AZE ENG RUS
Xəbərlər

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birgə «İş yerlərində kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi üzrə təhlükəsizlik tələbləri» mövzusunda növbəti Seminar keçirmişdir.

27.05.2014

    Seminarda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməyin mühafizəsi üzrə məsul şəxsləri, Federaslyanın və AHİK-in məsul işçiləri, həmçinin Sahə Həmkarlar İttifaqının xidmətinə daxil olan müəssisələrin əməyin mühafizəsi üzrə mütəxəssisləri və Hİ fəalları iştirak edirdi.
Əvvəlcə Seminar iştirakçılarına Federasiya  tərəfindən hazırlanmış əməyin  mühafizəsi üzrə təhlükəsizlik tələblərinə həsr edilmiş videorolik nümayiş etdirildi.
    Daha sonra, Seminarı giriş sözü ilə Federasiyanın sədri Tofiq Quliyev açaraq, qeyd etmişdir ki,  bugünkü Seminar Beynəlxalq Əmək  Təşkilatının 2014-cü ildə Ümumdünya əməyin mühafizəsi (28 aprel) gününə həsr olunmuş tədbirlər  çərçivəsində keçirilən silsilə seminarların davamıdır və növbəti seminarların keçirilməsi bunda sonra da davam etdiriləcəkdir. Azərbaycan BƏT-in əsas işçi hüquqları ilə bağlı 57 konvensiyasını qəbul edib və onlardan 21-i əməyin mühafizəsinə və təhlükəsizliyinə aiddir. Bu konvensiyaların ümdə prinsipləri ölkəmizin Əmək Məcəlləsinin “Əməyin mühafizəsi” bölməsində əksini tapmışdır.     Bu bölmə, əmək fəaliyyəti prosesində işçinin həyatının və sağlamlığının qorunması ilə yanaşı özündə hüquqi, sosial-iqtisadi,təşkilati-texniki, sanitar-gigiyena, müalicə-profilaktika və s. məsələləri birləşdirir. Sahə Həmkarlar İttifaqı Federasiyası tərəfindən keçirilən hər bir tədbirin məqsədi bu sahədə ictimai nəzarət funksiyasını həyata keçirən həmkarlar ittifaqı fəallarının maarifləndirilməsi, yeni normativ  hüquqi aktlarla məlumatlandırılması, əməyin mühafizəsinə dair vəsaitlərləa təmin edilməsi və nəhayət onların fəallığının artırılmasıdır.
    Seminar,  Kənd-Təsərrüfatı Nazirliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Camal Quliyevin  “Kənd təsərrüfatında pestisidlərlə iş zamanı  təhlükəsizlik qaydaları”  mövzusunda məruzəsi ilə davam etdirildi. C.Quliyev məruzəsini bu məsələ ətrafında hazırlanmış slayd-şou ilə davam etdirərək,  insektisidlərin təsir xarakterinə görə təsnifatı, aqronomiya toksikologiyası,  pestisidlərin tətbiqinin sanitar gigiyenik əsasları,    zəhərlənmənin baş vermə səbəbləri və şəraiti, gigiyenik təsnifat və s.barədə iştirakçıları məlumatlandırdı. O, pestisidlərlə iş zamanı insan və ətraf mühit üçün maksimum təhlükəsizlik təmin edilməsi, tibbi müayinədən keçməyən, 18 yaşına çatmamış işçilərin, hamilə və uşaqlı qadınların pestisidlərlə işləməsinə yol verilməməsi, pestisidlərin nəqli və boşaldılması zamanı qadın əməyindən istifadə olunmasının qadağan edilməsi və s.barədə ətraflı izahat verdi.
    Federasiyanın Baş  texniki əmək  müfəttişi Anar Tağıyev     “Kimyəvi maddələrdən istifadə zamanı əməyin  mühafizəsi sahəsində həmkarlar  ittifaqı
təşkilatının rolu"  mövzusu ilə Seminarı davam etdirdi. O, qeyd etdi ki,  Əməyin mühafizəsi məsələlərinin düzgün həllində həmkarlar ittifaqları nümayəndələri mühüm rol oynayır. Hər bir həmkarlar ittifaqı təşkilatı kollektiv müqavilələrdə əməyin mühafizəsi üzrə qoyulmuş şərtlərin yerinə yetirilməsinə və bu sahəyə ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət etməlidirlər.
    Hər bir Hİ fəalı Əməyin mühafizəsi üzrə qanunvericiliyi bilməli,komissiyalarla və ictimai müvəkkillərlə birlikdə daima iş yerlərində, xüsusi ilə ağır və zərərli sahələrdə əməyin mühafizəsinin vəziyyətini yoxlamalı, aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını işəgötürəndən tələb etməlidirlər.
    Bununla da ictimai nəzarət funksiyasını həyata keçirən həmkarlar ittifaqının fəallığı müəssisə, idarə və təsərrüfatlarda zərərli istehsal amillərinin azalmasına,baş verə biləcək hər hansı bir bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınmasına gətirib çıxaracaq.
Seminar sual və cavablarla yekunlaşdırıldı.