AZE ENG RUS
Xəbərlər

Səttar Möhbalıyev: “Dünya azərbaycanlılarının fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu”

29.12.2021

“31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər il soydaşlarımız tərəfindən harada yaşamalarından asılı olmayaraq təntənəli şəkildə, xoş əhval-ruhiyyə ilə qeyd olunur. İldən-ilə bu bayrama maraq durmadan artmaqdadır. Bayramın qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün artıq bir zərurətə, mənəvi ehtiyaca çevrilib. Bu, dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində olduqca əhəmiyyətlidir. Hətta başqa millətə mənsub olsa da, Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də soydaşlarımızla çiyin-çiyinə həmrəylik nümayiş etdirirlər. Xalqımızın, dövlətimizin, demək olar ki, bütün taleyüklü məsələlərində soydaşlarımız həmrəy olurlar, varlığımızın kökündə də məhz bu birlik dayanır. Tarixə nəzər salsaq, görərik ki, bir millət olaraq ən çətin sınaqları maraqlarımızı birləşdirərək, vahid mövqe ortaya qoyaraq alnıaçıq adlamağı bacarmışıq. Ulu Öndər Heydər Əliyev xalqımızın birliyinin, azərbaycanlıların həmrəyliyinin təmin olunmasını özünün həmişə strateji vəzifəsi hesab edirdi və bu istiqamətdə tarixi uğurlara imza atıb”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, bütün ömrünü xalqına, dövlətinə həsr edən Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi onun sədrliyi ilə 1991-ci il dekabrın 16-da keçirilən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edib: “Bu müstəqilliyini yenicə bərpa etmiş bir ölkə üçün son dərəcə önəmli bir qərar idi və tarixi proseslərin sonrakı gedişi bu qərarın əhəmiyyətini dəfələrlə sübut etmişdir. Sonra Azərbaycan parlamenti həmin qərarı umumuilikdə ölkə miqyası üçün qəbul etdi və bu, azərbaycanlıların birləşməsi baxımından çox şərəfli bir missiyanın başlanğıcı oldu”.

“Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda baş tutan Dünya Azərbaycanlılarının I Qurultayı həmrəylik siyasətinin sərhədlərimizi aşmasına, Azərbaycanı özünə Vətən bilən insanların təşkilatlanmasına, icmalarının formalaşmasına, aktivliyinin yüksəlməsinə, həmçinin onlarda milli mənlik şüurunun güclənməsinə, Vətənə bağlılığın artmasına müsbət təsir göstərdi. Məhz bundan sonra Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, milli-mənəvi dəyərlərimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında mühüm irəliləyiş əldə olundu. Daha sonra keçirilən digər qurultaylar, görülən tədbirlər sayəsində azərbaycanlıların diaspordan lobbiyə çevrilməsinə, təşkilatların sayının artmasına nail olundu. Bu gün onlar həmçinin mövcud olduqları ölkələrin ictimai-siyasi həyatında mühüm rol oynayırlar”, – Milli Məclisin deputatı vurğulayıb.

S.Möhbalıyev qeyd edib ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatı ilə işğal altında olan torpaqlarımızı düşməndən təmizləyərkən xarici ölkələrdə yaşayan soydaşlarımız möhtəşəm birlik nümayiş etdirdilər: “Düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarının qarşısının alınmasında, müharibə həqiqətlərinin dünyaya çatdırılmasında qətiyyətlə mübarizə apardılar. Xatırlayırsınızsa, düşmən münaqişə zonasından xeyli uzaqda yerləşən şəhərlərimizi qadağan olunmuş raketlərlə atəşə tutanda, dinc sakinləri hədəf alanda soydaşlarımız yaşadıqları ölkələrdə, beynəlxalq və regional təşkilatların qarşısında etiraz aksiyaları keçirir, Ermənistanın xain niyyətini dünyaya çatdırırdılar. Bir sözlə, onlar müharibə vaxtı üzərilərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirdilər və Qələbəmizdə böyük pay sahibi oldular. İnanırıq ki, həmrəyliyimiz bundan sonra daha da möhkəmlənəcək, dövlətimizin, Vətənimizin inkişafı, çiçəklənməsi yolunda birlik nümayiş etdirərək daha səylə çalışacağıq. Qoy həmişə bayrağımız uca, dövlətimiz güclü, birliyimiz əbədi olsun”.