AZE ENG RUS
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının Federasiyası arasında 2012-2014-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişi
   
Azərbaycan Respublikası Əmək Məcəlləsinə və əmək münasibətləri sahəsində digər qanunvericilik aktlarına müvafiq olaraq;
sahə işçilərinin bütün təbəqəsini əhatə etmək zərurətini nəzərə alaraq;
ikitərəfli məsləhətləşmələr zamanı əldə edilmiş razılaşmalara riayət olunmasını qəbul edərək;
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının Federasiyası Sahə işçilərinin sosial, iqtisadi və əmək münasibətlərinin tənzimlənməsinin  əsas prinsipləri üzrə 2012-2014-cü illər üçün tərəflərin razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən bu Sazişi bağlamışlar.
Bu Sahə (tarif) Kollektiv Sazişin həyata keçirilməsi məqsədi ilə işçilərin mədəni, təhsil və ixtisas potensialını yüksəltmək, təşkilatların iqtisadi və maliyyə vəziyyətlərinin  möhkəmləndirilməsinə nail olmaq üçün Sazişin Tərəfləri qarşılıqlı əlaqələrinin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial əmək münasibətlərinin kollektiv müqavilələrin  vasitəsi ilə tənzimlənməsinə birgə səy göstərməyi qarşılıqlı öhdəlik kimi qəbul edirlər.

                                                 I. İqtisadi siyasət sahəsində

Tərəflər ilk növbədə aşağıdakı tədbirləri həyata keçirməyi öhdəsinə götürürlər:
1.1. Təsərrüfat subyektlərinin yeni struktur dəyişmələrinə və idarəetmə islahatlarına kömək edilməsini;
        1.2. Müəssisələrin inkişafına investorları cəlb etdikdə işçilər üçün müəyyən olunmuş təminatlara riayət olunmasını;
1.3. Əməyin təşkilinə, qabaqcıl əmək metodlarının təkmilləşdirilməsinə yardım göstərilməsini və yeni iş yerlərinin yaradılması üçün tədbirlər görülməsini;
1.4. Müsabiqəli əsaslarla elmi texniki layihələrin, əməyin təşkili, qabaqcıl əmək metodlarının təkmilləşdirilməsinə yardım göstərilməsini;
        1.5. Kollektiv üzvlərinin sosial müdafiəsini təmin etmək, işçilər üçün lazımi həyat səviyyəsi yaradılması məqsədi ilə tərəflər fəaliyyətlərini sosial proqramların həllinə (mənzil tikintisi, sosial, mədəni, təhsil, istirahət və sairə) yönəldir, bu məqsədlə aidiyyati orqanlar qarşısında tələblər qomağı, onu müdafiə etməyi, bu sahədə Hökumət Proqramlarının yerinə yetirilməsinə yardım göstərməyi;     
        1.6. Kollektiv müqavilə bağlamayan müəssisə və təşkilatların dövlət və bələdiyyə tərəfindən  keçirilən tenderlərdə (müsabiqələrdə) iştirakını  məhdudlaşdırmaq, bu tədbirlərə təqdim olunan  sənədlərin layihələrinə sosial xarakterli bölməni daxil etdirmək;        
          1.7. Bazar iqtisadiyyatı şəraitində istehsalın həcminin artırılmasında və yeni iş yerlərinin yaradılmasında əsas amil olan kiçik və orta sahibkarlığa yardımın daha da gücləndirilməsini;

                             II.  Əməyin ödənilməsi, işçilərin gəlirləri və həyat səviyyəsi

2. İşçilərin gəlirlərinin formalaşmasında razılaşdırılmış siyasətin həyata keçirilməsi məqsədi ilə işəgötürən əməyin ödənilməsini və əmək münasibətlərini tənzim edən aktlara əlavə olaraq aşağıdakı öhdəlikləri götürür:
2.1. Maliyyələşmə mənbəyindən asılı olmayaraq bütün təşkilatlarda aylıq əmək haqqının, vaxtında ödənilməsi üçün təminedici tədbirlər hazırlamaq;
2.2. İşçilərin tarif (vəzifə) maaşlarını Vahid-Tarif-Cədvəli üzrə ödəməyi və iqtisadi imkanları nəzərə alaraq əmək haqqı artımı məsələsinə baxmaq;
2.3. Əmək haqqını ayda bir dəfədən gec olmamaq şərti ilə ödəməyi, işin səmərəliliyinin və keyfiyyətinin qaldırılmasında maddi maraq yaratmaq məqsədi ilə işçiləri aylıq və rüblük nəticələrə görə, eləcə də Dövlət bayramları münasibəti ilə həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla mükafatlandırmaq, yaxud onlara maddi yardım göstərmək;
        2.4. Şəxsin dövlət sosial sığorta şəhadətnaməsi olmadan ( ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) əmək müqaviləsi (kontraktı) bağlayan işəgötürənlərə qarşı həmkarlar ittifaqlarının ictimai nəzarətini gücləndirmək;
        2.5. Ölkə üzrə orta aylıq əmək haqqı miqdarından az maaş alan Sahə  işçilərinin sayını əhəmiyyətli dərəcədə aşağı salmaq məqsədi ilə təsirli tədbirlər görmək;
        2.6. İşçiləri əmək müqaviləsi bağlamadan işə cəlb edən və onlara qeyri-rəsmi ödənişlər verən işəgötürənlər  üzərində nəzarəti gücləndirmək;
2.7. Həmkarlar ittifaqı komitələri əməyin ödənilməsi sahəsində qanunvericiliyə düzgün riayət olunmasına nəzarət etməyi, struktur bölmə kollektivlərinin və ayrı-ayrı işçilərin tələb və təklifləri əsasında əməyin ödənilməsinin forma və sistemlərinin təkmilləşdirilməsi üçün tədbirlər görməyi, müvafiq orqanlar qarşısında məsələ qaldırmağı öhdəsinə götürür.

                         III. İşçilərin məşğulluğu, hazırlanması və ixtisaslarının artırılması

3. İşçilərin peşə hazırlığı səviyyəsinə, dəyişən iş şəraitinə uyğunlaşmaq qabiliyyətinə və yüksək əmək məhsuldarlığına olan tələbkarlığı nəzərə alaraq səmərəli məşğulluq siyasətini və əmək ehtiyatlarından hərtərəfli istifadə edilməsini həyata keçirməyi  işəgötürənlər öhdələrinə  götürürlər:
3.1. Sosial sahənin inkişafını, yeni texnika və texnologiyanın tətbiqini və işdən azad olunmuş işçilərin peşə ixtisas hazırlığını nəzərə almaqla məşğulluq sahəsində işin təşkilini və əlaqələndirilməsini təmin etmək;
3.2. Struktur dəyişiklikləri nəticəsində sərbəstləşdirilmiş işçilərin sosial müdafiəsini həll etmək, Azərbaycan Respublikasında «Əhalinin məşğulluğu haqqında» Qanuna müvafiq olaraq sosial yardımlar, sahənin boş iş yerləri olan müəssisələrində onların yerləşdirilməsinə köməklik göstərmək;
3.3. Əmək bazarının  tələblərinə uyğun olaraq kadr hazirlığının proqnozlaşdırılması sisteminin yaradılmasına dair zəruri tədbirlər görmək;
        3.4. Mövcud iş yerlərinin saxlanmasını və layiqli yeni iş yerlərinin yaradılmasını təmin edən işəgötürənlər üçün həvəsləndirici tədbirlər görmək, həmin müəssələri Respublıika Sahə Baxış müsabiqələrinə təqdim etmək;
3.5. İşəgötürənin təşəbbüsü ilə müəssisənin struktur bölmələrinin ləğv edilməsi istehsalın tamamilə dayandırılmasına, iş yerlərinin ixtisarına və ya əmək şəraitinin pisləşməsinə səbəb olarsa, belə tədbirlərin qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müvafiq həmkarlar ittifaqlarını azı 3 ay qabaqcadan xəbərdar etmək və işçilərin mənafeyinin gözlənilməsi barədə danışıqlıqlar aparmaqla həyata keçirmək;
3.6. İşçilərin kütləvi şəkildə işdən azad edilməsi hallarında işdənçıxma müavinətinin məbləğini artırmaq, kəskin ehtiyacı olanlara maddi yardımın verilməsi üçün əlavə  sosial təminatları təyin etmək;
3.7. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin siyahısına pensiyaya çıxmaq üçün bir il qalmış, anadan olandan və ya uşaqlıqdan əlil uşaqları olan işçiləri daxil etmək;
3.8.  İşdən azad olunan peşəkar işçilərin sahənin digər müəssisələrində işə düzəlməsinə yardım göstərmək;
3.9.  Əmək şəraiti zərərli və ağır olan işçilərə əlavə məzuniyyət müvafiq istehsalat, peşə və vəzifələrin Siyahısı əsasında qanunvericiliyə uyğun verilməsinə nəzarəti gücləndirmək;
3.10. Əmək qanunvericiliyinin tələblərinə riayət olunması üzərində nəzarəti      gücləndirmək;
3.11. Kollektiv müqavilələrdə müəssisələrin iqtisadi imkanları nəzərə alınmaqla qanunvericilikdə nəzərdə tutulduğundan əlavə ödənişli və ödənişsiz məzuniyyətlər nəzərdə tutula bilər;
3.12. Müəssisələrdə iş və istirahət vaxtı barədə normalara riayət olunmasına həmkarlar ittifaqı komitəsi nəzarət edir;
3.13. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olmayan qeyri-qanuni, müddətli əmək müqavilələrinin bağlanmasına yol verməmək.

                          IV.   Gender bərabərliyi siyasətinin həyata keçirilməsi sahəsində.

4.  İş yerlərində gender bərabərliyinin gözlənilməsi,cinsindən asılı olmayaraq bütün işçilərə təhlükəsiz və sağlam iş şəraitinin və faydalı işləmələri üçün bərabər imkanların yaradılmasına dair öhdəlikləri:
4.1.  Müəssisə və təşkilatlarda işçilərin (kişi və qadınların) rəhbər vəzifələrə irəli çəkilməsi prosesinin şəffaf keçməsini təmin etmək;
4.2.  İş yerləri üzrə qadınlara bərabər hüquq və imkanlar prinsiplərinin həyata keçirilməsi və onlar üçün nəzərdə tutulan təminatlar sistemindən istifadə edilməsi üçün şərait yaratmaq;
4.3.  Ölkə qanunvericiliyi ilə qadınlar üçün doğuşa və uşağa qulluq etməyə görə nəzərdə tutulan imtiyazlara nisbətən işləyən qadınlara əlavə və imtiyazların verilməsini, ehtiyac olduqda anaya müəyyən edilmiş günlər həcmində öz hesabına əlavə məzuniyyət verilməsini nəzərdə tutmaq;
4.4. Həmkarlar ittifaqlarının bütün səlahiyyətli orqanlarında gender bərabərliyi və qadın problemləri ilə məşğul olan komissiyaların yaradılmasına və ya bu məsələlərlə məşğul olan məsul şəxsin müəyyən edilməsinə və onların fəaliyyət göstərməsi üçün şərait yaratmaq;
4.5.  İşçilərin yaxın qohumu (valideyni, həyat yoldaşı, uşağı və s.) vəfat etdikdə işçiyə əmək haqqı ödənilməklə bir həftə işə çıxmamasına icazə vermək;
4.6. 15 yaşadək əlil uşağı olan ailədə ananın işləyib-işləməməsindən asılı olmayaraq ataya yazılı ərizəsi əsasında, ildə bir dəfə, müəyyən edilmiş müddətdə ödənişsiz məzuniyyət vermək;
4.7.  Ailədə uşağın doğulduğu ilk günlərdə ataya əmək haqqı ödənilməklə bir həftə (5 iş günü) işə çıxmamasına icazə vermək;
4.8.Azyaşlı (15 yaşa çatmamış) uşaqları olan işləyən kişilərə növbəti məzuniyyət bir qayda olaraq ailənin tələbatı nəzərə alınmaqla verilir;                                                                                                         

                 V.Zəhmətkeşlərin sağlamlığının və tibbi xidmətinin yaxşılaşdırılması sahəsində.

5.Sahənin müəssisə və təşkilatlarında çalışan əməkçilərin sağlamlığının mühafizəsi, onlar üçün sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, ixtisaslaşdırılmış və keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədi ilə həmkarlar ittifaqları aşağıda qeyd edilən tədbirlərin kollektiv müqavilələrə daxil edilməsinə çalışdırmalıdırlar:
5.1.  Müəssisə və təşkilatlarda ağır və zərərli iş şəraitində çalışan hamilə qadınlara 11-12 həftəlik hamiləlik müddətində, əmək haqqı saxlanılmaqla məzuniyyət vermək;
5.2. Müəssisə və təşkilatlarda çalışan qadınların sağlamlığını mühafizə etmək məqsədi ilə:
-  iş rejiminin düzgün təşkilinə, əlavə məzuniyyətlərin və qısaldılmış iş günlərinin verilməsini;
-  hamilə və yaş yarımadək uşaqları olan qadınların nisbətən yüngül işə keçirilməsini təmin etmək;
5.3.  Hamilə qadının ailə üzvlərinin adambaşına düşən aylıq gəliri minimum istehlak səbətindən az olarsa, həmin qadının işlədiyi müəssisə və təşkilatın hesabına istehlak səbəti ilə aylıq gəlirin fərqi qədər müvafiq vəsait ayırmaq;
        5.4. Uşaq əməyinin, məcburi əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarin icrası ilə bağlı monitorinqləri təşkil etmək;
              5.5.”İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun icrasına nəzarəti gücləndirmək;
5.6.Qanunvericiliyə uyğun olaraq işəgötürən tərəfindən işçilərin əlavə sığortalanması üçün əməli tədbirlər görmək;
 5.7. Dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi ilə əlaqədar müəssisə və təşkilatlar tərəfindən köçürülən sığorta haqlarının vaxtında tam həcmdə köçürülməsini təmin etmək;

                           VI.  Əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik

6. Sahənin işəgötürənlərinin təhlükəsiz əmək şəraiti yaradılması və işçilərin sağlamlığının mühafizəsi sahəsində öhdəlikləri:
 6.1 Zərərli əmək şəraitində çalışan işçilərin siyahısını təsdiq etmək və müvafiq güzəştlər nəzərdə tutmaq;
6.2. Səhiyyə orqanları tərəfindən müəyyən edilmiş qaydaya müvafiq olaraq bir sıra istehsalat və peşə xəstəliklərinə tutulmaqdan sığorta etmək;
6.3. Hər il əmək şəraitinin, istehsalatda baş vermiş zədələnmələrin, peşə və ümumi xəstəliklərin səbəbini araşdırmaq və bunun əsasında istehsalat xəstəliklərinin azaldılması, əməyin təhlükəsizliyini təmin edən profilaktiki tədbirlər planı hazırlamaq;
6.4. İşçilərə qüvvədə olan normalara uyğun olaraq xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri vermək, onların lazımı qaydada saxlanmasını və profilaktikasını təmin etmək;
6.5.Əməyin mühafizəsi üztə mütəxəssislərin hazırlanması, ixtisaslarının artırilması, təcrübə mübadiləsinin aparılması işlərini davam etdirmək;
 6.6.Qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərin ilkin və dövrü tibbi müayinədən keçirilməsini təmin etmək və bu istiqamətdə nəzarəti gücləndirmək;
 6.7. Əməyin mühafizəsi ilə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanması və qəbul edilməsində birgə fəaliyyəti davam etdirmək;
 6.8. Havanın temperaturu azı 41 dərəcə Selsidın çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyən işçilərə fasilələrin verilməsinə və işin dayandırilmasına nəzarəti gücləndirmək;        
 6.9. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq zərərli və ağır əmək şəraitində çalışan işçilərə əlavə məzuniyyət, qısaldılmış iş günü, müalicə-profilaktik yeməklər (süd və ona bərabər tutulan digər məhsullar) vermək;
6.10. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi mənbəyini nəzərdə tutmaq və smetasını təsdiq etmək;
6.11. İş yerlərində əmək mühafizəsi qaydalarının tələblərinə uyğun olaraq mikroiqlimi, normal isitməni, təbii və süni işıqlanmanı təmin etmək;
6.12. Ekoloji tarazlığı qoruyub saxlamaq məqsədi ilə müəssisələrdən ətraf aləmə atılan tullantıların həcmini minimuma endirmək;
6.13. Qanunvericiliyə uyğun olaraq istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şikəst olmuş, ölümlə nəticələnmiş və ya işçinin səhhətinə vurulmuş zərərin əvəzini nəzərdə tutulmuş yeni qaydaya müvafiq və miqdarda, habelə müalicə-sağlamlıq müəssisələrində müalicənin dəyərini tam ödəmək;
6.14. Uşaq və yeniyetmələrin (15-18 yaşlarda) əməyindən istifadə olunduqda onların həyat və səhhətinə mənfi təsir edən sahələrdə işləmələrinə yol verməmək.
6.15. İşəgötürənlər və həmkarlar ittifaqı komitələri işçilərdə zədəsiz və qəzasız işləməyə maddi maraq yaratmaq məqsədi ilə maddi həvəsləndirməyə vəsait ayırmağı, əmək mühafizəsi üzrə əyani vasitələrlə təmin etməyi, təhlükəsizlik qaydalarını pozanları əmək kollektivinin müzakirəsinə çıxarmağı, onları intizam və maddi məsuliyyətə cəlb etməyi öhdələrinə götürürlər.                                                                            
              
                                               VII.  Sosial təminatlar və güzəştlər

7. Sahə işəgötürənlərinə və həmkarlar ittifaqı komitələrinə kollektiv müqavilələrə daxil etmək üçün aşağıdakı öhdəlikləri götürmək tövsiyə olunur:
7.1. Əmək kollektivinin qərarı ilə müəssisənin vəsaiti hesabına müharibə iştirakçılarına, həlak olmuş hərbi qulluqçuların ailələrinə, istehsalatda həlak olmuş işçilərin ailələrinə, əlillərə, pensiyaçılara müxtəlif növ sosial yardımlar göstərmək;
7.2. İstənilən səbəbdən istifadə edilməmiş əmək məzuniyyətinə görə qanunverisilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə kompensasiya ödəmək;
7.3. İşçi əmək stajına görə pensiyaya çıxdıqda iş starjından asılı olaraq ona birdəfəlik maddi yardım göstərmək
7.4. Müəssisədən hərbi xidmətə çağırılmış və hərbi xidməti qurtardıqdan sonra həmin müəssisəyə qayıtmış işçilərə aylıq əmək haqqı (vəzifə maaşı) miqdarında müavinət vermək;
7.5. Müəssisənin vəsaiti hesabına daha təhlükəli peşə işçilərini istehsalatda bədbəxt hadisələrdən sığorta etmək;
7.6. Aztəminatlı ailələrin uşaqlarına məktəbli paltarı və dərs ləvazimatı almaq üçün dərs ilinin əvvəlində yardım göstərmək;
7.7. Uşaqların və yeniyetmələrin məktəb tətilləri zamanı sağlamlıq düşərgələrində istirahətinin təşkili ilə əlaqədar müvafiq fondlardan vəsait ayırmaq;
7.8.  Qanunvericilikdə nəzərdə tutulanlara nisbətən işçilərə əmək və sosial məişət güzəştləri, istehsalatda bədbəxt hadisələrlə əlaqədar əməkçilərə və onların ailə üzvlərinə əlavə ödənişlər vermək;

                       VIII. Sosial tərəfdaşlıq və tərəflərin fəaliyyətinin əlaqələndirilməsi

8. Tərəflər sosial tərəfdaşlıq sahəsində aşağıdakı məsələlərin həllinə köməklik etməyi qəbul edirlər:
8.1. Kollektiv müqavilələrin bağlanması üzrə danışıqların aparılmasına işəgötürənlərin daha fəal cəlb olunmasına;
8.2. Açıq Səhmdar Cəmiyyətin tabeliyində olan idarə və təşkilatlarda sosial əmək münasibətlərinin sosial tərəfdaşlıq prinsipləri əsasında tənzimlənməsinə;
8.3. Kollektiv müqavilələrin bağlanmasına və onun şərtlərinin yerinə yetirilməsinə;
8.4. Cəmiyyətin tabeliyində olan müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılmasında, işçilərin sosial əmək münasibətlərinin tənzimlənməsində Sahə həmkarlar ittifaqı Federasiyası kollektiv danışıqlar aparmaq üstünlüyünə malikdir.
8.5. Həmkarlar ittifaqı üzvlərinin əmək haqqlarından üzvlük haqlarının mühasibatlıq vasitəsi ilə cədvəl üzrə tutulmasına və həmkarlar ittifaqının müvafiq hesablaşma hesabına köçürülməsinə;
8.6. Üzvlük haqlarının işçilərin əmək haqqının tərkib hissəsi olduğunu nəzərə alaraq, tutulmuş üzvlük haqqlarının əmək haqları verilən aydan gec olmayaraq köçürülməsinin təmin olunmasına;
8.7. Məşğulluq, işə qəbul, əmək haqqı, əməyin mühafizəsi məsəlləri üzrə kollektiv müqavilənin hazırlanıb bağlanmasına dair lazım olan sənədlərin və məlumatların həmkarlar ittifaqı komitəsinə vaxtında verilməsinə;
 8.8. Səhmdar Cəmiyyətin və Federasiyanın keçirtdiyi tədbirlərdə  tərəflərin nümayəndələrinin  birgə iştirakının  təmin edilməsinə;
8.9. Danışıqlarda, iclaslarda və yaxud həmkarlar ittifaqı təşkilatlarının tədbirlərində iştirak edən həmkarlar ititfaqı fəallarının həmin günlər üçün orta əmək haqqının (hər bir nəfər üçün ayda 2 gündən çox olmayaraq) saxlanmasına;
8.10. Həmkarlar ittifaqı komitəsinin fəaliyyəti üçün lazım olan avadanlıqların, rabitənin, otaqların əvəzsiz olaraq verilməsinə və onların müəssisənin vəsaiti hesabına vaxtaşırı təmirinin aparılmasına;
8.11.Tərəflər razılaşırlar ki, müəssisədə  (səhmdar cəmiyyətdə) muzdlu işçilərin iştirakı müəssisələrin idarəetmə orqanlarının üzvlərinin üçdə bir hissəsi əmək kollektivi tərəfindən seçilir və seçilmiş nümayəndələr məşvərət səsvermə hüququ ilə idarə heyətinin, direktorlar şurasının iclaslarında iştirak edirlər.
8.12.Tərəflər sosial-iqtisadi və əmək münasibətləri sahəsində yaranan kollektiv əmək mübahisələrinin (münaqişələrin) tənzimlənməsi üçün onlardan asılı olan bütün zəruri tədbirləri həyata keçirir, bu sahədə infrastrukturun təkmilləşdirilməsini və birgə əməkdaşlığı təşkil edirlər.
8.13.Səhmdar Cəmiyyətin tabeliyində olan müəssisə və təşkilatlarda  yaradılan  həmkarlar ittifaqı təşkilatları aidiyyəti üzrə Sahə həmkarlar ittifaqının xidmətinə daxildir.
8.14. Tərəflər kollektiv müqavilələrlə müəyyən edilmiş məqsədlər üçün müəssisə və təşkilatlarda işləyən həmkarlar ittifaqı üzvlərinin əmək haqqı fondunun ən azı 0,15 faiz həcmində vəsaitin həmkarlar ititfaqlarına ayırmalar edilməsini tövsiyə edirlər.
8.15. Hər bir tərəf qəbul olunmuş öhdəliklərin icrasını təmin edən tədbirləri hazırlayır və həyata keçirir.
8.16. Kollektiv Sazişin icrasına nəzarəti Tərflərin müvafiq komissiyaları həyata keçirir və nəticələri ilin yekununa görə ümumi iclasda müzakirə edilir.
8.17. Kollektiv Sazişə əlavə və dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı əsasında daxil edilir.
8.18. Bu Sahə (tarif) Kollektiv Sazişi yeni Saziş bağlanılanadək qüvvədədir.
8.19. Tərəflər sosial-iqtisadi və əmək münasibətləri sahəsində yaranan kollektiv əmək mübahisələrinin (münaqişələrin) tənzimlənməsi üçün onlardan asılı olan bütün zəruri tədbirləri həyata keçirirlər.
8.20. Bu Sahə (tarif) Kollektiv Sazişi tərəflər imzaladığı gündən qüvvəyə minir və 2012-2014-cü  illər üçün bağlanmışdır.