Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

“Kənd-Qida-İş" Həmkarlar İttifaqının növbəti III Məclisi keçirilmişdir.

08.11.2018

Noyabrın 8-də “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının növbəti Məclisi keçirilmişdir.Məclisdə “Qeyri-formal məşğulluq, sosial dialoqun gücləndirilməsi və sahə həmkarlar ittifaqının sosial bazasının genişləndirilməsi istiqamətində qarşıda duran vəzifələr” mövzusunda məruzə dinlənilmişdir.

2018-ci ilin büdcəsinin yerinə yetirilməsinin vəziyyəti, 2019-cu ilin büdcə layihəsi müzakirə edilib, təsdiq olunub və sonda təşkilati məsələyə baxılmışdır.

Məclisi Federasiyanın sədri Tofiq Quliyev giriş sözü ilə açaraq,ölkənin sosial-iqtisadi göstəricilərini diqqətə çatdırıb.Qeyd edib ki, son 12 ildə ölkə iqtisadiyyatına 200 milyard manat həcmində investisiya qoyulub. Bunun da yarısını xarici investisiya təşkil edir. Ümumi daxili məhsul 3 dəfədən çox, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə və orta aylıq nominal əməkhaqqı 3,8 dəfə artıb. İşsizliyin səviyyəsi 5 faiz, yoxsulluq isə 5,4 faizə qədər endirilib.

İlk 9 ayda kənd təsərrüfatı məhsullarının ümumi həcmi əvvəlki ilin müvafiq dövrü  ilə müqayisədə 4,3 faiz,  o cümlədən bitkiçilik məhsullarının istehsalı 5,8 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,7 faiz artıb.

 T.Quliyev daha sonra iştirakçılara və qonaqlara Dağlıq Qarabağ və onun ətrafında baş vermiş hadisələr barədə videogörüntülü məlumat verib.

Birinci məsələ ilə bağlı Federasiyanın sədr müavini Təhmasib Əliyev məruzəsi dinlənilib.

Sədr müavini bildirib ki, dünyada gedən siyasi-iqtisadi proseslər inkişafa təkan verməklə yanaşı, yeni problemlər də yaradır. Belə problemlərdən biri də qeyri-formal məşğulluqdur.

Qeyri-formal məşğulluq ilk növbədə dövlətçiliyin təməl prinsiplərinə, xüsusən də qanunvericilik qarşısında hər kəsin bərabər məsuliyyət daşıma prinsipinə zidd olmaqla vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməməsinə səbəb olur. Nəticədə dövlət büdcəsinə, insanların cari və gələcək sosial təminat hüquqlarına mənfi təsir göstərir, ictimai birliyin və sosial ədalətin tam təminatına mane olur, onların iqtisadi risklərdən qorunması mümkün olmur.

İşçilər təhlükəli iş yerlərində və normallaşdırılmamış iş rejimində çalışır, əməyin mühafizəsi qaydalarından kənarda qalır, minimum əməkhaqqı məbləğindən də aşağı əməkhaqqı alır, məzuniyyət və müavinət almaq hüquqlarından məhrum olurlar.

Qeyri-formal məşğulluq daha çox qadınlara, aztəminatlı ailələrə, gənclərə və miqrantlara mənfi təsir edir. Bu məşğulluq əsasən təhsilsiz, peşəsiz və ixtisassız şəxslərdən ibarət olduğundan, bu sahədə fəaliyyət göstərən işəgötürənlər insan kapitalının formalaşmasına investisiya yatırmaqda maraqlı olmurlar. Qeyri-formal iqtisadiyyat, Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə kifayət qədər dərindən təhlil edilməyib və hələ də araşdırılması zəruri olan məsələlərdəndir. Hazırda Azərbaycan hökuməti bu problemin aradan qaldırılması istiqamətində səmərəli tədbirlər həyata keçirməkdədir. İlk növbədə iqtisadiyyatın bütün sahələrinin inkişafına, dünya iqtisadi sisteminə inteqrasiyaya, sahibkarlıq sektorunun davamlı və stabil inkişafına, əhalinin sosial müdafiəsinin təmin edilməsinə xüsusi diqqət göstərilir.

2016-cı ilin sentyabrında Azərbaycan hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində 2016-2020-ci illər üçün birgə fəaliyyət istiqamətlərini müəyyən edən Layiqlı Əmək üzrə Ölkə Proqramının qəbul edilməsi ölkədə sosial inkişaf naminə mühüm məqsədlərin reallaşması yönümündə növbəti addım olmuşdur.

Proqramda həmkarlar ittifaqı təşkilatlarına əməyin ödənilməsi sahəsində öz səylərini ilk növbədə əməkhaqqı siyasətinin, əməyin ödənilməsi üzrə qanunvericiliyin təkmilləşdirilməsinə, orta aylıq əməkhaqlarının artırılmasına yönəltmələri tövsiyə edilib. Bundan əlavə, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçidlə bağlı Beynəlxalq Əmək Təşkilatının (BƏT) 204 saylı Tövsiyəsinin həyata keçirilməsi məqsədilə həmkarlar ittifaqlarının bu sahədə görəcəyi işlərə dair Tədbirlər Planı işlənib hazırlanıb və BƏT -in Regional Bürosu ilə birlikdə müzakirə olunub və bəyənilib.

Məclisdə AHİK sədrinin müavini Cavanşir Alxasov çıxış edib.

Sonda 2018-ci ildə fərqlənmiş 6 nəfər sahə Hİ işçisinə “UHİK-in 25 illiyi” yubiley Fəxri Fərmanı, 18 nəfərə “AHİK-in 25 illiyi” yubiley döş nişanı, “Məhsul” KKİC Respublika Şurasının idman yarışlarında yüksək nəticə göstərmiş 8 nəfər yetirməsinə “Kənd-Qida-İş” Hİ Federasiyasının diplomları və mükafatları təqdim olunmuşdur.

Tədbirdə qonaq qismində Belarus Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar İttifaqının sədri Nikolay Labuşevin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edmişdir.





Çap et  Çap et