Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının VI Qurultayı keçirilmişdir.

06.10.2017

 Cari ilin oktyabr ayının 6-da Azərbaycan Kənd  Təsərrüfatı və Qida Sənayesi İşçiləri   Həmkarlar İttifaqının  VI Qurultayı keçirilmişdir.

Qurultayda 101 nümayəndə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov,  beynəlxalq və xarici ölkə həmkarlar ittifaqlarından nümayəndələr, o cümlədən  Avrasiya Federasiyasının prezidenti Cemail Bakındı, Aqrar Sənaye Həmkarlar İttifaqı Beynəlxalq Birliyinin sədri Natalya Aqapova  və digər qonaqlar, həmçinin qonşu Sahə Həmkarlar İttifaqlarının rəhbərləri  iştirak   etmişdir.

Qurultay başlamazdan qabaq, Sahə həmkarlar ittifaqının təmsil etdiyi sahələrin: kənd təsərrüfatı, meliorasiya  və qida sənayesinin dünəni və bu günündən bəhs edən, həmçinin Federasiyanın fəaliyyətinin özündə əks etdirən qısa videoçarx nümayiş etdirildi.

Qurultayda 2012-2017-ci illər ərzində görülən işlər barədə hesabat məruzəsi ilə Federasiyanın sədri Tofiq Quliyev çıxış etdi. Çıxışının əvvəlində o, kadr məsələlərinə toxundu. Dedi ki, bu gün Sahə Həmkarlar İttifaqında fəaliyyət göstərən komitə sədrlərindən 93,3 faizi ictimai əsaslarla çalışır. Onların bilik və təcrübələrə yiyələnməsindən ötrü AHİK-in və müxtəlif nazirliklərin mütəxəssisləri və rayon icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə ölkənin bütün bölgələrini əhatə edən 135 seminar və dəyirmi masa keçirilmişdir. Seminarlarda 1902 həmkarlar ittifaqı kadr və fəalı iştirak etmişdir. 175 həmkarlar ittifaqı fəalı isə istehsalatdan ayrılmaqla  Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan ixtisasartırma kurslarını bitirmişdir. Son hesabat-seçkilər zamanı ilk həmkarlar ittifaqının seçkili orqanlarında 484 nəfər gənc irəli çəkilmişdir ki, bunlardan da 139 nəfəri sədr vəzifəsinə seçilmişdir. Qadınlar sahə həmkarlar ittifaqı üzvlərinin 35 %-ni təşkil edir. Həmkarlar ittifaqında rəhbər vəzifələrdə, ictimai əsaslar da daxil olmaqla, çalışanların 29,5 faizini zərif cinsin nümayəndələri təşkil edir.

Natiq üzvlərin əmək və sosial hüquqlarının müdafiəsindən danışarkən dedi ki, Federasiyaya işçinin müdiriyyətin təşəbbüsü ilə işdən azad olunması ilə bağlı 35 şikayət ərizəsi daxil olmuşdur. Araşdırma aparılmış, 13 işçi işinə bərpa edilmişdir. Bəzən müdiriyyət işçilərə qarşı qərəzli münasibətindən əl çəkmək istəməyib. Belə vəziyyətlərdə həmkarlar ittifaqı daha prinsipial mövqe tutub, işçinin pozulmuş hüquqlarının bərpası uğrunda axıra qədər mübarizə aparıb. Həmkarlar ittifaqının idarə rəhbərliyi  ilə danışıqları nəticə vermədiyi üçün məsələnin həlli məhkəmə müstəvisinədək çatdırılıb. Federasiyanın mütəxəssisi həmin məhkəmədə nümayəndə qismində iştirak etmiş və məsələ işçinin işə bərpası ilə nəticələnib.

T.Quliyev daha sonra dedi ki, işçilərin əməyinin mühafizəsi daimi diqqətdə saxlanılIb. Federasiyanın əmək müfəttişliyi  hesabat dövründə  71 müəssisədə yoxlama aparıb. İşçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsinin vəziyyəti, aqreqat və mexanizmlərin hərəkət edən və təhlükə törədən hissələrində qoruyucu vasitələrin mövcudluğu, yanğın təhlükəsizliyi tələblərinə əməl olunması və s. ilə bağlı ümumilikdə 354 çatışmazlıq aşkar edilmişdir. 282-si işəgötürən tərəfindən aradan qaldırılmışdır. İcrası üçün vaxt tələb olunan çatışmazlıqlar nəzarətdə saxlanılıb.

 Federasiyanın üzvlərinin sağlamlığı, idman, bədən tərbiyəsi və  beynəlxalq əməkdaşlıq sahəsində  bir çox tədbirlər həyata keçirilmişdir.

Məruzə ətrafında çıxışlarda Federasiyanın və üzv təşkilatların hesabat dövründəki fəaliyyəti bütövlükdə qənaətbəxş dəyərləndirilib.

Təklif olunub ki, AHİK-in gələn  keçiriləcək qurultayında Səttar Möhbalıyevin sədr vəzifəsinə namizədliyi irəli sürülsün və dəstəklənsin.

Ardınca söz qonaqlara verilib. Kənd Təsərrüfatı, Qida və Turizm İşçiləri Avrasiya Federasiyasının prezidenti, Türkiyə "TOLEYİS" Sendikasının genel başkanı Cemail Bakındı, Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə Beynəlxalq Birliyinin sədri, Rusiya Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar İttifaqının sədri Natalya Aqapova, “HÜR-İş” Sendikaları Federasiyasının Genel Başkanı Ahmed Çaluda və digər qonaqlar  çıxış edərək  əlamətdar hadisə - Sahə Həmkarlar İttifaqının Qurultayı münasibəti ilə hamını təbrik etdilər və uğurlar arzuladılar.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev çıxış etdi. Çıxışında həmkarlar ittifaqının güclü ictimai quruma çevrilməsində ilk təşkilatların rolunun əhəmiyyətinə geniş yer ayırdı. Dedi ki, ilk təşkilatlar nə qədər fəal və nüfuz sahibi olarsa həmkarlar ittifaqı mərkəzləri də bir o qədər güclü olar. Biz ilk təşkilatların daha güclü olmasına çalışırıq. Buna nail olmaq üçün maarifləndirmə işinə geniş yer veririk. Bakıda, bölgələrdə seminarlar, dəyirmi masalar keçiririk. Bu tədbirlərə yüzlərlə, minlərlə üzv dinləyici qismində cəlb edilir. İstər respublikamızda, istərsə də xarici ölkələrdə baş tutan beynəlxalq tədbirlərə də hər il həmkarlar ittifaqı əməkdaşları göndərilir.

S.Möhbalıyev yeri gəlmişkən bir məsələni də diqqətə çatdırdı ki, beynəlxalq tədbirlərdə iştirak edən həmkarlar ittifaqı işçiləri mənimsədiyi təcrübəni, bilikləri qayıtdıqdan sonra həmkarları ilə bölüşməlidir.

S.Möhbalıyev yerlərdə həmkarlar ittifaqına qarşı təzyiqlərin olduğunu söylədi: “Siz bu təzyiqlərə qarşı müqavimət göstərmək gücündəsiniz. Bu gücü sizə qanunlarımız verir. Sizin dəstəyiniz ilə biz qanunlarımıza hüquqlarımızı daha da genişləndirən əlavə və dəyişikliklər etməyə nail olmuşuq. İndi üzvlük haqlarını həmkarlar ittifaqının hesabına köçürməyən, işçini işdən həmkarlar ittifaqının razılığı olmadan azad etmək niyyətinə düşən müəssisə rəhbərləri, demək olar ki, yoxdur. Belə bir addımı atmaq istəyənlərin və atanların qarşısında qanunlarımız durur”.

AHİK sədri çıxışında digər mühüm məsələlərə də toxunaraq öz tıvsiyyələrini çatdırdı.

Qurultayda Sahə Həmkarlar İttifaqı Federasiyasının 2017-2022-ci illər üçün fəaliyyətinin Əsas İqtiqamətləri qəbul olundu və  Federasiyanın rəhbər orqanlarının və təftiş komissiyasının tərkibinə üzvlər seçildi. Tofiq Quliyev  yenidən Kənd  Təsərrüfatı və Qida Sənayesi İşçiləri  Həmkarlar İttifaqı Federasiyasının  sədri, Təhmasif  Əliyev sədrin müavini seçildilər.

Sonda Tofiq Quliyevə Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə Beynəlxalq Birliyinin  Yubiley gümüş döş nişanı təqdim olundu.

 

                

     

                                                      

 

             

 

 

 





Çap et  Çap et