Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

İlk təşkilatların səmərəli fəaliyyəti Həmkarlar İttifaqının nüfuzunun əsasıdır

29.05.2017


“Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin növbəti hesabat-seçki konfransı keçirilmişdir. Konfransda komitənin sədri Tağı İsmayılov 2015-2017-ci illər ərzində görülən işlər barədə geniş məruzə ilə çıxış etdi . 
Qeyd etdi ki, konfransın işində bölgələri əhatə edən 40 ilk həmkarlar təşkilatlarından - Elmi-Tədqiqat institutlarından, Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzlərindən, Bölgə Təcrübə Stansiyalarından, Dayaq Məntəqələrindən nümayəndələr iştirak edir.
O, bildirmişdir ki, həmin təşkilatlarda fərdi əmək müqavilələrinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması və imzalanması daim diqqətdə saxlanılmışdır. O, hər bir təşkilatda tərtib olunan kollektiv müqavilələrdə əməyin mühafizəsi, əmək haqqı, sosial müdafiə, işçilərin sağlamlığının qayğısına qalmaq və sair məsələlərin öz əksini tapmasından və onların yerinə yetirilməsinə nail olunmasından danışdı.
Məruzə ətrafında müzakirələrdə konfrans nümayəndələri gənclərin elmi işlərə cəlb edilməsi üçün şərait yaradılmasından, onlara mənzil verilməsindən və ya ev tikmək üçün torpaq sahəsi ayrılması, yaxud bir-birinə yaxın olan elmi-tədqiqat institutlarının işçiləri üçün şəhərcik salınmasından danışdılar. Göstərildi ki, elmi-tədqiqat institutlarında, Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzlərində, Bölgə Təcrübə Stansiyalarından, Dayaq Məntəqələrində və s. aparılan işlərin əksəriyyəti praktiki əhəmiyyət daşıyır. Bu işlərin əsasını təşkil edən və kənd təsərrüfatının inkişafına stimul verən yeni sortların və becərmə texnologiyalarının təkmilləşdirilməsində, bitkiçilikdə və heyvandarlıqda səmərəli mühafizə üsullarının işlənib öyrənilməsində, mühüm işlərin həyata keçirilməsində həmkarlar təşkilatının rolunu qeyd etdilər.
Təşkilatlarla əlaqəni daha da möhkəmləndirmək, işçilərin problemlərinin həllinə diqqətin artırılmasının vacibliyini vurğuladılar.
Komitənin işi kafi qiymətləndirildi. Konfrans nümayəndələri Tağı İsmayılova etimad göstərərək onu yenidən BHİK-nin sədri seçdilər.
Konfransın işində Federasiyanın sədr müavini Təhmasib Əliyev iştirak edərək, geniş məzmunlu çıxış etdi.





Çap et  Çap et