AZE ENG RUS
Xəbərlər

“ 01 Noyabr Kənd Təsərrüfatı İşçiləri Günü”

01.11.2018

   Kənd Təsərrüfatı İşçiləri Günü ilə əlaqədar geniş tədbir keçirilmişdir. Yığıncaqda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Nazir bildirib ki, Azərbaycan böyük əkinçilik ənənələrinə malik ölkələrdən biridir: “Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və gərgin əməyi ilə həm keçmiş sovetlər dönəmində, həm də müstəqillik əldə olunduqdan sonra bütün sahələrdə olduğu kimi aqrar sahədə də ciddi islahatlar aparılıb, resurslardan səmərəli və məqsədyönlü istifadə təmin olunub, sahənin dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb. Əsası Ümummilli lider tərəfindən qoyulmuş və hazırda cənab Prezident tərəfindən davam etdirilən uğurlu aqrar siyasət nəticəsində kənd təsərrüfatı ölkə iqtisadiyyatında xüsusi yerə sahib olmuşdur”.

İnam Kərimov qeyd edib ki, aqrar sektor əhalinin ərzaq təhlükəsizliyinin təminatında böyük rol oynayır: “Aqrar sahə həm də əhalinin ən böyük məşğulluq sahəsidir. Hazırda ölkədə ailə üzvləri də nəzərə alınmaqla təxminən 1,5 milyon insan öz dolanışığını, maddi təminatını kənd təsərrüfatı sektorunda çalışaraq təmin edir. Bu o deməkdir ki, bu əlamətdar gün Azərbaycanda həm də təxminən milyon yarım insanın peşə bayramıdır”.

Kənd təsərrüfatı nazirinin sözlərinə görə, ölkədə həyata keçirilən aqrar islahatlar bu sahənin dinamik inkişafını təmin etməklə yanaşı, məşğulluq problemini də önəmli dərəcədə həll etmişdir: “Təsadüfi deyil ki, kənd təsərrüfatı bölgələrdə ən çox iş yerləri yaradılan, kənd sakinləri üçün ən böyük gəlir və məşğuliyyət mənbəyi olan sahəyə çevrilmişdir. Dövlətin aqrar sahənin inkişafına verdiyi dəstək insanların kənd təsərrüfatına marağını daha da artırmışdır. Bu sahədə çalışanların sayı ildən-ilə artır, eyni zamanda kənd təsərrüfatında hər il daha çox innovativ yeniliklər tətbiq olunur. Artıq Azərbaycan fermerinin obrazı, siması tam dəyişib. Müasir fermer innovasiyaların tətbiqinə meylli, müasir becərmə üsullarına bələd olan, satış şəbəkəsi qurmaq üçün sosial şəbəkələrin imkanlarından istifadə edən, dünyagörüşlü vətəndaşdır. Bu vətəndaşlar ölkədə aqrar inkişafın aparıcı qüvvəsi sayılırlar”.

Nazir bu gün aqrar sahədə əldə edilən uğurlar və yüksək nəticələrin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirildiyini deyib. Bu günlərdə dövlət başçısının kənd təsərrüfatı sektorunda çalışan 42 nəfəri fəxri ad, orden və medallarla təltif etdiyini xatırladan İnam Kərimov göstərdiyi yüksək diqqət və qayğıya görə aqrar sektorda çalışan insanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin aqrar məsələlər üzrə köməkçisi Azər Əmiraslanov yığıncaq iştirakçılarına dövlət başçısının salam və təbriklərini çatdırıb. O bildirib ki, Azərbaycan prezidentinin 2008-ci ildə imzaladığı Fərman əsasında hər il 1 noyabr tarixinin Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunması dövlətin fermerlərə göstərdiyi diqqətin təzahürüdür.

Daha sonra Azər Əmiraslanov Prezident İlham Əliyevin kənd təsərrüfatı sektorunda çalışan bir qrup şəxsin fəxri ad, orden və medallarla təltif olunmasına dair imzaladığı Sərəncamı oxuyub, təltif olunan şəxsləri təbrik edib.   

 Tədbirdə Federasiyanın sədri Tofiq Quliyev çıxış edərək dövlətin aqrar siyasətinin  həyata keçirilməsinin uğurlu nəticələrindən danışmış, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının   sədri , millət vəkili Səttar Möhbalıyevin  kənd təsərrüfatı işçilərinə təbrikini çatdırmış və çıxışının sonunda kənd təsərrüfatının inkişafındakı xidmələrə görə sahənin bir qrup işçisinə Federasiyanın Fəxri fərmanlarını və mükafatlarını təqdim etmişdir.