AZE ENG RUS
Xəbərlər

Azərbaycanın daha böyük uğurları və nailiyyətləri hələ qarşıdadır

15.10.2021

“Azərbaycan xalqı qədimlərə söykənən şərəflə yazılmış tarixi ərzində
zaman-zaman müdrik qərarlar qəbul edib. Seçimində heç vaxt yanılmayıb,
qurub yaratdığı dövlətlər, seçdiyi liderlər qədim dünyanın, orta əsrlərin, müasir
tarixin qəhrəmanlıq səlnaməsinə, ədalət rəmzinə çevrilib. Bu gün də
yaşadığımız parlaq tariximiz məhz xalqımızın sərrast seçimidir. Arzuladığımız
xoşbəxt gələcəyi yaşayırıq, həmin gələcək bax bu gündür, xalqımızın əzəmətli
təfəkkürünün məhsulu. Bəzən xalqımız seçdiyi liderlərin üzərinə daha böyük
məsuliyyət qoyub, öhdəsindən çətin gələ bilinəcək işlər tapşırıb. Həmin
liderlərdən biri, bəlkə də, birincisi xalqın ulu öndərinə, ümummilli liderinə
çevrilmiş, yeni dövlət yaratmış, dövlətlər sırasına çıxarmış, xalqına xoşbəxt və
firavan həyat bəxş etmiş tarixi strateq Heydər Əliyevdir. Ulu öndərin
Azərbaycan xalqı qarşısında xidmətləri göz qabağındadır, bu xidmətləri hər bir
azərbaycanlı öz həyatında hiss edir və görür, həmin xidmətləri sadalamaqla
bitirmək olmaz. 2003-cü ildən bu yana Azərbaycanın qazandığı uğurların
kökündə də məhz ulu öndər Heydər Əliyev dayanır. 2003-cü il oktyabrın 1-də
“Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində
Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası
sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram” deməklə bir bütövə
çevirdiyi xalqına seçimində düzgün istiqamət verdi”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Ulu öndərin peyğəmbərcəsinə, uzaqgörənliklə və əminliklə xalqa dediyi
“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları,
işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” fikri
bu gün realdır. İlham Əliyev xalqın ondan istədiklərini, xalq qarşısında
götürdüyü bütün öhdəlikləri içdiyi andına sadiq qalaraq verdiyi sözü tutmaqla
ləyaqətlə yerinə yetirdi. Bu gün o, ulu öndərin böyük zəhmət bahasına müəyyən
etdiyi, Azərbaycanın hərtərəfli inkişafına və xoşbəxt gələcəyinə hədəflənmiş
siyasi kursunu şərəflə davam etdirir. Fəaliyyətinin qayəsini xalqa və dövlətə
xidmət, milli maraqlara sədaqət təşkil edir. Xalqın maraqları və dövlətçilik
naminə nə qədər çətin və ağır olsa da, bütün maneələri cəsarətlə aradan qaldırır.
Prezident seçildiyi ilk vaxtlardan demokratik islahatları dərinləşdirdi, baş verə
biləcək böhranlara dayanıqlı və daim inkişaf edəcək iqtisadi islahatların müəllifi
oldu, xalqın rifahının daha da yaxşılaşdırılması istiqamətində nəhəng layihələrə
imza atdı, qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər
gördü, böyük infrastruktur layihələri həyata keçirdi, ölkənin dünyaya çıxışını
təmin etdi”, – Milli Məclisin deputatı bildirib.

S.Möhbalıyev qeyd edib ki, vaxtı ilə utopik görünən beynəlxalq səviyyəli
layihələrin reallaşdırılması nəticəsində Azərbaycan dünyada enerji
təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli yerə malikdir, Cənub Qaz
Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış edir: “Asiyanı Avropa ilə
birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa
dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi ölkəmizin
artan iqtisadi qüdrətinin nümunəsidir. İlham Əliyevin mütərəqqi, məhsuldar
məqsədlərə söykənən siyasi fəaliyyət nəticəsində ölkəmizin valyuta ehtiyatları,
o cümlədən Azərbaycana qoyulan sərmayələrin həcmi artdı, həyata keçirilən
dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd
təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu, işsizliyin və yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşdü, 2 milyondan çox
yeni iş yeri yaradıldı”.

Konfederasiya sədri deyib ki, Prezident İlham Əliyevin siyasi iradəsi,
düşünülmüş və hərtərəfli təhlil edilmiş siyasi strategiyası, sərkərdəlik məharəti
sayəsində Azərbaycanın bütün ərazisində suveren hüquqlarımız bərpa edildi, 30
ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız bir əks-həmlə ilə azad
edildi, əyilmiş qamətimiz düzəldi, qalib dövlətə çevrildik, müzəffər xalq olduq,
ölkəmiz bütün dünyaya yeni imicdə göründü, dünya Azərbaycanı qüdrətli
dövlət kimi yenidə kəşf etdi.

AHİK sədri vurğulayıb ki, ərazi bütövlüyümüzün bərpa olunması Prezident
İlham Əliyevin siyasi xəttinin nüvəsini təşkil edir.
Onun sözlərinə görə, daha böyük uğurlarımız və nailiyyətlərimiz isə hələ
qarşıdadır: “İnanıram ki, bir xalq olaraq bundan sonra da cənab Prezidentin
ətrafında sıx birləşməklə bütün gələcək uğurlarımıza şahidlik edəcəyik”.