AZE ENG RUS
Xəbərlər

Tarixin ən qüdrətli Azərbaycanı: Heydər Əliyevdən İlham Əliyevə

06.05.2022

Tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan illər öncə bu ideologiyanı, yeni yüksəliş konsepsiyasını müəyyənləşdirən Ulu Öndər Heydər Əliyevin şah əsəridir. O əsər ki, bu gün müstəqil siyasəti, iqtisadi qüdrəti və müzəffər ordusunun gücü ilə dünyaya səs salıb Günəş kimi doğan Azərbaycandır. Bu xoş günləri bizlərə Ulu Öndər arzu edirdi və yəqin ki, bu möhtəşəmlik dahi şəxsiyyətin ölməz ruhunu şad edir.

Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur.

İnkişaf manifestinin müəllifi

Dünya siyasətində dəstxəti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı ilə fərqlənən Ulu Öndər Heydər Əliyev müdriklik simvolu kimi bu gün də nümunə göstərilir. Bu cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan dahinin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəldib.

Hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtdir. Güclü, qətiyyətli, vətənpərvər və müdrik liderə malik olmayan xalq hətta real imkanlar daxilində belə öz müstəqilliyinə qovuşa bilmir. Düz 99 il öncə Azərbaycan xalqının əsrlər boyu bəslədiyi azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali məqsədlərini gerçəkləşdirmək üçün Allah özü dahi şəxsiyyət Heydər Əliyevi xalqımıza bəxş etdi. Ömrünü xalqının, dövlətinin parlaq gələcəyinə həsr edən Ulu Öndər dühası, özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi nöqtədə birləşdirmək bacarığı ilə dövlətə rəhbərlik fəaliyyətinin bütün mərhələlərində Azərbaycan xalqının rəğbət və etimadını, inamını qazandı.

Dövrünün xarizmatik şəxsiyyətləri xalq üçün çətin dönəmlərdə qarşıda duran vəzifələrin həlli yollarını düzgün müəyyənləşdirmək, insanları milli məqsədlər ətrafında səfərbər etmək, irəli sürdükləri mütərəqqi ideyaları əzmlə gerçəkləşdirmək bacarıqları sayəsində liderlik zirvəsinə ucalmışlar. Bu gerçəkliklər fonunda XX əsrdə xalqımızın dünya siyasətinə bəxş etdiyi böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna yeri və rolu qabarıq görünür.

Ümummilli Lider Heydər Əliyevin bacarıqlı və təcrübəli dövlət xadimi, müdrik siyasətçi, dövlətçiliyin möhkəm təməlini yaradaraq onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin çox mühüm mərhələsini təşkil edir. Məhz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası müstəqil Azərbaycanın hərtərəfli inkişafına ən etibarlı təminat olmuşdur.

Hələ 1969-cu il iyul ayının 14-də sovet Azərbaycanına ali rəhbər vəzifəyə irəli çəkilən Ümummilli Lider ilk günlərdən mərkəzin ideoloji maneələrini aradan qaldırmaqla xalqın milli şüurunu oyatmağa çalışmış, Azərbaycan xalqının gələcək müstəqilliyi üçün bütün imkanlardan istifadə etmişdir. Əminliklə demək olar ki, 1969-1982-ci illərdə həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər, abadlıq-quruculuq işləri miqyasına görə Azərbaycanın inkişaf salnaməsinin ən dolğun səhifələridir.

İdarəçilik fəlsəfəsi fərqli və özünəməxsus cəhətlərlə zəngin olan Ümummilli Liderin Sovet Azərbaycanına rəhbərlik mərhələsi respublikamızı sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olub. Milli özünəqayıdış və özünüdərkin məhz bu dövrdə başlanğıcını qoyan, azərbaycançılıq məfkurəsinin keçən əsrdə yazılan ən parlaq səhifələrinin müəllifi olan Ulu Öndərin Azərbaycana gətirdiyi ideyalar respublikamızın həyatını tamamilə müasirləşdirib.

Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Heydər Əliyevin nadir idarəçilik keyfiyyətləri, xarizmatik liderlik cəhətləri, böyük vətənpərvərliyi ötən əsrin 70-ci illərindən etibarən milli ideyanın yüksəlişinin təmin edilməsində misilsiz rol oynayıb. Ümummilli Liderin idarəçiliyinin ən mühüm xüsusiyyəti Azərbaycanın bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyması, sözün əsl mənasında, öz intibah dövrünü yaşaması olub.

Ulu Öndərin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, “dövlət-vətəndaş” birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib.

Xilaskar və böyük strateq

Azərbaycana birinci rəhbərliyi dövründə milli mənafelərə xidmət edən çoxşaxəli addımları ilə xalqın istiqlal və azadlıq duyğularının gerçəkləşməsinə real siyasi-hüquqi və iqtisadi zəmin hazırlamış Ümummilli Lider respublikamızı müstəqilliyə qovuşduran mürəkkəb ictimai-siyasi proseslərin də mərkəzində olub. Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etsə də, cəmiyyətin bütün sahələrində hökm sürən böhranlı və xaotik vəziyyət yalnız Ulu Öndərin xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdışından sonra aradan qaldırılıb. 1993-cü ilin ikinci yarısından etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addımlar, həyata keçirilən sosial-iqtisadi islahatlar respublikamızın milli inkişaf modelinin formalaşması prosesini daha da sürətləndirib.

Ümummilli Lider ilk gündən özünəməxsus müdrikliklə bəyan etmişdir ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil. Heydər Əliyev böyük strateq olaraq Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdır.

 Ulu Öndər 1993-cü ilin iyununda xalqın çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək xalqımızı vətəndaş müharibəsindən, milli müstəqilliyin itirilməsi təhlükəsindən, hərc-mərclik və xaos mühitindən qurtarmışdır. 1993-cü ilin oktyabr ayının 3-də Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmizin həyatında yeni dövrün əsası qoyulmuşdur.

Ölkədə xalqın iradəsi ilə baş vermiş qanuni hakimiyyət dəyişikliyindən sonra dövlətin müstəqilliyinin praktik müstəvidə özünü göstərməsi üçün real əsaslar yaranmışdır. Heydər Əliyevin Prezident seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi başlamışdır. Ulu Öndər ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmalı olmuşdur. Qanunsuz silahlı dəstələr zərərsizləşdirilmiş, Azərbaycanın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.

Böyük Öndərin siyasi uzaqgörənliyinin, prinsipiallığının və iradə nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan vermişdir. “Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Azərbaycana son illərdə daha böyük uğurlar gətirən bu strategiyanın əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. Konstitusiyamız ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının, eləcə də sosial hüquqların təminatına, ümumən sosial dövlət konsepsiyasının reallaşmasına hüquqi baza yaratmışdır. Azərbaycan dövlətinin hər bir vətəndaşının rifahının yüksəldilməsinin, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qaldığı bəyan edilmişdir.

Digər tərəfdən bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında keçmiş Dağlıq Qarabağ münaqişəsində həyati əhəmiyyət kəsb edən atəşkəs əldə olunmuşdur. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, Ümummilli Liderin rəhbərliyi ilə o zaman mövcud olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətində gərgin iş aparılmış, bir sıra əhəmiyyətli nəticələr əldə edilmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüz faktı beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə pislənmiş, buna etiraz olaraq bir sıra qətnamələr qəbul olunmuşdur.

Atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu sürətlənmiş, Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına başlanılmış, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılmışdır. Həmçinin Ulu Öndərin rəhbərliyi ilə ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlanılmış, qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırılmışdır. Dövlətçiliyi və hərbi andı uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olunmuşlar. Bunlardan əlavə, ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, maliyyə-təsərrüfat fəaliyyəti nizama salınmış, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldilmiş və ən nəhayət, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradılmışdır. Bir sözlə, məhz Ulu Öndər Heydər Əliyevin milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşmışdır.

1993-2003-cü illərdə dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan Ulu Öndər Heydər Əliyev idarəçilikdə səriştəsizliyə, qətiyyətsizliyə, bəsitliyə birdəfəlik son qoyaraq uğurlu daxili və xarici siyasət yürütmüş, dünyanın fövqəlgüc dövlətlərini Azərbaycanla hesablaşmaq məcburiyyətində qoymuşdur. Milli maraqlara cavab verən xarici siyasət yeridən müstəqil Azərbaycan nəticədə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmişdir.

Qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının müstəqil qurum kimi formalaşması da Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə həmkarlar ittifaqlarının həyatında yeni səhifə açılmışdır. Heydər Əliyevin şəxsi diqqət və qayğıkeşliyi nəticəsində Azərbaycan Həmkarlar İttifaqları yenidən ölkənin ictimai, siyasi, iqtisadi və mədəni həyatında layiqli yeri olan bir təşkilata çevrilmişdir. Məhz Ümummilli Liderin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda 1994-cü ildə “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edilmiş, bununla da təşkilatın normal fəaliyyətinə şərait yaradılmışdır.

Heydər Əliyevin göstərişləri və tövsiyələri sayəsində Azərbaycan Həmkarlar İttifaqlarının vəzifələri dəyişmiş, onların sosial təyinatı, funksiyaları, fəaliyyətlərinin forma və metodları əsaslı şəkildə yenidən qurulmuşdur. Ulu Öndərin uzaqgörən siyasəti sayəsində həmkarlar ittifaqlarının uzun illər ərzində yaranmış maddi-texniki bazası qorunub saxlanmış, həmkarlar ittifaqlarının demokratik idarəetmə prinsiplərinə əsaslanan fəaliyyətinə dəstək verilmişdir. Bütün bunlar respublikada həmkarlar ittifaqı hərəkatının inkişafına stimul yaradaraq işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsini daha səmərəli formada həyata keçirməyə imkan yaratmışdır.

Alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irs

Bütün bu reallıqlar bir daha təsdiq edir ki, bugünkü qüdrətli Azərbaycan dövlətinin banisi məhz Ulu Öndər Heydər Əliyevdir. Ancaq Ulu Öndərin digər şah əsəri yaratdığı misilsiz və alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irsdir. Bu məktəbi və irsi isə daha böyük nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirib, daha da gücləndirən Azərbaycan Prezidenti, Müzəffər Komandan İlham Əliyevdir. Xalqın mütləq əksəriyyətinin böyük etimadı ilə 2003-cü ilin oktyabrında Prezident seçilən İlham Əliyev ötən 19 ildə Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə yanaşı, onun xaos və anarxiyadan qurtardığı respublikamızın “Güclü dövlət – müstəqil siyasət” konsepti əsasında inkişafını təmin etmişdir.

Prezident İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu iqtisadiyyatda böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur. Əgər 1993-2003-cü illərdə dövlət müstəqilliyinin daxili və xarici təhdidlərdən qorunub saxlanılması, iqtisadiyyatın dirçəldilməsi, ölkəmizin beynəlxalq arenada tanıdılması praktiki məqsədlər idisə, son 19 ildə reallıqlar yeni hədəflər müəyyənləşdirmiş, xalqın 30 illik ağrı-acısı olan Qarabağ münaqişəsinə son qoyulmuşdur. Ötən 19 ildə Azərbaycan tarixinin ən qüdrətli dövlətinə çevrilmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət, mütərəqqi islahatlar, reallaşdırdığı qlobal miqyaslı layihələr Azərbaycanın dünyada siyasi çəkisini getdikcə artırmış və ölkəmiz söz sahibinə çevrilmişdir.

Bu müddət həm də dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli Liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz, eləcə də “Cənub qaz dəhlizi” çərçivəsində TAP, TANAP kəmərlərinin istifadəyə verilməsi, “Ümid”, “Abşeron” və s. perspektivli yataqların kəşfi, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi bu baxımdan xüsusi qeyd olunmalıdır.

Prezident İlham Əliyevin diqqət və qayğıkeşliyi nəticəsində bu gün Azərbaycan Həmkarlar İttifaqları vətəndaş cəmiyyətinin əsas institutlarından biri olmaqla cəmiyyətdə öz yerinin və rolunun möhkəmləndirilməsi üçün real yollar axtarıb tapır. Sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində bu gün Azərbaycanda məqsədyönlü tədbirlər həyata keçirilir.

Cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. O, Prezident kimi Azərbaycana rəhbərlik etdiyi 19 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olub, vətəndaşların sosial problemlərini həll edib, insanların rifahını daha da yaxşılaşdırıb.

Məhz İlham Əliyevin rəhbərliyi altında 30 il ərzində Ermənistan tərəfindən pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün Cənubi Qafqazda və ümumən regionda planlaşdırılan bütün meqalayihələr Azərbaycanın iştirakı olmadan və milli maraqları nəzərə alınmadan reallaşdırılmır. Burada coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni önəmli rol oynayır. İlham Əliyevin liderlik keyfiyyətləri sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunub və gələcək inkişaf üçün zəmin yaradılıb.

Cənab İlham Əliyevin iqtisadi islahatları sayəsində Azərbaycan donor ölkəyə çevrilib. Bir vaxtlar xarici yardımlara ehtiyacı olan Azərbaycan bu gün üzvlərinin sayına görə BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edən dövlət kimi imkansız dövlətlərə humanitar və maddi yardımlar edir. 2020-ci ildən başlayaraq dünyanı ağuşuna alan qloabal pandemiya dövründə Azərbaycanın 80-dən çox ölkəyə humanitar yardımlar göndərməsi bunun əyani təsdiqidir.

Ata vəsiyyətini yerinə yetirən Müzəffər Komandan

Bu gün şanlı tariximizin yeni səhifələri yazılır. Bu yeni salnamənin parlaq səhifəsi isə 44 günlük Vətən müharibəsindəki böyük zəfərin gətirdiyi müasir reallıqlardır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, cənab İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi xəttin nəticəsi olaraq güclü Azərbaycan dövləti bir daha öz qüdrətini dünyaya nümayiş etdirərək beynəlxalq təşkilatların illərlə çözə bilmədiyi məsələni “Dəmir yumruq” əməliyyatı ilə cəmi 44 günə reallığa çevirdi.

Bu zəfərlə Ermənistanın 30 illik işğalına son qoyuldu, yeganə ağrılı problemimiz həllini tapdı. Azərbaycan döyüş meydanında yalnız Ermənistanı cəzalandırmadı, həm də uzun onilliklər xalqımız barədə dünyada mənfi obrazlar yaratmağa çalışan dünya erməniliyinə böyük zərbə vurdu. Ermənistan ordusunun gücü, erməni əsgərinin döyüş əzmi barədə uydurulmuş mif 44 günə darmadağın edildi.

Bu gün Şuşada dalğalanan Azərbaycan bayrağının kölgəsi bütün Qarabağa, Şərqi Zəngəzura düşür. İşğaldan azad edilən torpaqlarımızda həyata keçirilən yenidənqurma işləri isə bir daha dünyaya Azərbaycanın iqtisadi qüdrətini nümayiş etdirir. Çünki Qarabağda və Şərqi Zəngəzurda reallaşdırılan bütün layihələri Azərbaycan heç kimdən yardım almadan öz gücünə həyata keçirir.

Mədəniyyətimizin paytaxtı olan Şuşa şəhəri isə Qafqazın diplomatiya mərkəzinə çevrilir. Bunu Şuşada keçirilən beynəlxalq təşkilatların forumları, konfransları da təsdiqləyir. Cənab İlham Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının V Qurultayının da məhz Şuşada keçirilməsinin həm tarixi, həm də rəmzi mənası oldu. Qurultaydakı nitqində Qalib Komandan həm yeni reallıqları dəyərəndirdi, həm də dünyada Azərbaycan diaspor təşkilatlarının mövqelərinin getdikcə güclənməsini şərtləndirən əsas yol xəritəsini müəyyənləşdirdi. Postmünaqişə dövründə həyata keçrilməli olan mühüm məsələləri diqqətə çatdırıb soydaşlarımıza ciddi tapşırıqlarını verdi. Milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkib bunun ideoloji-siyasi konturlarını göstərdi. Dövlət başçısı müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan erməni lobbisi ilə mübarizədə ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü vurğuladı.

Artıq ilyarımdır ki, regionda başqa reallıqlar hakimdir. Torpaqlarını azad edən Azərbaycan Ermənistanın işğal siyasətinə son qoyub. Bu reallıqlar həm də ondan ibarətdir ki, dünya ermənilərin Azərbaycan torpaqlarına dair iddialarını yaxına buraxmır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı gündəliyi isə Prezident İlham Əliyev müəyyən edir. Ona görə də məğlub ölkə qaliblə hesablaşmağa məhkumdur. Belə ki, bir müddət əvvəl cənab İlham Əliyev Ermənistana 5 prinsipdən ibarət təklif göndərərək bəyan etmişdi ki, sülh sazişi yalnız bu prinsiplərə riayət olunacağı halda reallaşa bilər. Əvvəl Ermənistan rəhbərliyi ənənəsinə sadiq qalaraq müxtəlif fikirlərlə bu prosesdən yayınmağa çalışsa da, sonda reallığı qəbul etmək məcburiyyətində qaldı. Nikol Paşinyan İlham Əliyevin irəli sürdüyü təkliflər əsasında sülh sazişinin bağlanmasına razılıq verdiyini bildirdi. Qeyd etdək ki, Azərbaycan Prezidentinin bu prinsipləri beynəlxalq səviyyədə də təqdir olunur. Cənubi Qafqazda sülhün bərqərar olunmasını istəyən Avropa İttifaqı cənab İlham Əliyevin təkliflərini dəstəkləyir.

Prezident İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda da bir daha bu barədə fikirlərini açıqladı. Dünyanın 23 dövlətinin 40-dan çox beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi beynəlxalq forumda Azərbaycan Prezidentinin sülh danışıqları üçün irəli sürdüyü təkliflərin yalnız bölgəyə əminamanlıq gətirəcəyi və bu prosesdə ən çox Ermənistanın iqtisadi dividendlər qazanacağı bildirildi.

Prezidentin bu forumda iştirakı və verilən bütün sualları ətraflı cavablandırması bir daha onu göstərdi ki, Azərbaycan Cənubi Qafqazda sülhü, əmin-amanlığı, inkişafı dəstəkləyir və nəinki öz qonşuları ilə, regionla əməkdaşlıq etmək istəyən digər dövlətlərlə dostluq münasibətlərini və əlaqələrini qurmağa hazırdır. Bütün bunlar əlbəttə ki, cənab

İlham Əliyevin dünya səviyyəli, nüfuzlu siyasətçi olmasının bariz təcəssümüdür. Bu cür toplantılarda, forumlarda Azərbaycan Prezidentinin əsl liderlik keyfiyyətləri nümayiş etdirməsi, dünyada gedən proseslər barədə yüksək məlumatlılıq səviyyəsi, sərrast cavabları bir daha İlham Əliyevin qətiyyətli, prinsipial və humanist lider olduğunu təsdiqləyir.

Bu uğurlu diplomatiya, müstəqil siyasətin təntənəsi bir daha Ulu Öndərin 2003-cü ildə xalqa müraciətində səsləndirdiyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirlərin həm dahi şəxsiyyətin nə qədər uzaqgörən olduğunun, həm də cənab İlham Əliyevin bu ideologiyaya, verdiyi sözə və ən nəhayət, Ata vəsiyyətinin yerinə yetirilməsi vədinə sadiqliyinin bariz təcəssümüdür.