AZE ENG RUS
Xəbərlər

Bakıda “Əməyin gələcək sferası, dayanıqlı inkişaf, həmkarlar ittifaqlarının vəzifə və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdi.

06.02.2018

 


 

Fevralın 6-da Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə təşkilatçılığı ilə “Əməyin gələcək sferası, dayanıqlı inkişaf, həmkarlar ittifaqlarının vəzifə və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdi.

Konfransda AHİK-in sədri, BHİK-in vitse-prezidenti, Milli Məclisin üzvü Səttar Möhbalıyev, BHİK-in prezidenti Joao Felisio, Pan Avropa Regional Şurasının (PARŞ) prezidenti İrakli Petriaşvili, BƏT-in Moskva Bürosunun nümayəndəsi Qoça Aleksandria giriş sözü ilə çıxış ediblər.

 Tədbir iştirakçılarını salamlayan S.Möhbalıyev  qeyd edib ki,  bu gün dünyada müşahidə olunan ictimai, siyasi və sosial ziddiyyətlər, işsizlərin sayının 200 milyonu aşması, ekoloji və təbii resurların istifadəsi və tükənməsi problemləri fonunda insan həyatı üçün yarana biləcək təhdidlərin qarşısının alınması ideyası bəşəriyyətin gələcək konsepsiyasının əsasını təşkil edir. Bu baxımdan BƏT-in Baş Direktoru cənab Qay Rayder tərəfindən BƏT-in 104-cü sessiyasında irəli sürülmüş “Əməyin gələcəyi” təşəbbüsü və bu təşəbbüs ətrafında qlobal müzakirələrin aparılması çağırışı böyük əhəmiyyət kəsb edir. Əminliklə qeyd etmək olar ki, yeni əsrdə əmək sferası böyük dəyişikliklərə məruz qalır. Məlumdur ki, robot texnikasının inkişafı, istehsalın avtomatlaşdırılması və yeni texnologiyaların tətbiqi əmək bazarının inkişafında həlledici rol oynayır. Artıq Cənubi Koreyada hər 10 min işçiyə 478, Yaponiyada 315, Almaniyada 292, ABŞ-da 164 robot düşür və bu say sürətlə artır. Hətta insan resurslarının bolluğu ilə seçilən Çində bu sahədə ən yüksək artım müşahidə olunur. Dəyişikliklər prosesi elə sürətlə və elə miqyasda baş verir ki, artıq əmək sferasının da transformasiyasına səbəb olur. Həm də təəssüf ki, bu transformasiya,   dəyişikliklərin vektorunun sosial ədaləti təmin etmək tərəfə deyil, əks istiqamətə yönəldiyi bir şəraitdə baş verir.

Əməyin gələcəyi təşəbbüsü üzrə BƏT tərəfindən müzakirə üçün təklif olunan mövzular (“əmək sferası və cəmiyyət”, “əməyin və istehsalın təşkili”, “hamı üçün layiqli iş yerləri” və “əmək sferasının idarə olunması”) yeni texnologiyaların inkişafı, demoqrafik perspektivlər, miqrasiya prosesləri, təhsil imkanlarının genişləndirilməsi kontekstində əmək sferasına daha geniş bucaq altında nəzər salmaq və bu sahədə baş verə biləcək dəyişikliklərə öz baxışımızı formalaşdırmaq imkanı yaradır. Ölkəmizdə bu tədbirlər sosial inkişafla qarşılıqlı əlaqədə olan məqsədyönlü iqtisadi siyasətin həyata keçirilməsi ilə bağlıdır. Məşğulluğun inkişafına və layiqli əməyin təmin olunmasına yönəldilmiş balanslaşdırılmış makroiqtisadi siyasət müəyyən nəticələrlə ifadə olunub.

    Konfransda “ Kənd-Qida-İş” Hİ Federasiyasının sədri Tofiq Quliyev  “Əmək sahəsində baş verən dəyişikliklərə  səmərəli təsir göstərmək üsulu kimi sosial dialoqun mühümlüyü” mövzusunda çıxış etmişdir.