AZE ENG RUS
Xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili S.Mehbalıyevin www.yap.org.az saytına müsahibəsini təqdim edirik

08.07.2013

sedr135

Azərbaycan cəmiyyətində həmkarlar ittifaqlarının nüfuzu əhəmiyyətli dərəcədə artır

- Səttar müəllim, bu ilin əvvəllərində Azərbaycan həmkarlar təşkilatlarının həyatında əlamətdar hadisə baş vermişdir. Belə ki, AHİK-in növbəti qurultayı keçirildi və bu qurultayda vacib qərarlar qəbul olundu. Həmkarlar təşkilatlarının qurultayın qərarlarının yerinə yetirilməsi üçün üzərinə nə kimi vəzifələr düşür?

Bu bizim üçün çox böyük və əlamətdar hadisəyə çevrilmişdir. Qurultayda 1300-dək nümayəndə, 40-dan artıq xarici ölkə həmkarlar ittifaqının, həmçinin Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının təmsilçiləri iştirak etmişlər. AHİK-in qurultaydakı hesabat məruzəsi, onun ətrafındakı müzakirələr və qəbul olunan sənədlər bir daha sübut etmişdir ki, Azərbaycan Həmkarlar İttifaqları sosial ədalət prinsiplərinin bərqərar olmasında, əmək və sosial hüquqların qorunmasında, əməyin və sağlamlığın mühafizəsində və bir çox başqa problemlərin həllində öz yerini və rolunu möhkəmləndirir.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AHİK-in IV qurultayına ünvanladığı təbrikdə AHİK-i ölkənin ən kütləvi ictimai təşkilatı kimi vətəndaş cəmiyyətinin fəal təsisatlarından biri hesab etmişdir. Ölkəmizdəki makro-iqtisadi sabitlik, ümumdaxili məhsulun və əhalinin pul gəlirlərinin yüksəlməsi və s. insana investisiya qoyuluşu məqsədilə həyata keçirilən tədbirlərin sayını getdikcə artırır. Bu gün əhalinin sağlamlığının qorunmasını, işçilərin müalicə-profilaktika, sanitar-məişət xidmətinin və sanatoriya-kurort müalicəsinin təşkilinin təmin olunmasını həmkarlar ittifaqları özünün ümdə vəzifələrindən hesab edir.

Qurultay həmkarlar ittifaqlarının qarşısında duran vəzifələri müəyyənləşdirməklə cari ildə keçiriləcək prezident seçkisində Ümummilli lider Heydər Əliyevin ideyalarını inamla həyata keçirən cənab İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürmüş, bu qərarın dəstəklənməsi üçün respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına müraciət qəbul etmişdir.

- Ümummilli liderimiz Heydər Əliyev bütün sahələrdə olduğu kimi həmkarlar təşkilatlarının işinə böyük qayğı ilə yanaşmışdır. Bu siyasəti hazırda Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir 

- Həmkarlar ittifaqları fəaliyyətə başladığı gündən işçilərin sağlamlıqının qorunmasında, istirahətinin təşkilində, onların ailə üzvlərinin dincəlməsində maraqlı olmuş, sanatoriya-kurort və istirahət evlərinin, pansionatların, turist bazalarının şəbəkəsinin genişləndirilməsinə xüsusi diqqət yetirmişdir. Respublikadakı mövcud sanatoriya-kurort şəbəkəsinin yaradılmasına illər boyu milyonlarla vəsait xərclənmiş, həmkarlar ittifaqı üzvləri və ailələrinin güzəştli yollayışlarla sağlamlıq ocaqlarında dincəlməsi təmin edilmişdir.

Ümummilli lider Heydər Əliyevin uzun illər Azərbaycanda sanatoriya və kurort sahəsinin inkişafına göstərdiyi əvəzsiz xidmətləri işçilərin sosial problemlərinin həllində, əmək və istirahət hüquqlarının təmin olunmasında həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaratmışdır. Onun rəhbərliyi ilə ötən əsrin 70-ci illərində «Naftalan», «İstisu» kurortlarında və Xəzər dənizinin qərb sahillərində sağlamlıq ocaqları şəbəkəsi geniş inkişaf etdirilmişdir. Məqsəd Azərbaycanın yeni sağlamlıq ocaqlarında əhalinin sağlamlığı və normal istirahəti üçün şərait yaratmaq, respublikanı turist diyarına çevirərək geniş miqyasda tanıtmaq idi.

Ulu öndərin təşəbbüsü ilə 1983-cü ilin aprelində qəbul olunmuş «Xəzər dənizinin Azərbaycan SSR-ə aid sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonası yaradılması tədbirləri haqqında» qərarın həyata keçirilməsi Azərbayjanın gələjək inkişafına hesablanmış faydalı tədbirlərin davamı idi. Bunlarla yanaşı, ümummilli lider əhalinin sağlamlığının qorunması və istirahətlərinin təşkili məsələlərinin həlli istiqamətində Azərbayjan həmkarlar ittifaqlarının gördüyü işləri daim yüksək qiymətləndirir, bu istiqamətdə irəli sürülən təklifləri müdafiə edirdi.

Heydər Əliyev yolunu inamla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev hələ 2005-ci ilin sonunda Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 100, həmkarlar ittifaqı mərkəzinin 85 illiyi münasibətilə Azərbaycan həmkarlar ittifaqlarının üzvlərinə təbrik məktubunda «müalicə və istirahət ocaqlarının, idman komplekslərinin və mədəniyyət mərkəzlərinin geniş şəbəkəsinin yaradılmasının və zəhmətkeşlərin xidmətinə verilməsinin həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin mühüm istiqamətləri olduğunu» qeyd etmişdir.

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan kurortları Dövlət Proqramı haqqında» 27 fevral 2007-ci il tarixli Sərəncamı isə ölkədə aparılan siyasətin sosial yönümlü olduğunu bir daha sübut etdi. Dövlət başçısı bu sərəncamla ölkədəki sanatoriya və kurortlar şəbəkəsinin müasir tələblərə uyğun inkişafı, insanların sağlamlıqlarının qorunması naminə yüksək səviyyəli müalicə və istirahətin təmin edilməsi üçün böyük imkanlar açmışdır.

Məhz respublika rəhbərliyinin qayğısı və Konfederasiyanın səyləri nəticəsində işçilərin və onların ailə üzvlərinin istirahətinin təşkilinə, sağlam həyat tərzi sürmələrinə şərait yaradılmasına xüsusi önəm verilir, bu sahədə ciddi islahatlar həyata keçirilir. Üçtərəfli Baş Sazişdə, ərazi və sahə müqavilələrində bu məsələlər öz əksini tapır, peşə xəstəliklərinin azalmasına, həmçinin profilaktikasına yönəldilmiş proqramlar işlənib hazırlanır və həyata keçirilir.

Belə tədbirlərdən biri 2013-cü ilin aprel ayında BƏT-in «Peşə xəstəliklərinin profilaktikası» mövzusunda layihəsinə uyğun olaraq respublikada görülən işlər oldu. 7 şəhər və rayonda keçirilən tematik seminarlarda 330 nəfər həmkarlar ittifaqı fəalı iştirak etmiş, 1200 müəssisə, təşkilat və sex baxış-müsabiqəyə qoşulmuşdur. Onlardan 45-i qalib olmuşdur.

- AHİK sistemində nə qədər kurort və istirahət mərkəzləri fəaliyyət göstərir? Həmkarlar ittifaqlarının bütün müalicə ocaqlarına tələbat nə qədərdir? 

- Sağlamlığın mühafizəsi hər bir insanın hüququdur. Həmkarlar ittifaqları bu hüququn qorunmasını qətiyyətlə müdafiə edir, işçilərin və onların ailə üzvlərinin sağlamlığının qorunması və istirahətinin təşkili sahəsində ciddi tədbirlər görür.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sistemində fəaliyyət göstərən 7 sanatoriya, 1 müalicə pansionatı və 2 istirahət evi vardır. Sanatoriya–kurort və istirahət müəssisələrində hər il yeni mövsümə başlarkən daxili imkanlar hesabına təmir işləri aparılır. «Kurort» Səhmdar Cəmiyyətinin «Bilgəh», «Qaranquş», «Günəşli» sanatoriyalarının bəzi yataq və müalicə korpusları əsaslı təmir edilmiş, kabinetlər müasir standartlara uyğun olaraq yenidən qurulmuşdur. «Kolxozlararasısağlamlıq» Respublika Birliyinin «Nabran» istirahət zonasında yerləşən «Şahdağ» istirahət evi, Qax rayonunda yerləşən «Şəfa» müalicə pansionatı təmir olunmuş, ərazisində üzgüçülük hovuzu inşa edilmişdir. Bir çox sanatoriya və istirahət ocağında lüks və yarımlüks otaqlar yaradılmış, xidmətin səviyyəsi yaxşılaşdırılmışdır.

2012-ci ildə 40 min nəfərdən artıq zəhmətkeşin müalicə və istirahəti təmin olunmuşdur. 2013-cü ilə müalicə və istirahətlərin təmin olunmasının sayının 50 min nəfərə çatdırılması gözlənilir.

Turizm və Ekskursiyalar Şurasının tabeliyində olan turist bazalarında hər il orta hesabla 3400 nəfərə yaxın, «Kolxozlararasısağlamlıq» Respublika Birliyinin istirahət ocaqlarında 1400 nəfərdən artıq əməkçi və onların ailə üzvləri dincəlirlər. Azərbaycan Həmkarlar İttifaqları işçilərin istirahətinin təşkili üçün hər il təqribən 11,5 milyon manatdan artıq vəsait xərcləyir. Həmkarlar ittifaqı təşkilatlarının daxili imkanları hesabına təşkil olunmuş sanatoriya-kurort müalicəsi və istirahət nəzərə alınmaqla bu rəqəm son iki ildə 31,5 milyon manata yaxın olmuşdur.

Hazırda həmkarlar ittifaqlarının bütün müalicə ocaqlarına tələbat böyükdür. İldən-ilə sanatoriya və istirahət ocaqlarında müalicənin və asudə vaxtın təşkilinin keyfiyyətinin artması sanatoriya və istirahət evlərinə axına da müsbət təsir göstərmişdir. Lakin bu müəssisələrin 12.600 çarpayı fondunun yalnız 2250-sindən sanatoriya-kurort müalicəsi və istirahəti üçün istifadə edilir. Bunun əsas səbəbi orada qaçqınların və məcburi köçkünlərin məskunlaşması, çarpayı fondunun bir hissəsinin işğal olunmuş ərazilərdə qalmasıdır.

Biz çalışırıq ki, bu çatışmazlığı yeni istirahət ocaqlarının istifadəyə verilməsi ilə aradan qaldıraq. Məqsədimizə nail olmaq yolunda uğurlu addımlar atılmışdır. AHİK-in üzv təşkilatları öz vəsaitləri hesabına tikdirdikləri istirahət ocaqlarında həmkarlar ittifaqı üzvlərinin istirahətinin səmərəli təşkilinə nail olmaq üçün var qüvvələrini sərf edirlər. Ötən 5 il ərzində Dəmiryolçuların Müstəqil HİRK-in 140 yerlik, Dövlət İdarələri və İjtimai Xidmət İşçiləri HİRK-in 96 yerlik, Rabitə İşçiləri Müstəqil HİRK-in 52 yerlik istirahət evi fəaliyyətə başlamışdır. Müvafiq olaraq onlarda il ərzində cəmi 2000 nəfərə yaxın işçi dincəlir.

Bu ilin iyunun 29-da Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nabran qəsəbəsində «Təhsil» istirahət mərkəzinin açılış mərasimi olmuşdur. Təbiət qoynunda salınmış istirahət mərkəzi eyni vaxtda 260 nəfərə xidmət edə bilər. Mərkəzdə təhsil işçilərinin dincəlmələri üçün müasir mehmanxana binası, kotteclər, mini stadionlar, üzgüçülük hovuzu, ilkin tibbi yardım otağı, internet klub istifadəyə verilmişdir.

«Təhsil» istirahət mərkəzi əsasən yay məzuniyyəti dövründə təhsil işçilərinə xidmət göstərəcəkdir. Mərkəzdə qış mövsümündə də xidmət göstərilməsi üçün müvafiq işlər görülməkdədir. Nabranda istirahət mərkəzinin istifadəyə verilməsi dövlətimizin təhsil işçilərinə diqqət və qayğısının daha bir göstəricisidir. İttifaq üzvlərinin, onların ailələrinin sağlamlığına qayğı göstərilməsi, sanatoriya-kurort müalicəsinin və istirahətlərinin təşkil edilməsi üçün tədbirlər bundan sonra da həyata keçiriləcəkdir.

- Son illər həmkarlar təşkilatarı tərəfindən ümumilikdə nə qədər insan müalicə və istirahətə göndərilib? Maddi imkanları zəif olanlara təşkilatlar lazımi dəstək verə bilirlərmi? 

- Ümumiyyətlə, ötən beş ildə 158.889 nəfərin istirahət və müalicəsini təşkil etmişik. Həmkarlar ittifaqları bunun üçün 70,7 milyon manat vəsait xərcləmişdir. Sanatoriya-kurort yollayışlarından 90 faizdən çox hissəsi əməkçilərə dəyərinin 15 faizi ödənilməklə, 10 faizə qədəri tam güzəştlə pulsuz verilmişdir.

AHİK və sahə həmkarlar ittifaqları yay aylarında uşaqların istirahətinin təşkilinə də ciddi diqqət yetirirlər. Son beş ildə həmkarlar ittifaqlarının uşaq-sağlamlıq düşərgələrində 11.000 nəfər dincəlmiş, bu məqsədlə 1,5 milyon manatdan çox vəsait xərclənmişdir. Bundan başqa, 30 min nəfərdən çox uşaq və yeniyetmələrin valideynləri ilə birlikdə istirahətlərinə 10 milyon manatdan çox vəsait sərf olunmuş, aztəminatlı ailələrin, məcburi köçkünlərin, qaçqınların uşaqlarına güzəştlər edilmişdir.

Təkcə son iki ilin rəqəmlərinə nəzər salsaq görərik ki, sanatoriya-kurort və istirahət ocaqlarında 65 min nəfərdən çox əməkçi və onların ailə üzvlərinin birgə istirahəti təşkil edilmişdir. 10 min nəfərdən çox işçi yollayışlardan pulsuz istifadə etmişdir. Həmkarlar ittifaqları təşkilatlarının daxili imkanları hesabına sanatoriya-kurort və istirahət müəssisələrində 25 min nəfərə yaxın əməkçi və onların ailə üzvlərinin müalicə və istirahəti təmin olunmuşdur. Əhalinin həyat səviyyəsinin yüksəlməsi və gəlirlərinin artması nəticəsində respublikanın şəfa ocaqlarında müalicə almaq arzusunda olanların sayı da ilbəil artır. Məsələn, 2012-ci ildə zəhmətkeş və onların ailə üzvlərinin sanatoriya-kurort və istirahət yollayışları ilə təmin edilməsi 2010-cu illə müqayisədə təqribən 10 min nəfər çoxdur.

Sirr deyil ki, bəzi üzvlərimizin maddi durumu yollayışların dəyərinin qismən ödənilməsinə imkan vermir. Rabitə İşçiləri Müstəqil HİRK, Aviasiya İşçiləri HİRK, Neft-Qaz Sənayesi İşçiləri HİRK, Dəmiryolçuların Müstəqil HİRK və bir çox başqa sahələrdə tarif sazişləri və kollektiv müqavilələr vasitəsilə yollayışların dəyərinin qismən ödənilən hissəsinin təsərrüfat orqanlarının üzərinə götürməsinə nail olunmuşdur. Belə ki, sahələrdə olan üzvlərimiz yollayışları pulsuz əldə edə bilirlər. Sözsüz ki, bu, ailə büdcələri üçün hissolunacaq dərəcədədir və həmin istiqamətdə fəaliyətimizi bundan sonra da davam etdirəcəyik.

İşçilər iş yerlərində, tələbələr isə təhsil aldıqları müəssisələrdə həmkarlar ittifaqı komitələrinə ərizə ilə müraciət edərək müalicə və istirahət üçün yollayışlar alırlar. Müəssisənin həmkarlar ittifaqı komitələri, onların xüsusi komissiyaları yollayışlara daha çox ehtiyacı olanları müəyyən edir, onların qeydiyyatını apardıqdan sonra Rəyasət Heyətinin yığıncağının qərarına əsasən, işçilərin təqdim etdikləri tibbi arayışa uyğun olaraq, müvafiq yollayışlarla təmin edir.

- Səttar müəllim, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün bu sahəyə vurduğu ziyanın miqyası nə qədərdir? 

- Qeyd etdiyim kimi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının «Kurort» Səhmdar Cəmiyyəti əməkçilərin sağlamlığının qorunması və mühafizəsi baxımından özünün mövcud imkanlarından obyektiv səbəblərdən tam olaraq istifadə edə bilmir.

1989-cu ildən etibarən respublikanın düşdüyü ağır müharibə vəziyyəti, sanatoriya, pansionat və kurortlarımızdan da yan keçməmişdir. «Şuşa», «İstisu» sanatoriyaları erməni təcavüzkarları tərəfindən işğal olunmuş ərazilərdə qalmışdır. Azərbaycan Həmkarlar İttifaqlarının «Kurort» Səhmdar Cəmiyyətinə 2,2 milyard manatdan artıq ziyan dəymişdir. Cəmiyyətin xidmətində olan müxtəlif profilli sanatoriyaların çarpayı fondunun 80 faizində 7000-ə yaxın qaçqın və məcburi köçkün yaşayır. Hazırda çarpayı fondunun yalnız 20%-i sanatoriya-kurort müalicəsi üçün istifadə edilir. Lakin biz inanırıq ki, tezliklə torpaqlarımız erməni təcavüzkarlarından azad olunacaq və Dağlıq Qarabağ problemi öz həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü münasibətilə keçirilən möhtəşəm və təntənəli hərbi parad bir daha göstərdi ki, bu missiyanı həyata keçirə bilən nizami ordumuz vardır. Zabit və əsgərlərimiz tükənməz vətənpərvərlik hissi və yüksək döyüş hazırlığı ilə seçilir. Ali Baş Komandan İlham Əliyevin qarşısından inamlı addımlarla keçən igid döyüşçülərimiz ordu quruculuğu sahəsində əldə olunan inkişafı və ölkəmizin hərbi qüdrətini əyani nümayiş etdirdilər. İnanırıq ki, güclü Azərbaycanın güclü ordusu qələbəmizi təmin edəcəkdir.

1 milyon 600 min nəfəri özündə birləşdirən, böyük gücə və nüfuza malik olan Azərbaycan Həmkarlar İttifaqları bütün qüvvələrini işçilərin sosial müdafiəsi, o cümlədən işçilərin sağlamlığının qorunması və istirahətinin təşkili məsələlərinin ədalətli həllinə yönəldir, qarşısında duran vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə səy göstərir. Sanatoriya-kurort şəbəkəsinin inkişafında təcrübəli və bacarıqlı tibb işçilərimizin də böyük əməyi vardır.

Son illər Azərbaycan Həmkarlar İttifaqlarının işçilərin sağlamlıqlarının qorunması, onların istirahət və müalicələrinin təmin edilməsi sahəsində apardıqları iş respublika rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilərək Azərbaycan Turizm və Ekskursiyalar üzrə Respublika Şurasının 70, kurort sahəsinin 60 illiyi münasibətilə 30 nəfər həmkarlar ittifaqı fəalları respublikanın orden, medal və fəxri adları ilə təltif edilmişdir. Biz bu qayğını daim hiss etmişik və onu yüksək qiymətləndiririk.

Müasir Azərbaycan cəmiyyətində həmkarlar ittifaqlarının nüfuzunun getdikcə artması, əhalinin sosial-iqtisadi problemlərinin həlli sahəsində hökumətlə sıx əməkdaşlıq etməsi Azərbaycan həmkarlar ittifaqlarına göstərilən inam və etimadın bariz nümunəsidir.

AHİK-in IV qurultayında qəbul olunmuş bütün sənədlərdə və «2013-2018-ci illər üçün AHİK-in fəaliyyətinin Əsas İstiqamətləri»ndə qətiyyətlə bildirilir ki, çoxsaylı üzvlərimizin ümidlərini doğrultmaqdan ötrü var qüvvəmizlə çalışacaq, inkişafın mərkəzində əmək adamının olması üçün hər şeyi edəcəyik.