AZE ENG RUS
Xəbərlər

Azərbaycanla Litva arasında əlaqələr inkişaf etməkdədir

20.05.2022

“Azərbaycanın xarici siyasi strategiyasının mühüm tərəflərindən birini Avropa ölkələri ilə münasibətlər təşkil edir. Bu istiqamətdə Azərbaycanla Litva arasında bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, turizm, mədəniyyət, təhsil sahəsində əməkdaşlıq əlaqələri dinamik olaraq inkişaf etməkdədir. Yeri gəlmişkən, xatırladım ki, Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. İkitərəfli münasibətlərdə hüquqi baza formalaşıb, bir sıra mühüm sənədlər imzalanıb. Davamlı olaraq hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirir və bu istiqamətdə fəallıq nəzərəçarpacaq dərəcədə yüksəkdir. Dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər bu əlaqələri daha da möhkəmləndirir. Bu istiqamətdə mayın 18-də Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə rəsmi səfərini əhəmiyyətli hesab edirəm və ikitərəfli əlaqələrimizə mühüm töhfə olacağına inanıram. Həmçinin səfər bütün sahələr üçün, xüsusilə iqtisadi əməkdaşlığımızın daha da dərinləşməsinə gətirib çıxaracaq. Azərbaycanda əlverişli biznes mühütünün mövcudluğu hamıya aydındır, bu litvalı investorlar üçün də, təbii ki, sərfəlidir.  Azərbaycan-Litva biznes forumunun keçirilməsi, bu aspektdə müzakirələrin aparılması və bir sıra sənədlərin imzalanması hər iki ölkə üçün son dərəcə əhəmiyyətlidir”.

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

S.Möhbalıyev dövlətimizin başçısı cənab İlham Əliyevin Azərbaycan-Litva biznes forumunda səsləndirdiyi bir sıra məqamlara diqqət çəkib: “Azərbaycan dünyanın, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas aparıcı dövlətlərdən birinə çevrilməkdədir. Həyata keçirilən uğurlu layihələr, o cümlədən nəhəng Cənub Qaz Dəhlizinin reallaşdırılması bunu deməyə imkan verir. Qeyd edim ki, əgər ölkəmizdə əvvəllər neft-qaz sektoru investisiya üçün daha çox cəlbedici idisə, aparılan uğurlu islahatlar nəticəsində artıq bu gün qeyri-neft sahəsi də xarici şirkətlərin maraq dairəsindədir. Prezidentimizin ifadə etdiyi kimi, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi əsas prioritet təşkil edir. Təbii ki, bu da ölkə iqtisadiyyatının hərtərfli inkişafı və dayanıqlı olması baxımından çox vacibdir. Son 4 ayda ölkə iqtisadiyyatında 7,2 faiz artmın müşahidə olunması, xüsusən bunun qeyri-neft sektorunda 11,4 faiz təşkil etməsi, həmçinin ixrac potensialının yüksəlməsi, işsizlik səviyyəsinin xeyli aşağı düşməsi, Azərbaycanın iqtisadi qüdrətinin artan tempini bir daha təsdiqləmiş olur. Qeyd etdiyimiz bütün bu məqamlar dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən effektli islahatların faydalı nəticələridir”.

“Azərbaycan və Litva prezidentlərinin mətbuata bəyanatlarla çıxışı zamanı dövlətimizin başçısı Azərbaycanın mövqeyini bir daha ortaya qoydu: Cənubi Qafqazda sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət. Bu, onu göstərir ki, ölkəmiz bölgədə davamlı sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır. Təbii ki, Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqlar da buna əsaslanır. Odur ki, 30 ilə yaxın bir müddət ərzində özünün işğal siyasəti ilə regionu iflic edən, inkişafına mane olan Ermənistandan fərqli olaraq Azərbaycanın mövqeyi sülh və təhlükəsizlik şəraitində qarşılıqlı əməkdaşlıqla bütün regionun hərtərəfli inkişafını hədəfləyir”, – Milli Məclisin deputatı deyib.