr uzunluğunda bəndlərin möhkəmləndirilməsi işləri yerinə yetirilib, ümumi sututumları 456 milyon kubmetr olan 4 su anbarı tikilib, 15,5 milyon kubmetr tutumu olan 3 su anbarı təmir-bərpa edilib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ötən il gördüyü işlər barədə də ətraflı məlumat verən Ə.Əhmədzadə bildirib ki, Araz çayının 54,2 kilometr uzunluğunda yeni qol kanalına beton üzlük çəkilməsi işləri tamamlanıb və əlavə olaraq 13145 hektar (Saatlıda 2500, İmişlidə 9645 və Biləsuvarda 1000 hektar) olmaqla, ümumilikdə, 53 min hektar yeni torpaq sahələrinə suvarma suyu çatdırılıb. 2018-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Araz çayının yeni qol kanalı istifadəyə verilib. Arazın yeni qolundan torpaq sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların tikintisi üzrə birinci mərhələdə İmişli və Biləsuvar rayonlarının 16863 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 37 kilometr uzunluğunda paylayıcı kanalların qurğularla birlikdə tikintisi aparılmışdır.               

 2018-ci ildə həyata keçirilmiş yenidənqurma və tikinti tədbirləri hesabına 92284 hektar (ondan 40108 hektar yeni suvarılan) sahədə torpaqlara suvarma suyu çatdırılıb və 8860 hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılıb.Respublika üzrə 1392,8 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin edilməsi üçün mənbələrdən 9 milyard kubmetr su götürülüb, su ayrıclarından 6,3 milyard kubmetr su verilib və bitkilər 3 dəfədən çox suvarılıb.

Cari ildə 1393 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulub. İyunun 1-nə olan məlumata görə, taxıl bitkiləri 535 min hektar sahədə 2,3 dəfə suvarılıb, 73 min hektar sahədə pambıq bitkisinin arat suvarılması aparılıb. Hazırda kənd təsərrüfatı bitkilərinin suvarılması davam etdirilir.

  Tədbirdə Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev çıxış edərək, AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyevin Peşə bayramı münasibəti ilə Təbrik məktubunu iştirakçıların diqqətinə çatdırdı. T.Quliyev daha sonra Federasiya tərəfindən su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə bir qrup əməkdaşın təltif edildiyini bildirərək, sahə zəhmətkeşlərini bir daha təbrik etdi və işlərində yeni-yeni uğurlar arzuladı.

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və başqaları çıxışlarında su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramları münasibətilə təbrik edib, ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi və dəstəyi ilə yaradılmış güclü potensiala malik meliorasiya və su təsərrüfatı kompleksinin hazırda Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində daha da inkişaf etdirildiyini bildiriblər. Çıxışlarda su təsərrüfatı və meliorasiya işçilərinin bu diqqət və qayğıya əməli işləri ilə cavab verəcəklərinə əminlik ifadə olunub, qarşıda duran vəzifələrdən danışılıb.

Tədbirin sonunda iştirakçıların adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

 





Çap et  Çap et