AZE ENG RUS
Xəbərlər

Milli Xalq İdman Oyunları

27.10.2016


  Kənd Təsərrüfatı, Gənclər və İdman nazirlikləri, "Kənd-Qida-İş" Həmkarlar İttifaqı Federasiyası, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və "Məhsul" Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyəti Respublika Şurasının birgə qərarı ilə kənd idmançılarının milli oyunlar üzrə ənənəvi Spartakiadası keçirilib. 
  27-ci dəfə təşkil olunan bu Spartakiadanın əsas məqsədi itməkdə olan milli adət-ənənələrimizin qorunub saxlanılması, idmanımızın daha da inkişaf etdirilməsi olub. 
   Final yarışları oktyabrın 14-16-da Sabirabad Rayon Olimpiya İdman Kompleksində baş tutub. 
   Final mərhələsinin təntənəli açılışından sonra idmançılar proqrama uyğun olaraq daşqaldırma, gücsınama (kişilər və qadınlar), dirədöymə, çalağançardağı, kəndirdartma, nərd, xıy-xıy və milli güləş üzrə yarışlarda güclərini sınayıblar. İki gün davam edən yarışlarda 20 rayondan 361 nəfər iştirak edib və Spartakiadanın qalibi adı uğrunda mübarizə aparıb.
   Spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışlarda Sabirabad rayonunun komandası birinci yeri tutub. Şamaxı ikinci, Cəlilabad isə üçüncü olub. Gəncə şəhəri, Qubadlı, Zəngilan və İmişli rayon idmançıları ümumkomanda yarışlarında xüsusilə fərqləniblər. 
Qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunublar.