AZE ENG RUS
Xəbərlər

AHİK-də Azərbaycan Xalq Cumhuriyyəti yaranmasının 100 illiyi qeyd edilib

25.05.2018

2018-ci il mayın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar geniş iclas keçirilib


 

Tədbirdə AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev geniş məruzə ilə çıxış edib. O, qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti ən çətin mərhələdə belə demokratik ideallardan geri çəkilməmiş, hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini istiqamətində qətiyyətli addımlar atmışdır. Belə bir dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən islahatların bu məkanda gerçəkləşməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə malik olduğunu bir daha təsdiq edir.  Hazırda isə Azərbaycan dünya miqyasında nüfuzlu dövlət kimi tanınır. Bu müsbət imicin formalaşmasının kökündə uzun illər həyata keçirilən uğurlu daxili və xarici siyasət dayanır. Ulu öndər Heydər Əliyevin banisi olduğu, Prezident İlham Əliyevin tarixin ən qüdrətli dövrünü yaşatdığı müstəqil Azərbaycanın nailiyyətləri cümhuriyyətçilik prinsiplərinin təntənəsidir.

Bu il AXC-nin qurulmasının 100 illik yubileyi tamam olur. Bu böyük tarixi hadisəni daha da möhtəşəm edən Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı «Azərbaycan  Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında» 2017-ci il 16 may tarixli sərəncamı və 2018-ci ili Azərbaycanda «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan etməsi oldu. Sözsüz ki, bu çoxəsrlik dövlətçilik tariximizin təbliğində mühüm rol oynamaqla yanaşı, demokratik respublikanın əhəmiyyətini bir daha ortaya qoydu. Dövlətçilik tariximizə etibarın bariz nümunəsi olaraq göstərildi. Böyükdən kiçiyə hər kəs bu sərəncamları ölkə başçısının milli dövlətçilik tariximizə xüsusi diqqəti kimi dəyərləndirir.

Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin uca tutulması və dünyaya təbliği istiqamətində mühüm işlər görülüb. Ulu öndər Heydər Əliyev AXC-nin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırmış, ilk respublika dövründə həyata keçirilən müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasının və gələcək inkişaf yolunun müəyyənləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Prezident İlham Əliyev AXC-nin yaranmasını xalqın milli oyanışının məntiqi  yekunu kimi dəyərləndirmiş, müsəlman Şərqində ilk parlament respublikası kimi xalqımızın qədim dövlətçilik ənənələrini yaratdığını, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olduğunu qeyd etmişdir.

Daha sonar tədbir iştirakçıları tarix elmləri doktoru Vəkil Həsənovun AXC-nin yaranma tarixi haqqında çıxışını dinləyiblər.

Tədbirdə "Kənd-Qida-İş" Hİ  Federasiyanın nümayəndələri və üzv təşkilatların fəalları iştirak etmişdilər.