AZE ENG RUS
Xəbərlər

AHİK-in təşkilatçılığı ilə məcburi əməklə bağlı beynəlxalq seminar keçirilib

02.08.2022

Avqustun 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Beynəlxalq Əmək Təşkilatının 105-ci, 29-cu konvensiyalarına və eyni zamanda 29-cu protokoluna dair beynəlxalq əmək standartlarının tətbiqi, Beynəlxalq Əmək Təşkilatının nəzarət mexanizmi, eləcə də konvensiya və protokolun ratifikasiyasının dəstəklənməsində həmkarlar ittifaqlarının rolu” mövzusunda hibrid formatda seminar keçirilib.

Seminarda AHİK sədrinin I müavini İlyas Əliyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva bürosunun Baş mütəxəssisi Qoça Aleksandriya, BƏT-nin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin baş mütəxəssisi Miranda Facerman, BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və digər şəslər iştirak ediblər.

Seminarın açılışında çıxış edən AHİK sədrinin müavini İlyas Əliyev qlobal problem olan məcburi əməkdən, bunun milyonlarla insanın hüquqlarını pozmasından, xüsusilə özəl sektorda daha geniş vüsət almasından, həmçinin məcburi əməyin bütün formaları ilə mübarizənin üsul və vasitələrindən danışıb.

Bildirib ki, bütün hüquq pozuntuları hökumətin, AHİK-in, həmçinin işəgötürənlərin  daimi nəzarətindədir.

AHİK sədrinin müavini vurğulayıb ki, sosial partnyorlarla birgə icbari əmək riski barədə ictimaiyyətin məlumatlandırılması, qeyri-qanuni miqrantların alternativ yerli gəlir imkanları və bacarıqları ilə təmin edilməsi, işçilərin öz hüquqları və sərt qanunların həyata keçirilməsi ilə əlaqədar maarifləndirilməsi istiqamətində işlərin aparılmasını planlaşdırırıq. Bütün bunlar icbari əməyin ləğvinə nail olmaq imkanlarını artırır.

Sonra AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov “Standartların Tətbiqi üzrə komitənin nəticələrinin və Azərbaycan tərəfindən 105-ci konvensiyanın tətbiqinə dair AHİK-in mövqeyi” mövzusunda çıxış edərək fikirlərini iştirakçıların diqqətinə çatdırdı.

Digər çıxış edənlər – Q.AleksandriyaM.Facerman və başqaları məcburi əməyin qurbanı olan şəxslərin hüquqlarının müdafiəsindən, onlara dəyən zərərin mütləq ödənilməsindən, maarifləndirmə işinin təşkilindən, bu sahədə əmək müfəttişliyi xidmətlərinin işinin gücləndirilməsindən, həmçinin məcburi əməyin risklərini artıran əsas səbəblərin və amillərin aradan qaldırılması zərurətindən bəhs ediblər.

       

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi