AZE ENG RUS
«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası arasında 2012-2014-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişi
                                                                                  
 Azərbaycan Respublikası Əmək Məcəlləsinə və əmək münasibətləri sahəsində digər qanunvericilik aktlarına müvafiq olaraq, dövlətin minimum sosial təminatları ilə ASC-nin işçilərinin bütün təbəqəsini əhatə etmək zərurətini nəzərə alaraq və ikitərəfli məsləhətləşmələr zamanı əldə edilmiş razılaşmalara riayət olunmasını qəbul edərək:
«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının Federasiyası sahə işçilərinin əmək, sosial-iqtisadi və digər hüquqlarının tənzimlənməsinin əsas prinsipləri üzrə 2012-2014-cü illər üçün tərəflərin razılaşdırılmış mövqelərini və digər fəaliyyətlərini müəyyən edən bu Sazişi bağlayırlar.
Bu Sazişə  əlavə və dəyişikliklər Tərəflərin  qarşılıqlı razılığı əsasında edilir.
Sazişi imzalamış Tərəflər onun qüvvədə olduğu müddətdə üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinə birtərəfli qaydada xitam verə bilməzlər. Yalnız bu Sazişin hər hansı bir müddəasına təsir edən yeni bir qanunvericilik və ya normativ akt qəbul edilərsə ona əlavə və dəyişiliklər ola bilər.
Bu Sahə (tarif) Kollektiv Sazişi «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin bütün təşkilatlarına və işçilərinə şamil edilir.    
Cəmiyyətin iqtisadi və maliyə vəziyyətinin möhkəmləndirilməsi, işçilərin əmək şəraitinin yaxşılaşdırılması, onlara əlavə güzəşt və təminatların müəyyən olunması məqsədi ilə tərəflər birgə səy göstərməyi qarşılıqlı öhdəlik kimi qəbul edirlər.

                                                        I. İqtisadi siyasət sahəsində

 1.«Aqrolizinq» ASC-nin maddi-texniki bazasını gücləndirmək və əmək metodlarının təkmilləşdirilməsinə, aparılan yeni struktur dəyişikliklərinə və idarəetmə islahatlarına yardım göstərmək;
1.1.Kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasını möhkəmləndirmək, onlara aqrotexniki xidmətlər göstərmək, onları kənd təsərrüfatı texnikası, texnoloji  avadanlıq, ehtiyat hissələri, aqrokimyəvi maddələr və ziyanvericilərə qarşı mübarizə preparatları ilə təmin etmək;
1.2.«Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın yerinə yetirilməsi üçün kənd təsərrüfatı məhsulları istehsalını daha da artırmaq məqsədi ilə məhsul istehsalçılarının tinglərlə, yüksək repraduksiyalı buğda toxumu ilə və mineral gübrələrlə təminatını yaxşılaşdırmaq, damazlıq heyvandarlığın inkişaf etdirilməsi sahəsində işləri gücləndirmək;
1.3.Aqrotexniki xidmətlərin həyata keçirilməsində yeni texnologiyaların mənimsənilməsi və biliklərin artırılması yönümündə işlərin aparılmasını təmin etmək;
1.4.Bazar iqtisadiyyatı şəraitində yeni iş yerlərinin yaradılması üçün tədbirlər görmək;  
         1.5. Kollektiv müqavilə bağlamayan müəssisə və təşkilatların dövlət və bələdiyyə tərəfindən  keçirilən tenderlərdə (müsabiqələrdə) iştirakını  məhdudlaşdırmaq, bu tədbirlərə təqdim olunan  sənədlərin layihələrinə sosial xarakterli bölmənin daxil edilməsinə nail olmaq;        
1.6.Sosial sabitliyin, islahatların, ictimai yardımın zəruri şərti olan işçilərin yaşayış səviyyəsini yaxşılaşdırmaq, təhsil və ixtisas potensialını artırmaq;
1.7. Ciddi qənaət rejiminə əməl edilməsi şərti ilə mənfəət əldə olunmasına və onun hesabına Cəmiyyətin işçilərinin  sosial müdafiəsini gücləndirmək;
1.8.İşçilərin sosial müdafiəsi və lazımi həyat səviyyəsi ilə təmin edilməsi məqsədi ilə fəaliyyətini sosial proqramların həllinə yönəldmək və bu sahədə dövlət proqramlarının yerinə yetirilməsinə köməklik göstərmək.

                                 II.  Əməyin ödənilməsi, işçilərin gəlirləri   və həyat səviyyəsi

2.İşçilərin gəlirlərinin formalaşmasında razılaşdırılmış siyasətin həyata keçirilməsi məqsədi ilə işəgötürən əməyin ödənilməsini və əmək münasibətlərini tənzim edən aktlara əlavə olaraq aşağıdakı öhdəlikləri götürür:
2.1.Maliyyələşmə mənbəyindən asılı olmayaraq bütün təşkilatlarda aylıq əmək haqqının vaxtında ödənilməsi üçün  tədbirlər hazırlamaq;
2.2. Səhmdar Cəmiyyətin yerli qurumlarında çalışan işçilərin əməyinin Vahid-Tarif-Cədvəli əsasında ödənilməsi sisteminin tətbiqinin məqsədəuyğunluğunu araşdırmaq;
2.3.Əmək haqqını ayda bir dəfədən gec olmamaq şərti ilə ödəməyi, işin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsində maddi maraq yaratmaq məqsədi ilə, işçiləri aylıq və rüblük nəticələrə görə, eləcə də Dövlət bayramları münasibəti ilə həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla mükafatlandırmaq, yaxud onlara maddi yardım göstərmək;
2.4.Şəxsin dövlət sosial sığorta şəhadətnaməsi olmadan ( ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) əmək müqaviləsi (kontraktı) bağlayan işəgötürənə qarşı həmkarlar ittifaqının birgə  nəzarətini gücləndirmək;
2.5. Ölkə üzrə orta aylıq əmək haqqı miqdarından az maaş alan Səhmdar cəmiyyətin  işçilərinin sayını əhəmiyyətli dərəcədə aşağı salmaq məqsədi ilə təsirli tədbirlər görmək;
2.6. İşçiləri əmək müqaviləsi bağlamadan işə cəlb edən və onlara qeyri-rəsmi ödəniçlər verən işəgötürənlər  üzərində nəzarəti gücləndirmək;
2.7.Əməyin ödənilməsi sahəsində qanunvericiliyə düzgün riayət etmək, əməyin ödənilməsinin forma və sistemlərinin təkmilləşdirilməsi üçün tədbirlər görmək.

                         III. İşçilərin məşğulluğu, hazırlanması və ixtisaslarının artırılması

3.İşçilərin peşə hazırlığı səviyyəsini, dəyişən iş şəraitinə uyğunlaşmaq qabiliyyətini və əmək ehtiyatlarından hərtərəfli istifadə edilməsini həyata keçirmək məqsədi ilə  işəgötürən öhdəsinə  götürür:
3.1. Yeni iş yerlərinin açılmasını təmin etmək məqsədi ilə «Məşğulluğu haqqında» Azərbaycan Respublikasında Qanununa müvafiq tədbirlər görmək, struktur dəyişiklikləri nəticəsində sərbəstləşdirilmiş işçilərin sosial müdafiəsini həll etmək üçün onlara sosial yardımlar vermək və cəmiyyətin boş iş yerləri olan təşkilatlarında onların yerləşdirilməsinə köməklik göstərmək;
3.2.Gənclərin məşğulluğunun təmin edilməsi, onların kənd yerlərində çalışmasına həvəsləndirən imtiyazlar sistemini təkmilləşdirilməsi, əmək şəraitlərinin yaxşılaşdırılması, həyat səviyyələrinin yüksəldilməsi və gənc işçilərin, mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsi  istiqamətində tədbirlər həyata keçirmək;
3.3.Əmək bazarının  tələblərinə uyğun olaraq kadr hazirlığının proqnozlaşdırılması sisteminin yaradılmasına dair zəruri tədbirlər görmək;
3.4.Mövcud iş yerlərinin saxlanmasını və layiqli yeni iş yerlərinin yaradılmasını təmin edən işəgötürənlər üçün həvəsləndirici tədbirlər görmək, həmin müəssələri Respublıika Sahə Baxış müsabiqələrinə təqdim etmək;
3.5.İşəgötürənin təşəbbüsü ilə cəmiyyətin struktur bölmələrinin ləğv edilməsi,  iş yerlərinin ixtisarına və ya əmək şəraitinin pisləşməsinə səbəb olarsa, belə tədbirlərin qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müvafiq həmkarlar ittifaqlarını azı 3 ay qabaqcadan xəbərdar etmək və işçilərin mənafeinin gözlənilməsi barədə danışıqlar aparmaqla həyata keçirmək;
3.6.Cəmiyyətin maliyyə imkanları daxilində işçilərin kütləvi işdən azad edilməsi hallarında işdən çıxma müavinətinin məbləğini artırmaq, ehtiyacı olanlara əlavə maddi yardımı vermək;
3.7.İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlük verilən şəxslərin siyahısına pensiyaya çıxmasına bir il qalmış, anadan olandan və ya uşaqlıqdan əlil uşaqları olan işçiləri daxil etmək;
3.8.Əmək qanunvericiliynin tələblərinə riayət oluması üzərində birgə nəzarəti gücləndirmək;
3.9.Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olmayan qeyri-qanuni, müddətli əmək müqavilələrinin bağlanmasına yol verməmək.

                  IV. Əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik

4.Təhlükəsiz əmək şəraiti yaradılması və işçilərin sağlamlığının mühafizəsi sahəsində işəgötürənin  öhdəlikləri:
4.1.Hər il əmək şəraitinin, istehsalatda baş vermiş zədələnmələrin, peşə və ümumi xəstəliklərin səbəbini araşdırmaq və bunun əsasında istehsalat xəstəliklərinin azaldılması, əməyin təhlükəsizliyini təmin edən profilaktiki tədbirlər planı hazırlamaq;                                                                                                          
4.2.Ətraf mühitin qorunması və Ekoloji tarazlığı təmin etmək məqsədi ilə kənd təsərrüfatında istifadə edilən mineral kübrələrin, pestisidlərin normaya uyğun işlədilməsi, saxlanması, daşınması və tətbiqi zamanı müvafiq təlimatlara əməl etmək;
4.3. Uşaq əməyinin, məcburi əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını  tənzimləyən dövlət sosial proqramlarin icrası ilə bağlı monitorinqləri təşkil etmək;
4.4.Əməyin mühafizəsi üztə mütəxəssislərin hazırlanması, ixtisaslarının artırilması, təcrübə mübadiləsinin aparılması işlərini davam etdirmək;
4.5.Qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərin ilkin və dövrü tibbi müayinədən keçirilməsini təmin etmək və bu istiqamətdə nəzarəti gücləndirmək;
4.6.Əməyin mühafizəsi ilə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanması və qəbul edilməsində birgə fəaliyyəti davam etdirmək;                                                                                                         
4.7. Havanın temperaturu azı 41 dərəcə Selsidın çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyən işçilərə fasilələrin verilməsinə və işin dayandırilmasına nəzarəti gücləndirmək;
4.8.İşçilərə qüvvədə olan normalara uyğun olaraq xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri vermək, onların lazımı qaydada saxlanmasını və profilaktikasını təmin etmək;
4.9.Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq zərərli və ağır əmək şəraitində çalışan işçilərə əlavə məzuniyyət, qısaldılmış iş günü, müalicə-profilaktik yeməklər (süd və ona bərabər tutulan digər məhsullar) vermək;
4.10.Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi mənbəyini nəzərdə tutmaq və smetasını təsdiq etmək;
4.11.Qanunvericiliyə uyğun olaraq istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şikəst olmuş, ölümlə nəticələnmiş və ya işçinin səhhətinə vurulmuş zərərin əvəzini, habelə müalicə-sağlamlıq müəssisələrində müalicənin dəyərini tam ödəmək;
4.12.İşəgötürən və həmkarlar ittifaqı komitəsi işçilərdə zədəsiz və qəzasız işləməyə maddi maraq yaratmaq məqsədi ilə maddi həvəsləndirməyə vəsait ayırmağı, əməyin mühafizəsi üzrə əyani vasitələrlə təmin etməyi, təhlükəsizlik qaydalarını pozanları əmək kollektivinin müzakirəsinə çıxarmağı, onları intizam və maddi məsuliyyətə cəlb etməyi öhdələrinə götürürlər.
                                         
                                         V. Sosial müdafiənin gücləndirilməsi və güzəştlər

5.İşəgötürən, işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onlar üçün sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, ixtisaslaşdırılmış və keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədi ilə aşağıda göstərilən tədbirləri həyata keçirməyi öhdəsinə götürür:
5.1.İşçilərin uşaqları (15 yaşa qədər) uzun sürən ağır xəstəliklərə düçar olarsa, onlara  maddi yardım göstərmək;
5.2.Qadınların sağlamlığını mühafizə etmək məqsədi ilə:
-  iş rejiminin düzgün təşkilinə, əlavə məzuniyyətlərin və qısaldılmış iş günlərinin verilməsi;
-  hamilə və üç yarımadək uşaqları olan qadınların nisbətən yüngül işə keçirilməsini təmin etmək;
5.3.Hamilə qadınların ailə üzvlərinin adambaşına düşən aylıq gəliri minimum istehlak səbətindən az olarsa, həmin qadınlara istehlak səbəti ilə aylıq gəlirin fərqi qədər müvafiq vəsait ayırmaq;
5.4.Dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi ilə əlaqədar müəssisələr və təşkilatlar tərəfindən köçürülən sığorta haqlarının vaxtında tam həcmdə köçürülməsini təmin etmək;
5.5.”İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun icrasına nəzarəti gücləndirmək;
5.6.Qanunvericiliyə uyğun olaraq işəgötürən tərəfindən işçilərin əlavə sığortalanması üçün əməli tədbirlər görmək;
5.7.İşçi pensiyaya çıxdıqda iş stajından asılı olaraq ona birdəfəlik maddi yardım göstərmək;
5.8.ASC-nin iqtisadi vəziyyəti imkan verərsə müharibə iştirakçılarına, həlak olmuş hərbi qulluqçuların ailələrinə, istehsalatda həlak olmuş işçilərin ailələrinə, əlillərə, pensiyaçılara müxtəlif növ sosial yardımlar göstərmək;
5.9.İstənilən səbəbdən istifadə edilməmiş əmək məzuniyyətinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə konpensasiya ödəmək;
5.10.Aztəminatlı ailələrin uşaqlarına məktəbli paltarı və dərs ləvazimatı almaq üçün dərs ilinin əvvəlində yardım göstərmək;
5.11.Uşaqların və yeniyetmələrin məktəb tətilləri zamanı sağlamlıq düşərgələrində istirahətinin təşkili ilə əlaqədar müvafiq fondlardan vəsait ayırmaq;
5.12.Həmkarlar İttifaqı işçilərin sağlamlığının mühafizəsi məqsədi ilə iş şəraitinə və təhlükəsizlik norimalarına riayət edilməsinə nəzarəti həyata keçirir, işçilərin sağlamlığının bərpası üçün müalicə-sanatoriya müəssisələrinə yollayışların ayrılmasını və mədəni-kütləvi tədbirlərdə iştirakını təmin edir;
5.13.Səhmdar Cəmiyyətin mərkəzi aparatının işçiləri üçün «Bağçılıq kooperativinin» təşkili məqsədi ilə dənizə yaxın ərazidə torpaq sahəsinin ayrılması barədə təkliflərini müvafiq dövlət qurumlarına təqdim editr.   

                              VI. Sosial tərəfdaşlıq və tərəflərin fəaliyyətinin əlaqələndirilməsi

6.Tərəflər sosial tərəfdaşlıq sahəsində aşağıdakı məsələlərin həllini təmin etməyi qəbul edirlər:
6.1.Həmkarlar ittifaqı üzvlərinin əmək haqlarından üzvlük haqlarının mühasibatlıq vasitəsi ilə cədvəl üzrə tutulmasına və onun əmək haqqı verilən aydan gec olmayaraq həmkarlar ittifaqının müvafiq hesablaşma hesabına köçürülməsi;
6.2.Kollektiv müqavilənin hazırlanıb bağlanmasına dair lazım olan sənədlərin və məlumatların həmkarlar ittifaqı komitəsinə vaxtında verilməsi;
6.3. Cəmiyyətin tabeliyində olan müəssisələrdə  həmkarlar ittifaqı təşkilatlarının yaradılmasında, işçilərin sosial əmək münasibətlərinin tənzimlənməsində Sahə həmkarlar ittifaqı Federasiyası kollektiv danışıqlar aparmaq üstünlüyünə malikdir.
6.4.Danışıqlarda, iclaslarda və yaxud həmkarlar ittifaqı təşkilatlarının tədbirlərində iştirak edən həmkarlar ititfaqı fəallarının həmin günlər üçün orta əmək haqqının (hər bir nəfər üçün ayda 2 gündən çox olmayaraq) saxlanmasını;
6.5.Həmkarlar ittifaqı komitəsinin fəaliyyəti üçün lazım olan avadanlıqların, rabitənin, otaqların əvəzsiz olaraq verilməsi və onların müəssisənin vəsaiti hesabına vaxaşırı təmirinin aparılması;
6.6.Tərəflər kollektiv müqavilədə müəyyən edilmiş məqsədlər üçün işləyən həmkarlar ittifaqı üzvlərinin əmək haqqı fondunun ən azı 0,15 faiz həcmində vəsaitin həmkarlar ititfaqına ayırmalar edilməsini tövsiyə edirlər.
6.7.Kollektiv Sazişin icrasına nəzarəti Tərflərin müvafiq komissiyaları həyata keçirir və nəticələri ilin yekununa görə ümumi iclasda müzakirə edilir.
6.8. Həmin Sahə (tarif) Kollektiv Sazişi yeni Saziş bağlananadək qüvvədədir.
6.9.Tərəflər sosial-iqtisadi və əmək münasibətləri sahəsində yaranan kollektiv əmək mübahisələrinin (münaqişələrin) tənzimlənməsi üçün onlardan asılı olan bütün zəruri tədbirləri həyata keçirirlər.
6.10.Həmin Sahə (tarif) Kollektiv Sazişi 2012-2014-cü illər üçün bağlanmışdır və tərəflər imzaladığı gündən qüvvəyə minir.