Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

“ 01 Noyabr Kənd Təsərrüfatı İşçiləri Günü”

01.11.2017

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

      Bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin kollektivi, Federasiyanın nümayəndələri Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülmüşdür.

      Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.

       Sonra Bakı Biznes Mərkəzində Kənd Təsərrüfatı İşçiləri Günü ilə əlaqədar geniş tədbir keçirilmişdir.

        Tədbirdə çıxış edən AR Kənd Təsərrüfatı naziri  cənab Heydər Əsədov ötən illərdə görülən işlərdən və əldə olunan uğurlardan danışmışdır. O. bildirmişdir ki, aqrar sektor Azərbaycan iqtisadiyyatında daim önəmli rol oynayıb. Bu sahənin əsaslı inkişafı isə ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti illərinə təsadüf edir. Lakin sonradan 90-cı illərin əvvəllərində ölkə iqtisadiyyatında yaşanan tənəzzül kənd təsərrüfatından da yan keçmədi. Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra torpaq islahatı və digər əsaslı islahatlar həyata keçirildi və bununla da gələcək uğurların təməli qoyuldu. Hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş siyasət nəticəsində aqrar sektor keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illər ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə olunması, ölkənin aqrar potensialının təbliği istiqamətində mühüm uğurlar əldə edilib.

Nazir bildirib ki, dünya bazarlarında xam neftin qiymətinin kəskin ucuzlaşması ölkənin ixrac potensialına və valyuta daxilolmalarına təsir göstərsə də, kənd təsərrüfatının inkişafı bunu əhəmiyyətli dərəcədə kompensasiya etmək iqtidarındadır. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən aqrar sektorda pambıqçılıq, baramaçılıq, çayçılıq, tütünçülük, fındıqçılıq və digər valyuta gətirən, ixracyönümlü və sosialyönümlü sahələrin inkişafına diqqət artırılıb.

Bu ilin doqquz ayında kənd təsərrüfatında ümumi istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3 faiz, bitkiçilik məhsulları istehsalı isə 2,6 faiz artıb. Aqrar sektorda aparılan islahatlardan danışan Heydər Əsədov qeyd edib ki, yüksək əlavə dəyərin yaradıldığı sənaye tələbatlı kənd təsərrüfatı məhsulları istehsalı istiqamətində görülən tədbirlərin müsbət nəticələri artıq öz bəhrəsini verməkdədir.

“Kənd təsərrüfatı məhsulları ixracının son bir neçə ildən etibarən başlayan yüksək artım dinamikası cari ildə daha böyük templə davam edib. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac 374,8 milyon ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,4 faiz çoxdur. O cümlədən bu sahə üzrə ixracın əsas hissəsini təşkil edən meyvə-tərəvəz məhsullarının ixracı 41,5 faiz artaraq 306,5 milyon ABŞ dollarına çatıb. Ötən ildən etibarən kənd təsərrüfatının ənənəvi sahələri olan pambıqçılıq və tütünçülükdə əldə olunan ciddi dönüş bu məhsullar üzrə ixracda da özünü göstərib: 2017-ci ilin 9 ayında 25,2 min ton və ya ötən illə müqayisədə 2,3 dəfə çox həcmdə pambıq mahlıcı, həmçinin 2,9 min ton və ya ötən ildəkindən 1,8 dəfə çox tütün xammalı ixrac edilib”, - deyə Heydər Əsədov diqqətə çatdırıb.

Göygöl rayonunda Süni Mayalanma Mərkəzinin yaradılmasının üstünlüklərindən də danışan nazir vurğulayıb ki, ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu var.

Nazir Heydər Əsədov Prezident İlham Əliyevin sərəncamları ilə bir qrup kənd təsərrüfatı işçisinin təltif olunduğunu diqqətə çatdırıb, aqrar sektorda çalışanlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

 Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin “Kənd təsərrüfatı sahəsində informasiya sistemləri və innovativ texnologiyaların tətbiqi  çərçivəsində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin layihəsi təqdim edilib.

          Tədbirdə Federasiyanın sədri Tofiq Quliyev çıxış edərək dövlətin aqrar siyasətinin  həyata keçirilməsinin uğurlu nəticələrindən danışmış, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının   sədri , millət vəkili Səttar Möhbalıyevin  kənd təsərrüfatı işçilərinə təbrikini çatdırmış və çıxışının sonunda kənd təsərrüfatının inkişafındakı xidmələrə görə sahənin bir qrup işçisinə Federasiyanın Fəxri fərmanlarını və mükafatlarını təqdim etmişdir.

 
 
 
 
 
      





Çap et  Çap et