AZE ENG RUS
Xəbərlər

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası “İş yerlərində kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi üzrə təhlükəsizlik tələbləri” mövzusunda Salyan şəhərində zona-seminarı keçirilmişdir.

25.12.2014

   “Kənd-Qida-İş”Hİ Federasiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birgə “İş yerlərində kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi üzrə təhlükəsizlik tələbləri” mövzusunda 25 dekabr 2014-cü ildə Salyan şəhərində növbəti zona seminarı keçirmişdir.Seminarı “Kənd-Qida-İş”Hİ Salyan  rayon komitəsinin sədri Svetlana Səfərova açaraq, seminar iştirakçılarını salamladı və onlara seminarın işində uğurlar arzuladı.
    Giriş sözü ilə çıxış edən Federasiyanın sədr müavini Təhmasib Əliyev və 11 saylı ərazi üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini Azad Məmmədov bu gün ki, seminarın əhəmiyyətini, gündəlikdə qoyulmuş məsələlərin aktuallığını qeyd etməklə yanaşı, kənd təsərrüfatı və emal sənayesinin intensiv inkişafını, aqrokimyəvi maddələrdən istifadənin qaçılmaz olduğunu,bu sahədə çalışan işçilərin peşə xəstəliklərinə tutulma ehtimalının böyük olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdılar.
    Bir sözlə müasir kənd təsərrüfatının mineral və üzvü gübrələrsiz ,bitgiləri qorumaq üçün istifadə olunan pestisidlərsiz, heyvanları qansorucu və digər təhlükəli həşəratlardan mühafizə etmək üçün tətbiq edilən kimyəvi pereparatlarsız heç cür təsəvvür etmək mümkün deyil.
    Sonra Federasiyanın Baş texniki əmək müfəttişi Anar Tağıyevin “Kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi sahəsində həmkarlar ittifaqı təşkilatının rolu” mövzusunda məruzəsi dinlənildi.Məruzə ətrafında geniş müzakirələr aparıldı və belə bir ümumi nəticəyə gəlindi ki, bütün bu nəzərdən keçirdiyimiz məsələlərin düzgün həll edilməsi,ictimai nəzarət funksiyasını həyata keçirən həmkarlar ittifaqının fəallığı müəssisə, idarə və təsərrüfatlarda işçilərin hüquqlarının qorunmasına,zərərli və təhlükəli istehsalat amillərinin,peşə xəstəliklərinin azalmasına, baş verə biləcək hər hansı bir bədbəxt hadisələrin qarşısının alınmasına gətirib  çıxaracaq.
    Seminarın gedişində tədbir iştirakçılarına yeni normativ hüquqi aktlar və yeni çapdan çıxmış  əməyin mühafizəsinə dair kitablar təqdim edildi. Federasiya mövzu ilə bağlı seminarların  keçirilməsini davam etdirəcəkdir
    Məlumat üçün bildiririk ki, seminarın keçirildiyi ərəfədə  Federasiyanın məsul işçiləri Salyan və Biləsuvar rayonlarında Sahə həmkarlar ittifaqının xidmətində olan bir sıra müəssisə və təşkilatlarında əməyin mühafizəsi vəziyyəti ilə tanış olmuş,işçilərlə görüşdə onları maraqlandıran məsələlərin  həllində onlara yardımçı olmuşlar.Müəssisə rəhbərlərinə əməyin mühafizəsinə dair iradlarını bildirmiş və onların aradan qaldırılması üçün tövsiyyə xarakterli məsləhətlərini vermişlər.