AZE ENG RUS
Xəbərlər

Dövlət dəstəyi və uğurlu nəticələr

02.11.2015

 
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına əsasən, noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd edilir.
  Bu bayram münasibətilə sahənin bütün işçilərini təbrik edir, hər birinə cansağlığı, şərəfli fəaliyyətlərində uğurlar arzulayıram. 
  Bu il həm də dövlət başçısı tərəfindən "Kənd təsərrüfatı ili" elan edimişdir. Sevindirici haldır ki, "Kənd təsərrüfatı ili"ndə kənd təsərrüfatı istehsalı 6,7 faiz artmışdır. Ölkədə aparılan islahatlar, eyni zamanda dövlət tərəfindən fermerlərə verilən dəstək bu nailiyyətlərin əldə edilməsinə səbəb olmuşdur. Ölkədə artıq 30 iri fermer təsərrüfatı yaradılmışdır. Taxılçılıq üzrə iri fermer təsərrüfatlarında hər hektardan 50-60 sentner məhsul götürülmüşdür ki, bu da çox yüksək göstəricidir.
  Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Dövlət əhalinin ərzağa olan tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir.
  Həm də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı, neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla, iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Eyni zamanda bu sahə həm də kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sektordur. 
  Ümumiyyətlə, ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artır. Yeni texnikalar alınır, dövlət tərəfindən subsidiyalar ayrılır, aqro xidmət sahələri yaradılır, güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlər verilir. Sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər hesabına yeni aqrar istehsal sahələri yaranır. Milli təhlükəsizliyin tərkib hissələrindən biri olan ərzaq təhlükəsizliyi müəyyən keyfiyyət standartları çərçivəsində əhalinin qida məhsullarına olan tələbatının fasiləsiz, uzunmüddətli və dayanıqlı şəkildə ödənilməsini təmin edən tədbirlər kompleksidir. Dünyada əhalinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü büruzə verməkdədir. Ərzaq təhlükəsizliyi probleminin kəskin xarakter almasından sonra bu məsələ istənilən dövlət, o cümlədən Azərbaycan üçün milli təhlükəsizliyin ən mühüm tərkib hissələrindən birinə çevrilib. Hazırda ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, kənd təssərrüfatının inkişafı strategiyası uğurla həyata keçirilməkdədir. Ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasətin əsas istiqamətlərindəndir.
  Qeyd edim ki, regionların sosial-iqtisadi inkişafı çərçiəvsində xeyli sayda istehsal və emal müəssisələri yaradılıb. Məsələn, çörək zavodları, süd məhsulları istehsal edən müəssisələri göstərmək olar. Bundan başqa, heyvandarlıq kompleksləri, rayonlarda soyuducu anbar kompleksləri, üzüm emalı zavodları, heyvandarlıq-südçülük kompleksləri və s. fəaliyyət göstərir. 
  Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı kənd təsərrüfatının institusional inkişafının təmin edilməsi, aqrar sahədə idarəetmənin müasir dövrün tələblərinə uyğunlaşdırılması sahəsində vəzifələri müəyyən etmişdir. Həmin Fərmanın icrası ilə əlaqədar olaraq Nazirlər Kabinetinin qəbul etdiyi "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki bəzi qurumların fəaliyyətinin təkmilləşdirilməsi", "Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi" , "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında" qərarları ilə bir sıra struktur dəyişikliyi aparılmış, bu sahədə idarəetmənin daha da təkmilləşdirilməsi üçün addımlar atılmışdır. Rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələrinin yaradılması artıq başa çatmaqdadır.
  Yuxarıda adları çəkilən qərarlardan irəli gələn məsələlərin həlli məqsədilə sahə həmkarlar ittifaqı tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, sahə həmkarlar ittifaqı İcraiyyə Komitəsinin qərarları ilə müvafiq struktur dəyişikliyi aparılmış, bir sıra idarə və müəssisələrin həmkarlar ittifaqı komitələrinin fəaliyyəti dayandırılmış, yeni yaradılmış qurumlarda həmkarlar ittifaqı təşkilatlarının yaradılması həyata keçirilmiş və bu işlər davam etdirilməkdədir.