AZE ENG RUS
Xəbərlər

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan hərbçilərini təbrik edib

26.06.2022

Təbrikdə deyilir:

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun bütün zabit və əsgərlərini 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə öz adımdan, həmçinin həmkarlar ittifaqlarının çoxsaylı üzvləri adından səmimi qəlbdən təbrik edir, müqəddəs Vətənimiz naminə şərəfli işdə onlara uğurlar arzulayıram.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Fəxarətlə deyə bilərik ki, hazırda Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb.

Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətləri kimi diqqət çəkir. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlıq salnaməsidir. Ordumuz işğal altında olan torpaqlarımızı azad etməklə böyük bir missiyanı yerinə yetirərək şanlı tariximizi yazdı. Xalqımızın hər bir nümayəndəsi öz Ordusuna inanır və gücünə güvənir. Xalq ilə ordunun sağlam və monolit birliyi yaranıb. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq.

Əziz hərbçilər, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə böyük nailiyyətlər diləyirəm.

Bayramınız mübarək olsun.