AZE ENG RUS
Xəbərlər

«Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» Respublika müsabiqəsi qaliblərinin mükafıtlandırılması mərasimi keçirilmişdir.

19.07.2018

 

 

İyulun 19-da Bakı Biznes Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçirdiyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi  keçirilmişdir.

  Tədbirdə AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti,  Milli Məclisin deputatı Səttar Möhbalıyev giriş sözü ilə çıxış edib.

S.Möhbalıyev tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, bizim bugünkü görüşümüz əməyin mühafizəsi və sağlamlığı üzrə istehsalatda profilaktika mədəniyyəti sahəsində ən yaxşı göstərici əldə etmiş qaliblərə həsr olunur.

Bu il Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən Ümumdünya Əməyin Mühafizəsi günü (28 aprel) və Ümumdünya Uşaq Əməyi ilə Mübarizə günü (12 iyun) çərçivəsində «Yeni nəslin təhlükəsizliyi və sağlamlığı» şuarı ilə birgə illik kampaniya keçirmək qərara alınmışdır.

Bu mövzu gənclərin təhsildən əmək prosesinə, uşaqlıq dövründən yetkinlik dövrünə keçidinin təhlükəsiz və gənclərin sağlamlığı üçün ziyansız ötüşməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Birgə kampaniya BMT-nin 25 sentyabr 2015-ci ildə keçirilən sammitində qəbul edilmiş dayanıqlı inkişaf üzrə 17 qlobal məqsədin əldə edilməsi üçün fəaliyyətin sürətləndirilməsinə yönəldilib.

Son onilliklər ərzində iş yerləri intensiv texnoloji təkmilləşməyə məruz qalır ki, bu da sürətli qloballaşma ilə birlikdə dünyada bir çox insanların əmək şəraitini dəyişdirib.

Bəzən dəyişmə prosesi o qədər sürətlə baş verir ki, bu, əmək şəraitinin və əməyin mühafizəsi sisteminin kökündən dəyişməsinə səbəb olur. Bəzi hallarda təhlükələri və risqləri azaltmaq və ya aradan qaldırmaq mümkün olur. Lakin yeni texnologiyalar yeni risqlər və təhlükələr yaradır ki, bu da iş üslubunun dəyişdirilməsini və yeni yanaşmalar tətbiq edilməsini tələb edir.

BƏT-in məlumatına görə işdə alınan xəsarətlərlə və peşə xəstəlikləri ilə əlaqədar hər gün dünya üzrə 7600-dən çox insan həyatını itirir ki, bu da bir ildə 2 milyon 780 min nəfər təşkil edir.

İnsan sağlamlığına ziyan vurulması ilə yanaşı həmin bədbəxt hadisələr ölkələrin iqtisadiyyatına da mənfi təsir göstərir. Belə ki, istehsalat xəsarətləri nəticəsində dünya ÜDM-in 3,94 faizini itirir.

AHİK sədri qeid edib ki, bu gün dünya üzrə 15-24 yaş arası 541 milyon gənc işçi vardır ki, bu da bütün işçilərin 15 faizini təşkil edir. Bütün dünyada qeyri-qanuni olaraq 152 milyon uşağın əməyindən istifadə olunur. 73 milyon uşaq sağlamlıqlarına, təhlükəsizliklərinə və mənəviyyatlarına zərər vura bilən sahələrdə çalışır.

Uşaqlar arasında istehsalat xəsarətinin səviyyəsi 25 yaşdan yuxarı olanlarla müqayisədə 40 faizdən çoxdur.

BƏT-in 104-cü sessiyasında təşkilatın Baş direktoru Qay Rayder qlobal müzakirələrin «Əmək sferasının gələcəyi» şüarı ilə keçirilməsi təklifini irəli sürmüşdür və eyniadlı konsepsiyadan irəli gələn təşəbbüslər respublikamızda diqqət mərkəzindədir.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, son 15 il ərzində ölkəmizdə iş yerlərinin açılmasına böyük diqqət yetirilir. Bu müddət ərzində 1,9 milyon iş yeri açılıb. Bu iş yerlərində də əsasən yeni texnologiyaların tətbiqi sahəsində yüksək ixtisasa malik Azərbaycan mütəxəssisləri çalışırlar. Onların sırasında gənclərin də nisbi çəkisi artır. Beləliklə, həm ali təhsilli, həm peşəyönümlü təhsil müəssisələrində biliklər əldə edən Azərbaycan gəncləri bu gün müxtəlif müəssisələrdə uğurla çalışmaqdadırlar. Azərbaycanda bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən nəhəng beynəlxalq layihələr istər nəqliyyat, istər energetika, istərsə də kənd təsərrüfatı sahələrində görülən işlər, ilk növbədə, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına, onların sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edir. Bu baxımdan həmin iş yerlərində təbii ki, sağlam, təhlükəsiz əmək şəraitinin təmin olunması mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə geniş işlər görülür. Burada həm müəssisə rəhbərinin, həm də müəssisədə fəaliyyət göstərən həmkarlar təşkilatının üzərinə məsuliyyət düşür. Müəssisələrdə ölüm, xəsarət hallarının qarşısının alınması üçün kompleks tədbirlər görülməlidir. Təbii ki, maarifləndirmə işlərinin aparılması əsas istiqamətlərdən birini təşkil edir. Həmçinin müxtəlif stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi müsbət nəticələr verə bilər.

Çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, əhalinin məşğulluğunun təmin edilməsi, əmək şəraitinin yaxşılaşdırılması, sosial-iqtisadi inkişafın şaxələndirilməsi və genişləndirilməsi ölkə başçısının yeritdiyi siyasətin prioritet istiqamətlərindən biridir. Bu yöndə geniştərkibli işlər görülür.

Azərbaycanda sağlam istehsalat, işçilərin əməyinin mühafizəsi həm konstitusiyamızda, həm də Əmək Məcəlləsində ayrıca maddələrlə təsbit olunur. Əmək şəraitinin yaxşılaşdırılması yönündə yeni-yeni sistem və proqramlar hazırlanıb həyata keçirilir. Təbii ki, bütün bunlar bəhrəsini verir. Statistikaya görə, 2017-ci ildə ölkəmizdə istehsalatda 151 bədbəxt hadisə qeydə alınıb, 61 nəfər dünyasını dəyişib, 121 nəfər xəsarət alıb. 2018-ci ilin birinci yarısında isə bədbəxt hadisə sayı 71 olub. 20 nəfər həyatını itirib, 104 nəfər  xəsarət alıb. Bədbəxt hadisələr əsasən tikinti, emal və nəqliyyat sahələrində baş verib. Tikinti sahəsi riskli iş qrupuna aid edildiyindən tərəflər daha məsuliyyətli olmalıdır.

Tədbirdə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyaının vitse-prezienti Vüqar Zeynalov çıxış edib O bildirib ki, əməyin mühafizəsinə təsir edən amillərdən biri də kollektiv müqavilələrdir: “Bunun əhəmiyyətini tərəflər dərk etməlidir Burada həm işçinin hüquq və azadlıqları,  həm də işəgötürənin məsuliyyəti öz əksni tapır. İkinci bir məsələ, çalışanların öz sosial məsuliyyətini dərk etməsidir. Burada hər bir çalışan öz hüquq və azadlığını bilməli, sosial təminat və pensiya ilə bağlı haqqını tələb etməyi bacarmalıdır.

Daha sona  BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev deyib ki, BƏT ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və AHİK arasında əməkdaşlıq yüksək səviyyədədir. BƏT ölkələrdə layiqli əməyin təmin olunması yönündə fəal işlər görür. Bu il BƏT-in şüarı əmək sferasının gələcəyidir ki, burada da birbaşa gənclərin məşğulluğunun  artırılması, təhlükəsiz və layiqli əmək sisteminin tətbiqidir.Y. Həmzəyev qeyd edib ki, istehsalatda baş verən bədbəxt hadisələrə təsir edən amillər var. Burada onların psixoloji, peşə hazırlığı və maarifləndirilməsi önəmlidir.

Həmin tədbirdə Federasiyanın həmkarlar  xidmətinə daxil  olan 

 

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin:

-Göygöl Regional Aqrokimya Laboratoriyası;

- Quba Regional Aqrar  Elm və İnformasiya Məsləhət Mərkəzi;

 

Azərbaycan Meliorasiya və   Su Təsərrüfatı  ASC-nin:

- Samur –Abşeron Kanalının İstismarı İdarəsi;

- Tovuz Suvarma Sistemləri İdarəsi;

- Şəki Suvarma Sistemləri İdarəsi;

 

  "Azərsun Holdinq" Şirkətlər Qrupunun: 

  -"Azərbaycan Şəkər İstehsalat Birliyi"

  "Gəncə Şərab -2"  ASC;

  "Az.Qranata " MMC-nin:

- Ağsu Şirə və Şərab Zavodu qalib elan edilmişlər.

 Qalib müəssisələr AHİK-in  diplomu  və qiymətli hədiyyələrlə təltif olunmuşlar.