AZE ENG RUS
Xəbərlər

Xocalı faciəsi yad edildi.

21.02.2014

   “ Kənd -Qida-İş” Hİ Federasiyasında XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımının anım tədbiri keçirildi.
Federasiyanın sədri T. Quliyev tədbiri açaraq bildirdi ki, Xocalı faciəsi nəinki bir millətə qarşı soyqırım, eləcə də bütün bəşəriyyətə qarşı yönəlmiş  ən ağır bir cinayət idi. Minlərlə əhalisi olan bütov bir şəhər ən müasir texnika ilə silahlanmış erməni quldur dəstələri və onların havadarlarından ibarət hərbi qüvvələrin təcavüzünə məruz qaldı, yer üzündən silindi. Yüzlərlə mülki adam - məsum körpə, əlsiz-ayaqsız qoca, günahsız qadın, silahsız kişi məhv edildi, diri-diri yandırıldı.
Toplantıda çıxış edənlər bu hadisəni törədənləri, onlara havadarlıq edənləri nifrətlə pislədilər və qeyd etdilər ki, o gecəni, o günləri anmaq olduqca ağırdır. Həmin gecə canlı insan tonqalı qalanmış, yüzlərlə əsir götürülmüşdür. Canını yağı düşməndən qorumaq  üçün  dağlara, meşələrə üz tutanlar  qurd-quşa yem olmuş, şaxtadan buz bağlamışdılar.
O günlə bu günün arasında bir insan ömrü qədər zaman keçsə də, o, müdhiş, dəhşətli  gecənin vahiməsi  heç vaxt unudulmayacaq.
Bütün çıxış edənlər yekdil bir fikrə gəldilər ki, dünya Xocalı faciəsi barədə həqiqəti bilməli və yadda saxlamalıdır. Cəzasız cinayət yoxdur və ola bilməz. Bir  gün  gələcək, həmin dəhşətli cinayətdə əli olanlar öz mənfur  əməllərinə görə cavab verməli olacaqlar.
Federasiyanın sədri həmçinin qeyd etdi ki, Xocalıdan olan məcburi köçkün ailələri həmişə Federasiyanın diqqət mərkəzində olmuş, onlara maddi və mənəvi köməklik göstərilmiş və bu işlər indi də davam etdirilir.
Xocalı faciəsi  ilə əlaqədar bütün üzv təşkilatlarda anım tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur.