AZE ENG RUS
Xəbərlər

AHİK və "Kənd-Qida-İş" Həmkarlar İttifaqı Federasiyasının "Əməyin mühafizəsi sahəsində gənc kadrların fəaliyyətinin artırılması. Uşaq əməyi: reallıq və gələcək addımlar" mövzusunda Abşeron rayonunda birgə zona seminarı keçirilmişdir.

16.12.2015

AHİK və "Kənd-Qida-İş" Həmkarlar İttifaqı Federasiyasının "Əməyin mühafizəsi sahəsində gənc kadrların fəaliyyətinin artırılması. Uşaq əməyi: reallıq və gələcək addımlar" mövzusunda Abşeron rayonunda birgə zona seminarı keçirilmişdir. 
 Seminarda AHİK-in və Federasiyanın məsul işçiləri və mütəxəssisləri, həmçinin sahə həmkarlar ittifaqının kadr və fəalları iştirak edirdi.
 Federasiyanın sədr müavini Təhmasib Əliyev "Əməyin mühafizəsi norma və qaydalarına əməl edilməsi, işçilərə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında gənc kadrların fəaliyyətinin artırılması" mövzusunda çıxış etmişdir. Demişdir ki, əməyin mühafizəsi norma və qaydalarına düzgün əməl edilməməsi, qabaqlayıcı tədbirlərin görülməməsi, nəzarətin zəif təşkili və sair zədələnmələrə və bədbəxt hadisələrə səbəb olur. BƏT-in açıqlamalarına görə dünyada hər 15 saniyədə 153 istehsalat qəzası baş verir və bir işçi həyatını itirir. Hər il istehsalat xəsarəti və peşə xəstəliyindən təxminən 2,34 milyon nəfər həlak olur. Hazırda 160 milyondan çox insan peşə xəstəliyindən əziyyət çəkir. Hər il istehsalatda 313 milyondan çox ölümlə nəticələnməyən bədbəxt hadisə baş verir. İstehsalat qəzaları dünya üzrə ümumi daxili məhsulun 4%-nin və ya 2,8 trilyon ABŞ dollarının itirilməsi ilə nəticələnir. Natiq demişdir ki, iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada gənc kadrlar fəaliyyət göstərməsin. Onlar həmçinin ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edirlər. Həmkarlar ittifaqı kadrları, fəalları arasında da gənclər çoxluq təşkil edirlər.
 Bugünkü seminarın iştirakçıları da əsasən ayrı-ayrı istehsalat sahələrindən dəvət olunmuş gənc həmkarlar ittifaqı fəallarıdır. Məqsədimiz onlara sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bu sahədə olan problemlərin həlli yollarında gənc həmkarlar ittifaqı kadrlarının fəaliyyətinin artırılmasına təkan verməkdir.
 Əməyin mühafizəsi sahəsində ictimai nəzarət funksiyasını həyata keçirən həmkarlar ittifaqının, xüsusilə gənc həmkarlar ittifaqı kadrlarının qarşısında çox mühüm və məsuliyyətli bir vəzifə durur. Əlbəttə, gəlin etiraf edək ki, əməyin mühafizəsi sahəsində gənc həmkarlar ittifaqı kadrlarının bilik və təcrübəsi indiki halda müasir tələblərə cavab vermir. Hər bir gənc mütəxəssis öz müəssisəsində, təşkilatında çalışan işçilərə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasını, onların xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsini, biliklərinin yoxlanılmasını təmin və tələb etmək üçün ilk növbədə daima təkmilləşməli, biliklərini artırmalı, yeni normativ-hüquqi aktları mənimsəməlidir. 
  AHİK-in mütəxəssisi Günel Hüseynli "Uşaq əməyi: reallıq və gələcək addımlar" mövzusunda məruzə etdi.
Məruzələr ətrafında çıxışlar oldu. Samur - Abşeron Kanalının İstismarı İdarəsinin təmsilçisi Ruslan Arixov, "Subtropik" Kənd Təsərrüfatı İstehsalat Müəssisəsinin Fermeri Hüseyn Seyidov, Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İdarəsinin HİK sədri Nadir Qəribov və digərləri öz təcrübələrini həmkarları ilə bölüşdülər. Tədbir qruplar formatında davam etdirildi.