AZE ENG RUS
Xəbərlər

Əbədiyyətin sönməz parlaq işığı – Heydər Əliyev

12.12.2021

Bu gün Azərbaycan həyatın bütün sahələrində inkişafının ən böyük zirvəsindədir, və ardıcıl olaraq yeni-yeni uğurlara imza atır. Bu, hər bir Azərbaycan vətəndaşını, o cümlədən dünya azərbaycanlılarını sevindirir və qürurlandırır. İnkişaf etmiş müstəqil, demokratik, hüquqi, dünyəvi, sivil bir dövlətin vətəndaşı olmaq. Bu, böyük bir xoşbəxtlikdir ki, bizim müdrik xalqımıza nəsib olub. Nə qədər tarixin sərt, keşməkeşli sınaqları ilə üz-üzə qalsa da, Azərbaycan xalqı bu mübarizədən qalib ayrılıb. Bunu şərtləndirən amillərdən biri də xalqımızın müdrikcəsinə taleyüklü məsələlərdə qəbul etdiyi mühüm qərarlardır. Bu, zamanın sınağından çıxmış bir aksiomadır. Yaxşı xatırlayırıq müstəqilliyin ilk illərini. Nəinki müstəqilliyimizi, ümumiyyətlə, mövcudluğumuzu itirməklə üz-üzə qalmışdıq: ölkə parçalanırdı. Bu, dəhşətdir.

Qanunsuz fəaliyyət göstərən silahlı dəstələr özbaşınalıq edir, paytaxt daxil olmaqla ölkənin hər yerində silahlı qarşıdurmalar baş verirdi. Əsgəri xidmət belə keçməmiş mülki şəxs tərəfindən idarə edilən hərbi hissələr dövlətə deyil, xarici ölkələrə xidmət edən ayrı-ayrı siyasi qüvvələrin əlində cəmləşmişdi. Artıq ölkədə vətəndaş müharibəsi başlamışdı. Bu, Azərbaycan xalqı üçün tarixi ərzində qarşılaşdığı ən ağır sınaq idi. Belə bir məqamda öz ənənəsinə sadiq qalan xalq tarixi qərarını qəbul etdi. Bu qərar göstərdiyi xidmətlərlə xalqının Ümummilli Lideri səviyyəsinə qədər yüksələn Heydər Əliyev idi. Heydər Əliyev gənc yaşlarından ömrünün sonunacan mənalı həyatını Azərbaycana həsr etdi, Uca Yaradanın ona bəxş etdiyi bütün istedadını, bacarığını, qazandığı biliyi, təcrübəni heç bir tərəddüd etmədən bu yolda xərclədi. O, sadə vətəndaşdan Prezidentə kimi, əsgərdən generala kimi fəaliyyətinin hər bir məqamında yalnız xalq üçün yaşadı.

Bu yolda bir dəfə də olsun nə yorulmuşam dedi, nə də qocalmışam. İlk gündən son ana qədər eyni sevgi ilə, enerji ilə, böyük şövqlə bu missiyanı daşıdı. Xalqın onun üzərinə qoyduğu ağır və öhdəsindən çətin gəlinə biləcək işi “Azərbaycanı bu bəladan xilas etmək mümkün deyil” proqnozlarını alt-üst edərək ləyaqətlə yerinə yetirdi. O, Azərbaycanın xilası mübarizəsinə başlayanda onun əlində xalqın dəstəyindən və sahib olduğu siyasi bacarığından başqa heç nə yox idi. Ölkədə özbaşınalıq  edən silahlı dəstələrin qarşısına əliyalın çıxdı, sipesifik liderlik keyfiyyətləri ilə onları zərərsizləşdirməyi bacardı. Ölkəni böyük bəlalardan, ağır faciələrdən qurtardı, sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, nəhəng enerji-kommunikasiya layihələrini icra etməklə Vətənə sədaqət nümunəsini ortaya qoydu. Ölkə normal həyatına qayıtmaqla böyük inkişaf yolu tutdu. Bütün bunlar bizim yaşadığımız tarixdir, bu reallığa şahidlik etmişik.

Dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması Ulu Öndərin dəfələrlə ölçülüb-biçilmiş qətiyyətli qərarlarının, siyasi iradəsinin, xalqa keyfiyyətli xidmətinin nəticəsidir. O, bütün siyasi fəaliyyətində milli maraqlardan çıxış edirdi, tarixi şəraiti düzgün qiymətləndirirdi, zaman və məkan amilini həmişə nəzərdən keçirirdi, dözüm və səbrlə davranırdı. Onun fenomenallığı da məhz bunda idi.

Ulu öndərin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrə nəzər salsaq, görərik ki, o, rəhbərliyə gələnə qədər ölkədə vəziyyət o qədər də ürəkaçan olmayıb, Azərbaycan ittifaq səviyyəsində iqtisadi və digər sahələrdə xeyli geri qalırdı. Məhz Heydər Əliyevin həyata keçirdiyi geniş islahatlar proqramı nəticəsində Azərbaycanının həyatında əsalı və keyfiyyətli dönüş başladı. İqtisadi sahədə məhsuldar struktur layihələri icra olundu, yeni sənaye sahələri yaradıldı, elmi-texniki uğurlara imza atıldı, xalqın sosial vəziyyəti yaxşılaşdı. Bir sözlə, Heydər Əliyevin məqsədyönlü, sistemli, strateji addımları sayəsində Azərbaycan SSRİ-də inkişaf etmiş qabaqcıl respublikalarından biri oldu.

Blokada və müharibə şəraitində yaşayan, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyevin gərgin və yorulmaz fəaliyyəti sayəsində burada sabitlik yarandı, sosial-iqtisadi vəziyyət normallaşdı, tərəqqiyə nail olundu.

Azərbaycanın müstəqilliyə gedən yolunda Ulu Öndərin dərin iz var. Onun 1969-cü ildən başlayan siyasi fəaliyyəti məhz bunu hədəfləyirdi. Azərbaycanı azad, heç kimdən asılı olmayan, müstəqil yaşamağı bacaran bir ölkəyə çevirmək üçün mühüm təməllər müəyyənləşdirirdi. Tarixin sonrakı inkişafı da dediklərimizi bir daha təsdiqləyir.

1990-cı il iyulun 22-də Naxçıvanın “Azadlıq” meydanında keçirilən izdihamlı mitinqdə Heydər Əliyev xalqı azadlıq, müstəqillik uğrunda sonacan mübarizəyə səslədi. Onun sədrliyi ilə Naxçıvan parlamenti Muxtar Respublikanın adından “Sovet Sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul etdi. Bu, o dövr üçün kifayət qədər cəsarətli addım idi, Heydər Əliyevin xalqına, Vətəninə olan məhəbbəti, ölkəsini azad və müstəqil görmək arzusu onu heç bir çətinlikdən qorxutmurdu. O, hər zaman xalqı ilə həmrəy idi, xaqı ləyaqətlə təmsil edirdi.

Ulu Öndərin Azərbaycan həmkarlar ittifaqının həyatında da əvəzolunmaz xidmətləri danılmazdır. 1993-cü ildə xalqın tələbi əsasında yenidən ölkə rəhbərliyinə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, ictimai təşkilatların, o cümlədən həmkarlar ittifaqlarının da həyatında köklü dəyişikliklər baş verdi. Demokratik dövlət quruculuğu yolunda onun həyata keçirməyə başladığı tədbirlər sayəsində qurumun fəaliyyəti genişləndi, başı üzərini almış təhlükə sovuşdu. Heydər Əliyev heç vaxt dövlət qayğısını həmkarlar ittifaqlarından əsirgəmədi, zəhmətkeşlərin hüquqlarının qorunması, maraqlarının təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qurumun fəaliyyətini dəstəklədi. Prezident seçilməsindən cəmi bir il sonra – 1994-cü ildə ulu öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Bununla da qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaranmış oldu. Bu, Heydər Əliyevin demokratik yöndə inkişaf edən vətəndaş cəmiyyətinə verdiyi dəyərin əlamətdir. Bununla da təşkilatın fəaliyyəti genişləndi, əvvəlki nüfuzu özünə qaytarıldı, üzvlərinin sayı artmağa başladı, qarşısında ictimai təşkilat kimi sərbəst və müstəqil imkanlar açıldı. Əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında həmkarlar ittifaqlarının hüquqları tanındı, Azərbaycan həmkarlar ittifaqları beynəlxalq həmkarlar ittifaqları hərəkatının tərkib hissəsinə çevrildi.

Bu gün dövlətimizin başçısı cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunu ləyaqətlə davam etdirərək Azərbaycan xalqını müzəffər etdi, qalib xalqa çevirdi, inkişaf etmiş dövlətlər cərgəsinə çıxardı. Azərbaycanda bütün sahələrdə sürətli inkişfa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişlənib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmlənib, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib.

Bir sözlə, Azərbaycan minillikləri əhatə edən tarixinin ən şanlı və xoşbəxt dövrünü yaşayır.

Səttar Möhbalıyev,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı