AZE ENG RUS
Xəbərlər

"Layiqli əmək təhlükəsiz iş şəraiti" adı altında ümumrespublika baxış müsabiqəsinin qaliblərinin təltif edilməsi.

27.04.2021

     “Su abadlıq, su saflıq, təmizlik, su gözəllik, su həyatdır. Bu həyatın hər qətrəsi, hər damlası hamımıza gərəkli, hamımıza xeyirlidir”.

     Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatında istifadəyə yararlı olan 4.5 mln. hektar torpaq sahəsindən 3.2 mln. hektarı əkinçilik üçün suvarma tələb edən sahələr olduğundan və ölkəmizdə kifayət qədər su ehtiyatı olmadığından xalqımızın gərgin əməyi nəticəsində respublikamızda böyük meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Uzun illər ərzində iri su anbarları, hidroqovşaqlar, suvarma və kollektor-drenaj sistemləri, nasos stansiyaları və digər obyektlər tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 2.6 dəfədən çox artmışdır. Bu sahənin inkişafı və təkmilləşdirilməsinə uyğun olaraq işçi əməyini də xüsusi qeyd etmək olar.İşçilərin sağlam şəraitdə çalışması və su ehtiyatlarından səmərəli istifadə  təhlükəsiz əmək şəraitinin təmin olunması mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə geniş işlər görülür. Burada həm müəssisə rəhbərinin, həm də müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının üzərinə məsuliyyət düşür. Layiqli əməyin konseptual əsaslarını təşkil edən elementlər içərisində əməyin mühafizəsi problemi mühüm yer tutur.Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası "Layiqli əmək və təhlükəsiz iş şəraiti" adı altında müsabiqələrinin keçirilməsini və qalib müəssisələrin  təltif olunmasına da xüsusi diqqət ayırır.

     Bu müsabiqədə qalib müəssisələrdən biri də "Yuxarı Şirvan Kanalı İstismar idarəsi"dir.Federasiyanın sədri Tofiq Quliyev görüşdə müəssisəni təbrik etmiş və Meliorasiya və Su Təsərrüfatı" ASC lə uzun illərə dayanan qarşılıqlı razılaşmalarından söhbət açmışdır."Yuxarı Şirvan Kanalı İstismar idarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri təbrik üçün minnətdarlığını bildirmişdir. Mənbəyini Mingəçevir Su anbarından götürən Yuxarı Şirvan Kanalı Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Kürdəmir, Ağsu və Şamaxı rayonlarının 127 min hektar əkin sahəsini su ilə təmin edir. Ölkənin ikinci ən böyük kanalı keçdiyi ərazilərdə yaşayan əhalinin texniki suya olan tələbatını da ödəyir. Yuxarı Şirvan kanalı 1958-ci ildə istismara verilib. Kanalın fasiləsiz funksionallığını təmin etmək məqsədilə Yuxarı Şirvan kanalı istismar idarəsi tərəfindən mütəmadi olaraq böyük həcmdə işlər həyata keçirilir. Bu məqsədlə bəndlərin və qurğuların cari və əsaslı təmir işləri həyata keçirilir, hidravilik mexanizmlərdə yaranan problemlər aradan qaldırılır. Həmçinin idarə şlüz qapılarının əsaslı təmiri, beton kanalın dağılmış hissələrinin bərpası, hidrotexniki qurğuların, hidrometrik postların, idarənin balansında olan mülki və inzibati binaların təmiri kimi işləri də həyata keçirir. Bundan başqa kanalların lildən təmizlənməsi, daşqına və selə qarşı mübarizə tədbirlərinin görülməsi də idarənin funksiyalarına aiddir. Su kanalının istismarı idarələrinin fəaliyyətində spesifik cəhətlərdən biri də budur ki, həmin bu fəaliyyət öz təsirini bilavasitə yerli sakinlərin, torpaqda çalışan insanların işində göstərir. İstər fermer təsərrüfatı olsun, istərsə də sadəcə həyətyanı sahə - fərq etməz, bütün hallarda torpağa, əkin və heyvanlara su lazımdır.Görüşün sonunda "Yuxarı Şirvan Kanalı İstismar İdarəsi" təntənəli şəkildə  qiymətli hədiyyələrlə təltif olunmuşdur, onlara işlərində uğurlar arzulanmışdır.