AZE ENG RUS
Xəbərlər

AHİK-də Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

14.06.2022

İyunun 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə AHİK-in rəhbər işçiləri, üzv və tabe təşkilatların sədrləri və məsul əməkdaşları, həmçinin KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Milli Qurtuluş Günün ilə bağlı hazırlanmış videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.

Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, dövlətimizin bugünkü mövcudluğunun, varlığının əsası məhz həmin Gün – 1993-cü ilin 15 iyununda qoyuldu: “Dövlətimizin 15 iyundan başlayan sonrakı taleyinə nəzər saldıqda, həmin günün əhəmiyyətini bir daha dərk edirik. Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etsə də, cəmiyyətin bütün sahələrində hökm sürən böhranlı və xaotik vəziyyət yalnız Ulu Öndərin xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdışından sonra aradan qaldırıldı. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addımlar, həyata keçirilən sosial-iqtisadi islahatlar respublikamızın milli inkişaf modelinin formalaşması prosesini daha da sürətləndirdi”.

S.Möhbalıyev qeyd edib ki, həmin vaxt Ulu Öndərin gördüyü işlərin xronologiyasına baxsaq, görərik ki, o, hər şeyi böyük ustalıqla, ardıcıl olaraq zərgər dəqiqliyi ilə icra edirdi: “1993-cü ilin 15 iyun tarixi Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Heydər Əliyevin adı şanlı tariximizə dövlətimizin, Vətənimizin və xalqımızın xilaskarı kimi yazılıb. Məhz onun hakimiyyətə dönüşündən sonra ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə əsl dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıldı”.

“Ulu Öndərin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. Onun fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur”, – Milli Məclisin deputatı deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, dövlətimizin başçısı cənab İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi xəttin nəticəsi olaraq güclü Azərbaycan dövlətinin yaranması bu gün dünyanın etiraf etdiyi reallıqdır: “Elə bu reallıqdan çıxış edərək xalqımız öz tarixinin yeni yüksəliş salnaməsini yaradır. Vətən müharibəsindəki qələbə də bu salnamənin parlaq səhifəsidir. Bu Qələbənin əldə olunması Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və möhtərəm İlham Əliyevin layiqincə davam etdirdiyi siyasətin nəticəsi və təntənəsidir”.

S.Möhbalıyev əlavə edib ki, Azərbaycan xalqı öz xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsini daim yaşadacaq, Ulu Öndərin müəyyənləşdirdiyi yolla bundan sonra da daha böyük qələbələrə doğru inamla addımlayacaq.